525.Az

Ədəbi-bədii və ictimai fikir tariximizdə silinməz imza - Əbdül Rəhman Dai


 

Ədəbi-bədii və ictimai fikir tariximizdə silinməz imza - <b style="color:red">Əbdül Rəhman Dai</b>

(Əvvəli ötən sayımızda)

Ə.R.Dainin Cümhuriyyət dövrü yaradıcılığı daha məhsuldar olub, 23 ayda 3 kitabı işıq üzü görüb. Onun uşaqlar üçün yazdığı digər nəzm parçası “Qurunun oduna yaş da yanar” (1918) adlanır. Şair bu kitabında da epik mənzərənin poetik imkanlarını məsnəvi biçimində təqdim edib,  təhkiyə yolu ilə uşaqlar üçün oxunaqlı, didaktik əsər yarada bilib. Müəllif əsərin süjetində vurğulayır ki, bir kənddə iki uşaq yaşayır - Nəbi və Səfər. Onlardan birinci çox nadinc, ədəbsiz, ziyankar, ikincisi isə çox tərbiyəli, ədəbli və zəhmətsevər idi. Bir gün Səfər yol ilə evə gedərkən Nəbi onu saxlayır və bağa gəzməyə dəvət edir. Nəbinin ciddi təkidindən sonra Səfər təkliflə razılaşır və ona qoşulub bağa gedir. Nəbi özgəsinin bağına girib əncir, üzüm dərməyə, ziyanlıq vurmağa və ucadan qışqırmağa başlayır. Bağban səsi eşidib hadisə yerinə gəlir və hər iki uşağı tutub yaxşıca kötəkləyir. Səfər təlaş içərisində evə - anasının yanına gəlir, meyvələrə toxunmadığı halda bağbanın onu günahsız yerə kötəkləməsini xəbər verir:

Daxil oldu Səfər öz evlərinə,
Nəql edib macəranı madərinə.
Xəbər aldı anacan, bir de görək,
Mənə bağban nə üçün vurdu kötək?!
Mən ki, əncir və üzüm dərməmişəm,
Nəbitək həm də ziyan verməmişəm.

Ana isə Səfərə öyüd verərək deyir:

Çünki bağban səni də oğru bilib,
Onun üçün də kötək çoxlu vurub.
Getməsəydin Nəbilə bağa əgər,
Vurmaz idi səni bağban bu qədər.
Bir məsəl var ki, deyibdir atalar:
“Qurunun atəşinə yaş da yanar!”
(Ə. R.Dai. “Qurunun oduna yaş da yanar”. “Şura” mətbəəsi, 1918, s..7-8)

Özünə qarşı ədalətsizliklə, təhqirlə üzləşən Səfər macəranı anasına danışmaqla əslində valideyni tərəfindən müdafiə olunmaq, təsəlli almaq istəyir. Lakin ana hadisəyə bəsirət gözü ilə baxmağa üstünlük verir, Səfərin günahını Nəbiyə qoşulmasında görür. Ana öz doğma övladına anladır ki, oğruya yoldaş olmaq oğurluğa şərik çıxmağa bərabərdir.

Əbdül Rəhman Dai atalar sözünün, xalq hikmətinin məna dərinliyini, aktuallığını və əhəmiyyətini gündəmə gətirməklə uşaq və gənclərin tərbiyəsi sahəsində xalq yaradıcılığının tükənməz qaynaq olduğunu bir daha qabardıb.

Şairin Cümhuriyyət dövründə işıq üzü görən növbəti kitabı “Qanqal” (1919) satirik şeirlər toplusudur. “Molla Nəsrəddin” ədəbi məktəbinin satirik ənənələrinə sadiq qalan Dainin şeirlərində ictimai-siyasi, təlim-tərbiyə və ailə-məişət mövzuları mühüm yer tutur.

Onun siyasi motivdə yazdığı “Nikolay dayının usta Məmmədəli ilə molla Əbdül Həmidə yazdığı məktubu” adlı üçhissəli satirası ölkədə nüfuzunu və hakimiyyəti itirmiş üç rejim rəhbərlərinin sonrakı acı taleyindən bəhs olunan dövrün aktual felyeton incilərindən idi. Misralarında qəzəb, kin-küdurət kükrəyən satiranın ilk beytlərində deyilirdi:

Bilsəydim əgər ki,
məni taxtdan salacaqlar,
Vallahi bütün aləmi viran eləyərdim.
Güllə ilə, xəncərlə hamu məxluqu birdən,
Tez öldürərək qanına qəltan eləyərdim.
Qars əhli kimi sağ qalanı çöllərə, sonra,
Avarə salıb, ac-susuz, üryan eləyərdim.
Hamu şəhəri, kəndi iri bombalar ilə,
Yeksər dağıdıb, yer ilə yeksan eləyərdim.
(Ə. R. Dai. “Qanqal”. “Hökumət” mətbəəsi, 1919, s.2)

Satiranın sərlövhəsində adları çəkilən tiranların hər biri fərqli dövlətin, rejimin sabiq rəhbəri olsalar da xalqa münasibətdə eyni düşüncəni sərgiləyirlər. Qurmaq, yaratmaq, yaşatmaq əvəzinə “bütün aləmi viran”, şəhər və kəndləri “yer ilə yeksan”, insanları “qanına qəltan”, sağ qalan əhalini çöllərə “avarə salıb, ac-susuz, üryan elə”məyi Ə.R.Dai bu ağaların iş metodu, mənsub olduğu cəmiyyətə baxış tərzi kimi təqdim etmişdir. Onlar bir həqiqəti unutmuşlar ki, xalqı yaşatmayanı xalq yaşatmaz!

“Qanqal” toplusunda yer alan “Bir kişinin fəryadı”, “Cavanlara nəsihət”, “Ramazan sinəzəni”, “Yenə gəlir”, “Nəsihət”, “Ər-arvad”, “Öyüd”, “Qitə”, “Topbuz”, “Ordan-burdan” və b. satiralarında Ə.R.Dai “Molla Nəsrəddin” ideyalarına sadiq qaldığını, Sabir ənənələrinin layiqli davamçısı olduğunu təsdiqləmişdi.
Xalq Cümhuriyyəti dövründə Əbdül Rəhman Dainin istiqlal məfkurəsinə, milli dövlətçiliyə ən böyük xidmətlərindən biri onun “Əsgəri nəğmələr” adı ilə toplayıb 1919-cu ildə “Hökumət” mətbəəsində nəşr etdirdiyi ordu marşlarıdır. Doğrudur, burada çap olunan mətnlərin müəllifləri və yazıldığı tarix göstərilməyib. Lakin güman etmək olar ki, “Əsgəri nəğmələr”in müəyyən bir qismi Dainin qələminə məxsusdur. Şairin şeirləri ilə “nəğmələr” arasındakı üslub yaxınlığı belə qənaətə gəlməyə əsas verir.

“Azərbaycan əsgəri” adı ilə tanıdığımız məşhur mahnı mətni bu kitabda “Marş” adı ilə yer alıb. Məlumdur ki, Balaqardaş Səttaroğlunun tərtibilə 1919-cu ildə çap olunan “Ordu marşları”nda (Toplu 1993-cü ildə fil.ü.f.dok. Sədaqət Məmmədovanın transfoneliterasiyası ilə işıq üzü görmüşdür - A.R.) bu mətnin müəllifi türkiyəli şair Əli Kamidir. Hər iki əsgəri nəğmələr kitabında eyni şeir cüzi fərqlərlə çap olunub. “Əsgəri nəğmələr” (tərtibçi Ə.R.Dai) kitabında adı çəkilən marş mətninin təfiləsi “Qafqazın şanlı əsgəri”dirsə, “Ordu marşları”nda (tərtibçi B.Səttaroğlu) “Azərbaycan əsgəri”dir. Etiraf edilməlidir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuz tərəfindən sevilə-sevilə oxunan “Marş”ın mətnini Əli Kami Ağüz (1873-1945) yüksək vətənpərvərlik ruhu ilə qələmə alıb.

Böyük sənətkarlıqla yazılmış “Əsgəri nəğmələr”də vətənə, xalqa sədaqət andı, məhəbbət himni səsləndirilib, Azərbaycanın görkəmli sərkərdələri, hərbi xadimlərindən general Səməd bəy Mehmandarov, Həbib bəy Səlimov sevgi və sayğı ilə tərənnüm olunub. Əsgəri nəğmələrdən birində “Səməd paşa sərdarımız, qan axıdar xəncərimiz” misrasında komandanlıqla sıravi heyətin birliyindən yaranan gücə, qüdrətə inam ifadə olunursa, həmin şeirin digər bəndində:

Düşmənləri qəhr edəriz,
Yurdlarını məhv edəriz,
Aslan kimi cəng edəriz,
Biz bir tabor aslanlarız!
 
- deyən gənc döyüşçülərin özünə inamı, düşmənlərə nifrəti qabarıq ifadə edilib.
Topluda vətənpərvərlik hissləri, millətsevərlik duyğuları böyük yanğı və coşğu ilə verilib. “Marş”lardan birində yer almış “Canım fəda olsun Azərbaycana” misrasının mənəvi siqlətini, ideya-emosional yükünü “Əsgəri nəğmələr”in aparıcı leytmotivi adlandırsaq, zənnimcə, səhv etmərik.

Əbdül Rəhman Cümhuriyyət dövrü mətbuat orqanlarında çap etdirdiyi lirik şeirlərində də yurdsevərlik, dövlətçilik  duyğusu aşılayan mövzulara üstünlük verib. Məlumdur ki, 1920-ci ilin Novruz bayramı gecəsi Xankəndində və Əsgəranda erməni bandaları Azərbaycan ordusunun qışlalarına xaincəsinə soxularaq çoxsaylı zabit və əsgərlərimizi qətlə yetirmişdilər. Səməd bəy Mehmandarovun komandanlığı altında az bir müddətdə üsyan yatırılmış, Qarabağ erməni bandalarından azad edilmişdi. Həmin dövrdə Ə.R.Dainin döyüş meydanına yola düşən “Əsgərlərimizə” yazdığı şeir diqqətəlayiqdir:

Ey vətənin dilavər əsgərləri!
Ey vətənin aslanlanı, nərləri!
Şanlı, şücaətli, igid ərləri!
Tanrı sizə kömək olsun, yar olsun!

...Ey ucaya qaldıranlar bayrağı!
Hifz eyləyin bu müqəddəs torpağı!
Gedin, qovun, xainləri, alçağı!
Düşmənlərmiz vətəndən kənar olsun.
(Ə.R.Dai. “Əsgərimizə”.
“Azərbaycan” qəzetəsi, 1920,
28 mart, № 61)

Ə.R.Dainin “Azərbaycan” qəzetində çap etdirdiyi “Əsgəranın alınması münasibətilə” (7 aprel 1920-ci il), “Qaçqınlar” (5 aprel 1920-ci il), “Çalışmaq” (20 aprel 1920-ci il), “Bir yaralı əsgərin dilindən” (21 aprel 1920-ci il) və b. şeirlərində dövrün, zamanın ən aktual problemlərinə şair, ziyalı münasibəti bildirilir, vətənə və dövlətçiliyə sevgi, sədaqət hissi aşılanırdı.

Cümhuriyyətin süqutundan sonra Əbdül Rəhman Dai bir müddət işsiz qalır. Gizli “İstiqlal” qəzetindəki fəaliyyəti isə qoca ata-anasını dolandırmaq üçün yetərli deyildi. Onun “Kommunist”, “Gənc işçi”, “Maarif və mədəniyyət” və b. mətbuat orqanlarında çap etdirdiyi şeirləri, xalq yaradıcılığına dair araşdırma xarakterli, günümüzlə səsləşən məqalələri Dainin istedadlı və vətənpərvər bir aydın, yorulmaz qələm sahibi olduğunu təsdiqləyir. Dai bəzi lirik duyğularında narahatlığını dilə gətirir, sabahını görür, bədbinliyə qapılır. Keçirdiyi hissləri həmyaşıdları ilə bölüşməkdən çəkinmir. Onun “Maarif və mədəniyyət” jurnalında nəşr etdirdiyi “Bulunmaz” sərlövhəli lirik şeirində Sovet rejiminin amansızlığı, qəddarlığı üstüörtülü şəkildə olsa da vurğulanır, yaxınlaşan təhlükəöncəsi yaşanan çarəsizlik hissi büruzə verilir.

Məgər mənim dərdim birmi, ikimi?
Öylə dərddir onun yoxdur həkimi.
Sağaltmağa bilməm çağırım kimi,
Dərman bulunsa da loğman bulunmaz!

(Ə.R.Dai. “Bulunmaz”. “Maarif və mədəniyyət” jur., 1923, № 4-5, səh.50)
 Dai azadlıq və müstəqillik dərdinin dərmanını xalqda görürdü, arayırdı, millətin öz yarasına məlhəm tapacağına inanırdı. Lakin bu dərdin loğmanları, siyasi liderləri rejim tərəfindən ya qətlə yetirilmiş, ya da vətəndən didərgin salınmışdı. Xalqın yeni bir lider yetirməsi prosesi uzun çəkə bilər, onu gözləməyə lirik qəhrəmanın nə səbri, nə də ömrü yetişməz. Şair dərddən, istiladan xilas olmağın yeganə yolunu kiminsə, hansı loğmanınsa (M.Ə.Rəsulzadəninmi, Ə.M.Topçubaşovunmu-A.R.) vətənə çağrılmasında görürdü.
Əbdül Rəhman Dainin həbsdən əvvəl “Maarif və mədəniyyət” jurnalında çap etdirdiyi digər bir əsəri - “Qürbət ellərdə” adlı şeiri elə bil müəllifin düçar olacağı məşəqqətlərin öncədən qələmə alınmış ifadəsidir:

Çıxmaqdadır ərşə ahım, fəğanım,
Qəribəm, kimsəyə yoxdur gümanım.
Yurdsuzam, nə evim var, nə məkanım,
Məcnun kimi çöllərdə qalmışam mən.

Qürbətdə yaşamaq sanki zindandır,
Pəjmürdə halıma səbəb hicrandır.
Könlüm el tənəsindən dolu qandır,
Ah, nə edim, dillərdə qalmışam mən!
(Ə.R.Dai. “Qürbət ellərdə”. “Maarif və
mədəniyyət” jur., 1923, № 8-9, s.44)

Rəhman Əbdül Rəhman oğlu on üç il qürbətdə, Sovet rejiminin ölüm düşərgələrində, qapalı, soyuq zindanlarında ah-fəğan içərisində yaşadıqdan sonra 1937-ci ildə, 39 yaşında qırmızı terrorun qurbanı olub. Milli istiqlal poeziyamızın görkəmli nümayəndəsi, folklorşünas, mətbuat xadimi, Cümhuriyyət şairi Əbdül Rəhman Dai özündən sonra zəngin və sanballı ədəbi-bədii irs qoyub gedib. Onun mübarizələr, tufanlar içərisindən keçən ömür və yaradıcılıq yolu, milli istiqlal məfkurəsinə bəxş etdiyi dəyərli töhfələr çağdaş gəncliyimiz üçün qürur mənbəyi, mücadilə örnəyidir.

 





11.04.2015    çap et  çap et