525.Az

Şair Xəyal Rzanın doğum gününə


 

Şair Xəyal Rzanın doğum gününə<b style="color:red"></b>

Mənimçün, Yaradanın insana verəcəyi ən böyük hədiyyə  - şairlikdir! Şairlik - insanın ruhi vəziyyətidir. Yazılasını yazmayanda özünə yer tapmırsan, yazandan sonra - yağışdan sonra torpağın yanğısı sönüb təravətlənən kimi, sənin də ürəyinin yanğısı sönür. Qəlbində bahar çiçəkləyir...

Belə istedadlardan biri - ədəbiyyatda “oğlum”, həyatda “dostum”  dediyim dəyərli qələm sahibi, sadə insan - şair, publisist Xəyal Rzadır!

Dünyada yeganə sevdiyim, sevdirmək istədiyim, yolunda hər şeydən imtina edə biləcəyim və hər şeyimdən keçə biləcəyim təkrarolunmaz, ədəbiliyinə əmin olduğum bir ucalıq var ki, o da ƏDƏBİYYATdır!Bu kəlmələri kimsə pafosla deyilmiş gəlişigözəl sözlər hesab edə bilər. Etsin! Bu, yalnız onun saxtalığının isbatı olar.

Rus şairi Yevgeni Reyn deyir ki, xalqın yenilməz bayrağı - onun ədəbiyyatıdır!

“Mən Türkəm, Türk oğluyam,
Qanım Türkün qanıdır!
Ürəyim Türk ürəyi,
Biləyim Türk biləyi,

Canım Türkün canıdır!” - deyən Xəyal Rza da, o bayrağı uca tuta biləcək, onun müqəddəsliyini hər kəsə isbatlayacaq ədəbiyyat adamlarındandır.

Bəlkə də kimsə onu soyuqqanlı, təkəbbürlü biri kimi tanıyır. İnandırıram ki, yanılır. Hərdən soyuq və qürrəli görünən bu insanın qəlbində, kəm bir sözdən yaralanıb kövrələ bilən, uşaq gizlənir.

Hər kəsə məlum olan bir həqiqət var ki, körpələrə, qocalara və zavallı heyvanlara olan şəfqət - insanlığın birinci sübutudur. Mən də öz dostumu ilk günlərdən belə bir insan kimi tanımışam.Onun yetimxanalara və qocalar evinə dəfələrlə yardım etdiyini bilirəm. Maşınında sahibsiz pişik balaları üçün xüsusi yem alıb gəzdirdiyini də görmüşəm. Xəstə bir heyvanın ölümünə gözlərinin dolduğunun da şahidi olmuşam.

Xəyal Rza Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi təyin olunduqdan sonra tez bir müddətdə Birliyin ayb.az saytı olduqca fəal nəzərə çarpmağa başladı. Bilmirəm, fərqinə varan oldumu, amma saytın səhifəsində tam bir il, keçmiş mətbuat katibi mərhum Ədalət Əsgəroğlunun şəkli durdu. İndiki özünüreklam və eqoizm zamanında bu davranış - insanpərvərlik və dostcanlılıq demək idi. Bu, böyük bir qəlbdən gələn təbiilik idi, kimsədən “sağ ol” gözləmədən...

Amma onu da deyim ki, heç kimin xətrinə dəyməyi sevməyən Xəyal Rza, dostları üçün açıq kitab olsa da, ədəbiyyata biganə yanaşanlar üçün keçilməz qayadır. Mən onun ədəbiyyat sevgisinin vurğunuyam. Xəyalın bu sevgi uğrunda nə fədakarlıqlar etdiyini bilirəm. 

Bəzən, bizimkilərin yersiz adama yersiz tərifi üz qızardır, tənqid isə çox zaman kimisə ruhdan salmaq, gözdən düşürmək, irəli gedənə həsəd aparmaq məqsədi güdür. Dostun səhvini üzünə vurmamaq, pisini gizlətmək, birləşmələr, qruplaşmalar və başqa ürəkağrıdıcı hallar var...  Yolunun üstə duranı, istedadlı da olsa, görməzlikdən gəlmək var. Xəyal isə tam başqadır. Onun tənqidində qərəz olmur. Bəyəndiyinə qısqanclıq hissi duymur, bəyənmədiyini isə heç zaman tərifləmir. Qruplaşmadan, kütlələşmədən uzaqdır. Bir yandan yüzlərlə dostu-tanışı olan, bir yandan isə özlüyündə təklənən biridir - təkliyində möhkəmlənən, mükəmməlləşən.

İndi elə bir dövrdür ki, düşünənlərin yerini düşünənləri müzakirə edənlər tutub. Düzdür, müasir ədəbiyyatda yaxşı, oxunaqlı, mənalı və dəyərli yazılar çoxdur. Mənasız, dəyərsiz, heç kimə lazım olmayan, oxucunun zövqünü xarab edən, müasir oxucu kütləsini şikəst edən yazılarsa ondan da çoxdur. Lakin yenə də, hər şeyə rəğmən, gözəl yazan gənclərimiz var. Hər biri, zamanla, gələcəyin ünlü şairləri, nəsr ustaları olacaq yüksək potensiala malikdirlər. Bəzilərinin kitablarımı yoxdur? Çox yaxşı məlumdur ki, kitab məsələsi indi ancaq və ancaq maddi durumla bağlı problemə çevrilib. Pulu olan hər bir adam bərbad yazılarını toplum halına sala bilir, elə gözəl yazılar da olur ki, maddiyyat üzündən yığcam vəziyyətə gələ bilmir. Xəyal Rza bu yolda da gənclərə öz yardımını əsirgəmir, onları ruhlandırır.

Azərbaycanda Şairlər Günü kimi təntənəli və ildən-ilə daha gözəl qeyd olunan bir bayramın adı Xəyal Rzanın fəaliyyəti ilə bağlıdır.

İlk dəfə 2011-ci ilin iyun ayının 5-də (Mikayıl Müşfiqin doğum günündə) bir neçə şairin və ədəbiyyatsevərlərin əhatəsində qeyd etmişdik bu bayramı. 2014-cü ildə isə Muğam Mərkəzində, yüzlərə yazarın, ədəbiyyatşünasın, jurnalistin və eləcə də Azərbaycan ziyalısının iştirakı ilə keçirildi bu əziz gün. Bir çox şairə Müşfiq mükafatı təqdim olundu...

İlk dəfə “Ugurun olum!” şeirilə tanıdığım Xəyal Rza! Sən çox xoşbəxtsən, çünki iti qələmin, susmayan ilhamın, ciddiyyətin, həm də səmimiyyətin var! Yüksək amalın, böyük arzuların var və... səni çox sevən iki şair anan var. Elə bu sarıdan, mən də xoşbəxtəm, çünki belə bir şərəfli insan məni öz anası kimi dəyərləndirir.

Şairə Tamaşa Xəyalinin şair oğlu! Doğum günün mübarək! Qoy bu mürəkkəb və təlatümlü dünyada Ədəbiyyat sənin uğurun olsun!

Moskva

 





13.04.2015    çap et  çap et