525.Az

“Qəliz məsələ”


 

“Qəliz məsələ”<b style="color:red"></b>

Qəliz məsələlərdən uzaq durmaq istəsən də, amma elə məsələ var ki, sən ondan ha qaçsan da, hər an böyür-başındadır, hər an rastına çıxır, hər an nələrisə görür və eşidirsən. Demək məsələ artıq qəlizləşib.

Adətən qəliz məsələ deyəndə yadıma şübhəsiz ki, məşhur “Bəyin oğurlanması” filmindəki obrazlardan birinin səsləndirdiyi sözlər düşür: “Bu toy ki var, qəliz məsələdir. Toyda neyniyərlər? Oynayarlar. Oynayın də!”...

Bəli, müdrik qadınlarımız demişkən “toyunku oynamaqdı, yasınkı ağlamaq”. Məsələnin qəlizliyi də elə bu toyda oynamaqdır. Oynamaq deyən kimi də toyda qız-gəlinin oynaması, halay çəkməsi göz önünə gəlir. Bu barədə çox sözlər, çox deyimlər var:

“Adını demirəm eldən ayıbdır,
Filankəsin qızı filan oynasın”.

və yaxud “oyna, ay xalam qızı”, “qadınlar gündə toy səsi eşitsə, nərdivan axtaracaqlar” və qız-gəlinlərin, qadınların oynaması ilə bağlı başqa neçə-neçə “müdrik” kəlam tapa bilərik.

Amma yaşadığımız bu dünyada çox şeylər tərsinə dövr etdikcə bu kəlamlar da öz ilkin anlamını itirməyə başlayıb.

Mən daha çox rayon toylarından danışıram. İndi “qadınların ağlı topuğundadır, bunların beyni quş beyni kimidir” -deyən bəzi kişilərin uydurduğu bu “müdrik aforizmlər” artıq bumeranq kimi özlərinə qayıtmaqdadır.

İndi toylarda daha çox kişilər, oğlanlar ortadan çıxmır.

Əlbəttə, əcəb eləyib oynayırlar, toyunku oynamaqdı. Amma əndazəni, ölçünü saxlamaqla. Suyu da çox içsən, dərd verər, çox gülmək də, çox ağlamaq da, çox yemək, çox danışmaq da pis vərdişlər sırasındadır. O cümlədən, çox oynamaq da. Üstəlik bu oynamağın ucunda hələ ölüm varsa, “kəsilmiş, deşilmiş” yaralar varsa. Onda bir az ağır olmaq olmazmı, bəylər?!

Əgər toylarda “zakaz” üstündə ölən varsa, əgər “zakaz” üstündə tamada öldürülürsə, əgər oynamaq ucbatından bəy şikəst qalıbsa, bəyin qardaşı öldürülübsə. Bu yaxınlarda rayonumuzdakı bir qaçqın ailəsinin ən yaxşı oğlu (anası deyir ki, balalarımın ən yaxşısı idi) toy davasında öldürülüb. Birisi bəyi restorandan bayıra çağırıb bıçaqlayırsa, bu yazı mütləq yazılmalı idi.

Toyda da sanki oynayanlardan zövq alırsan. Haradan? Düşük rəqslərdən çox zaman toyu yarımçıq tərk edirik.

Tamada bir dəstə gənci - bəyin dostlarını çağırır ortaya. Bununla da toyun sonu gəlir. Bir dəstə caydaq oğlan düşür ortaya, manatlar bir-birinə calanır və “zakaz”lar bitib-tükənmir. Əvvəl “Azərbaycan təranələri”, sonra “İran təranələri”, “Şınıx təranələri”, ardınca “Kaymakanın qızları”, sonra “Yanıq Kərəmi” (?), sonra bəyin dostları. Əgər bəyin Bakıdan dostu gəlibsə, mütləq “Bakılı balasıyam”...ən...ən axırda da “Tərtərin oğlanları” - burada Tərtərin yerinə istədiyiniz rayonun adını yaza bilərsiniz. Orasını da deyim ki, bunlar daha çox qız toyunda baş verir.

Bu yaxınlarda qonşunun övladının toyu idi. Ortadan çıxmayan bu caydaq, dar düdəmə şalvarlı oğlanlar heç kəsə macal vermədilər. Qonşular da, bəyin anasının iş yoldaşları da toydan küsüb getdilər.

Allah sənə rəhmət eləsin Üzeyir bəyə! Məşədi İbadın nişan mərasimini xatırlayırsızmı? Dava-mərəkə düşdü. Biz bu nişandanmı öyrəndik dava salmağı? Əlbəttə yox! Üzeyir bəy böyük tərbiyəçi, maarifçi biri idi. Elə həmin filmdə C.Məmmədquluzadə Sabirə deyir ki, Mirzə ha yazırıq, yenə də tərbiyələndirə bilmirik. Düzəlmirlər ki, düzəlmirlər.

Əli bəy Hüseynzadə də yeni nəsil gənclər yetişdirməyi tövsiyə edirdi:

Ucundadır dilimin həqiqətin böyüyü,
Nə qoydular deyəyim, nə kəsdilər dilimi.
Ayıltmadı qələmin şu türk ilə əcəmi,
Nə qoydular yazayım, nə qırdılar qələmi.

Həmişə təşvişə yas mərasimlərinin maddi tərəfini müzakirəyə çıxarırlar, israfçılıqdan danışırlar. Bəs mənəvi israfçılıq və bundan törəyən ağır və acı nəticələr?

İndi çox adam toy etmədən əvvəl ağır seyid ocağına qurban deyir ki, toyu salamat başa vursunlar. Qanqaraçılıq olmasın. Qanqaraçılıq demişkən, çox əvvəllər Bakı kəndlərinin birindəki  toylardan birisi danışır ki, dünən qərdeşlərdən birinin toyu idi, yerin məlum, əla toy idi, necə lazımdı. Amma axırda bir balaca qanqaraçılıq oldu. Nə oldu? Bəyi öldürdülər. Yoxsa toy əla idi.

Oxuculardan tənbəllik edən olmasaydı, öyrənərdi ki, görsün son 10-15 ildə toylarda nə qədər adam öldürülüb?

M.Ə. Sabirin aforizmə bənzəyən misraları var:

Kişi ağladıqca qeyrətsiz olur,
Necə ki, ağladı İran oldu.

Bəs kişi oynadıqca nələr olur? Kişi oynadıqca, nələr baş verdiyini yazdım. Yəqin bu yazını oxuyanların çoxu deyəcək ki, toylara embarqo qoyan az idi, sən haradan çıxdın? Elə mən də toydan çıxdım və bunları yazdım.

 





13.04.2015    çap et  çap et