525.Az

Həqiqət və Rəzalət - romandan parça


 

Həqiqət və Rəzalət - <b style="color:red">romandan parça</b>

Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik.

(Əvvəli ötən şənbə sayımızda)

O, xəyallanaraq, “həmin müqavilənin səbəbkarı kimi İran şahı ilə rus çarının qarşısında diz çöküb baş əyər və onların əlindən öpərdim”. Daxilən düşündü və nikbin əhvali­ruhiyyə ilə:

- Yeznə, bunu birinci dəfədir sizdən eşidirəm. Elə düz eləyib bizim düşmənləri ikiyə bölüblər. Müsəlmanlara o da azdır.

Solomon Betkerin də, həmsöhbətini məmnun etdiyi üçün kefi duruldu və:

- Səbr elə, fikrimi tamamlayım, sonrası daha maraqlıdır, - deyib əlavə etdi:

- Rusiyanın İrandakı səfiri Aleksandr Sergeyeviç Qriboyedevin başçılığı ilə əvvəlcədən hazırlanmış həmin müqavilənin bir maddəsində İranda yaşayan xristianların Rusiya ərazilərinə köçürülməsi məsələsi də nəzərdə tutulmuşdu. Həm də İran şahına tövsiyə olunmuşdu ki, onların köçürülməsinə mane yox, kömək etsin. Bu məsələnin həllini tezləşdirmək üçün Qafqaz cəbhəsinin baş komandanı İvan Fyodoroviç Paskeviç milliyyətcə erməni olan polkovnik Lazerevi tez­tələsik Təbrizə komendant təyin eləyib. Və İranda yaşayan ermənilərin Rusiya ərazilərinə köçürülməsini təşkil etmək üçün Lazerevə xeyli qızıl və gümüş pul verilib. Lakin İran erməniləri yurd­yuvalarını atıb Rusiya ərazisinə köçməkdən imtina edirdi. Onda Lazerev təbliğat maşınını işə salıb, erməniləri dilə tuturdu ki, İran sizin üçün əlverişli məkan deyil. Rusiya ərazisinə köçsəniz, orada xoşbəxt həyat taparsınız, firavan yaşayarsınız... Beləliklə, Lazerevin təkidi ilə üç ay yarım ərzində İrandan Rusiya ərazisinə 40 mindən çox erməni ailəsi köçürüldü. Lakin onlar ucsuz­bucaqsız rus torpaqlarına yox, Cənubi Qafqazın ərazisində məskunlaşdırıldı. Köçkünlərin əsas hissəsi Naxçıvan, Qarabağ, bir qismi də İrəvan xanlıqlarının ərazisində yerləşdirildi. Naxçıvanda torpaqlar az olduğu üçün oradakı ermənilərin də xeyli hissəsi Qarabağa göndərildi.

Andranik Poqosyanın gözləri işıqlandı və sevincini gizlətmədən:

- Yaxşı, yeznə, belə bir məlumatı hardan almısan? - həvəslə soruşdu.

Slomen Betker ona belə cavab verdi:

- Əvvəla, rus yazıçısı və jurnalisti Sergey Nikolayeviç Qlinkanın kitabında bu məsələ geniş və dəqiq şərh edilib. İstəsəniz, tapıb oxuya bilərsiniz. Səhv etmirəmsə, o kitab 1831­ci ildə Moskvada Şərq Dilləri İnstitutunun mətbəəsi tərəfindən nəşr olunub. Həmin yazıçı 1775­ci ildə anadan olub, 1847­ci ildə dünyasını dəyişib. Onun kitabı məndə vardı, tarixçi yoldaşlardan biri istədi, verdim. Sonra kitabı qaytarmağa üzüm gəlmədi, elə onda qaldı. Bundan əlavə tarixçi alimlərdən də bu barədə çox eşitmişəm. Düzdür, erməni alimləri də öz tarixləri barədə bir neçə əsər nəşr etdiriblər. Ancaq onların yazdıqları o qədər də inandırıcı deyil. Çünki faktların çoxunu öz milli, məkrli maraqlarına uyğun şəkildə saxtalaşdırıb və çoxlu təhriflərə yol veriblər. Rus tarixçilərinin yazdıqları nisbətən daha dəqiqdir. Hazırda Dağlıq Qarabağda və Naxçıvanda yaşayan ermənilərin əksəriyyəti, bayaq dediyim kimi, son vaxtlarda kənardan köçüb gələnlərdir. Məsələn, tanınmış rus tədqiqatçısı N.Şavrov hələ 1911­ci ildə yazmışdır ki, hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz, yəni ruslar köçürüb gətirmişik. Lakin erməni alimləri əllaməlik edib, bunu başqa cür yozurlar. Guya ki, bu ərazilər, hətta azərbaycanlıların yaşadığı dədə­baba torpaqlarının çoxu belə tarixən onlara məxsusdur. Əlbəttə, bu, cəfəng fikirdir. Məsələn, erməni tarixçisi Aşot Osipoviç Artunyan Andranik Ozanyanın tərifini göylərə qaldırıb və kitabında göstərir ki, o, humanist, alicənab sərkərdə olub. Eyni zamanda Andranik Ozanyanın 1924­cü ildə Amerikada dərc etdirdiyi “Qafqaz cəbhəsi” gündəliyindən misal gətirir. Həmin gündəliyə görə Andranik Ozanyan 1915­ci ilin aprelində Türkiyənin Dalaman ətrafındakı bir kəndində 700 nəfər günahsız insanı amansızcasına qətlə yetirib. Tarixçi yoldaşlardan biri mənə danışıb ki, o vaxtlar Andranik Ozanyan müsəlmanlara qarşı misli görünməmiş cinayətlər törədib. İş o yerə çatıb ki, Altıncı Qafqaz korpusunun komandiri, general­mayor Dmitri Konstantinoviç Avatsiyev Baş Qərargaha raport yazıb ki, Andranik Torosoviç Ozanyan müsəlmanlara qəddarcasına divan tutur, şəhər və kəndləri qırıb­talayır, dinc əhalini qocalı­cavanlı qətlə yetirir...

Solomon Betker əsəbiləşən kimi oldu və:

- Ay mənim əzizim, təəssüf ki, sizin erməni millətinin içərisində belələri çoxdu, - dedi. - Çeburdanidzenin sizə dediyi kimi, əgər Mağalyan adlı dələduz bir erməni amerikanları aldadıb, təkcə Azərbaycanda yox, bütün dünyada dahi bəstəkar kimi məşhur olan Üzeyir Hacıbəyovun “Arşın mal alan” komediyasını öz adına çıxırsa, erməni alimlərinin “Azərbaycan torpaqları tarixən bizim olub” - deməsinə təəccüblənmək lazım deyil. Buna sadəcə olaraq, gülmək lazımdır. Gərək tarixçi tarixi özünə güldürməsin. Onu da düşünürəm ki, bu gün­sabah Silvadan uşaqlarımız olacaq. Ermənilərin ünvanına xoşagəlməz sözlər deyiləndə bundan mənim övladım xəcalət çəkəcək. Bütün bunlara baxmayaraq, qohum olandan sonra mən də, övladlarım da mütləq ermənilərin təəssübünü çəkməliyik, başqa cür ola da bilməz.

Solomon Betker ikrahla başını buladı və onun baxışlarında acı bir istehza dolaşdı. Dərin fikrə gedən qayınatasına yarızarafatla:

- Baax, belə­belə işlər, mənim sevimli Silvamın atası, hörmətli qayınatam, - dedi. - Gördüm, bu hadisələrdən hali deyilsən. Ona görə uzun­uzadı danışıb sizi yorsam da, istəyirəm, məsələnin əsl kökünü biləsiniz.

Andranik Poqosyan yeznəsinin fikrini təkzib etməyə söz tapmadığı üçün dillənmədi. Solomon Betker sifətini turşudaraq:

- Yəqin ki, o “əclaf” dediyiniz gürcü alim işlədiyi arxivin sənədlərindən bunları dəqiq bildiyi üçün adını daşıdığınız Andranik Torosoviç Ozanyanın şərəfinə badə qaldırmağı özünə rəva bilməyib. Ondan zəhləniz getsə də, görünür, Eduard Çeburdanidze özünə­sözünə hörmət eləyən, ləyaqətli adamdır. Siz də nahaq yerə onun sözlərindən əsəbləşmisiniz. O cür prinsipial adamlardan mənim də xoşum gəlir. Bir də ki, çalışın tanımadığınız­bilmədiyiniz adamların yanında Andranik Ozanyan barədə söhbət salmayın. Axı, köhnə palan içi tökməyin nə mənası var?!

Solomon Betkerin dodağı qaçdı. O gülümsəyərək:

- Andranik torosoviçlərə, paskeviçlərə, qriboyedevlərə, lazerevlərə... minnətdar olun ki, Qafqazda, xüsusən müsəlman torpaqlarında siz ermənilərə geniş meydan verilib. Atınızı sağa da çapırsınız, sola da. Nə qədər ki, onların xələfləri yaşayır, sizə zaval yoxdur. Bundan əlavə Amerikadan, Fransadan belə bütün erməni lobbisi də arxanızdadır. Ancaq düşünürəm ki, tarixi baxımdan tutduğunuz bu yolda sizi heç də yaxşı aqibət gözləmir. Çalışın, özünüz özünüzə güvənin. Güclülərin qoltuğuna qısılıb başqalarına dirsək göstərməyin axırı yoxdur. Ermənilər tarixən başqalarının əlində alətə çevrilib, Qafqazın ab­havasını korlamaqla öyünürlərsə, buna ancaq istehza etmək olar. Erməni millətçiləri bir vaxt ayılıb başa düşəcəklər ki, türklərə, xüsusilə azərbaycanlılara qazdıqları quyuya özləri düşüb. Bunu mən yox, yaşadığımız və yaşayacağımız tarix deyir.

Ortalığa ağır sükut çökdü. Solomon Betker nə demək istəyirdisə, Silva otağın qapısını açıb içəri daxil oldu. Silvanın naz­qəmzə ilə Solomon Betkerlə yanaşı oturması söhbətin istiqamətini dəyişdi. Onlar xoş əhvaliruhiyyə ilə danışıb şənləndilər. Andranik üzə vurmasa da, Solomon Betkerin bayaq dediklərindən sonra ovqatı təlx olmuşdu. Bunu hiss edən Solomon Betker qayınatasının könlünü alıb onda xoş ovqat yaratmaq üçün nə qədər məzəli sözlər danışsa da, Andranik Poqosyanın qaşqabağı açılmırdı. Eduard Çeburdanidzenin, Solomon Betkerin dedikləri barədə düşünüb dərin fikrə getmişdi. Onun xəyal dünyasında gözünə İrəvan məliklərinin yürütdüyü millətçilik siyasətinin girovuna çevrilməkdən bezmiş ucubucağı görünməyən erməni köçü görünürdü. Onlar illərdən bəri işlətdikləri bəd əməllərin ucbatından tez­gec üzləşəcəkləri faciəni anlayıb, məskunlaşdıqları torpaqları, yurd­yuvalarını atıb müxtəlif xarici ölkələrə üz tutmuşdular. Eduard Çeburdanidzenin, Solomon Betkerin sözlərindən sonra gözlərinə qatı duman çökən Andranik Poqosyan, xaraba qalan erməni şəhər  və kəndlərini göz önünə gətirib vahimələnir və Hayastan dağlarını duman­çən almamış sanki özü də o köçə qoşulub hara isə baş alıb getmək istəyirdi.

lll

Andranikin Solomon Betkerin dəm-dəsgahlı evində günü xoş keçirdi. Ondan olsaydı, yeznəsinin evində aylarla qalardı. Ancaq  bazar günü yola düşmək qərarına gəldi.  “MoskvaYerevan” qatarına əyləşib yola düşdü. O, arxası üstə uzanıb,  Moskva səfəri barədə təəssüratını xatırladı. “Silva ağıllı iş görüb. Cibində siçan oynayan gədə­güdələrdənsə, Betker kimi yaşlısı yaxşıdır. Bir də ki, cavana gedən yumruq yeyər, qocaya gedən quyruq. Həm də yəhudilərin hər yerdə sözü keçir. Betker kimi məşhur bir alim bizə lazımdır. Harda olsa, ermənilərin tərəfini saxlayacaq. Ondan olanlar da əmdiyi südə çəkəcək, ermənilərin sözünü deyəcək. Qoy bizim hər yerdə, dünyanın bütün ölkələrində təəssübkeşlərimiz olsun. Eh Silva! Silva! Mənim ağıllı­kamallı qızım! Doğrudan da atana çəkmisən. Ata-babaların kimi uzaqgörənsən. Biz azsaylı xalqıq. Lakin dünyanın əksər dövlətlərinin başında duranların cilovu əlimizdədir. Gündoğandan günbatana hər yerdə erməni barmağı var, bizə zaval yoxdur. İndən belə mənim Silvam barmağını hara tutsa, Betker üzünü ora çevirməlidir”.

Andranik düşüncələr aləmində yuxuya getdi. Hərdənbir Eduard Çeburdanidzenin, tikanlı sözlərini xatırlayıb sayıqlayırdı:

- Ara, Eduard! Eduard! Yalvarıram! Yalvarıram! Burada mənə dediklərini başqa yerdə açıb­ağartma! Danışsan, xaç sənə qənim olsun. Ey Eduard! Eduard! Bəyənmədiyin o müqəddəs ada ləkə yaxma. Dinimiz sənə qənim olar. Andranik, Nijdeh, Dro, Mikoyan, Şaumyan fəxrimizdir. Onlara qara yaxma. Sən gürcü yox, əclafın əclafısan. O kim ki, səni vəzifədən qovub, onun başına dönüm! Əlacım olsa, o müsəlmanlar kimi sən Eduard Çeburdanidzenin də başını bədənindən üzərəm.

Kupenin qapısı tıqqıldadı. Dəmiryolçu qiyafəsində olan və saçları oğlansayağı qısaldılmış gonbul qadının kal səsi eşidildi:

- Vətəndaşlar, tələsin! Çatmışıq! Artıq Yerevandır.

- Sən əclafsan! Səndə xaçpərəst qanı yoxdur! Eduard! Eduard! Yəqin bir gün əlimə düşərsən! Onda hesablaşarıq. Başını müsəlman başı kimi əzməsəm, anamın südü mənə haram olsun...

- Vətəndaş, nə Eduard, nə Çeburdanidze? Kimin başını əzirsən? Artıq Yerevandır, şəhərə çatmışıq! - Vaqon bələdçisi hələ də sayıqlayan sərnişini təkrar-təkrar xəbərdar edib, növbəti kupeyə keçdi. İstidən qan­tərə batmış Andranik - Ha!.. Ha!.. - deyib hövlnak yuxudan ayıldı. Onu xəbərdar edən Eduard Çeburdanidze yox, bələdçi qadın idi.

Andranik tər basmış dolu sifətini kupenin əl­üz dəsmalı ilə silib, yerindən dikəldi. Tələsik yır­yığış etməyə başladı...

 





13.04.2015    çap et  çap et