525.Az

Millət vəkili: “Bu bütövlükdə Azərbaycan xalqının iradəsinin ifadəsidir”


 

Millət vəkili: “Bu bütövlükdə Azərbaycan xalqının iradəsinin ifadəsidir”<b style="color:red"></b>

“Azərbaycan dövləti və xalqı çox məsuliyyətli, önəmli bir dövrə qədər qoyur-qarşıdan növbəti prezident seçkiləri gəlir. Bu seçkilərin Avropa dəyərlərinə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütövlükdə bir cəmiyyət olaraq üzərimizə böyük vəzifə düşür və hər birimiz bu prosesə öz töhfəmizi verməyə çalışmalıyıq”

. Bunu 525.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, professor Sahibə Qafarova dilə gətirib.  Millət vəkilinin qeyd etdiyinə, Azərbaycanda xüsusilə, 1993-cü ildən bu yana keçirilən seçkilər özünün demokratikliyi və şəffaflığı ilə seçilib, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.


S.Qafarova onu da qeyd edib ki, ötən illər ərzində Azərbaycanın seçki qanunvericiliyi dünya standartlarına, bir sıra beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərdən irəli gələrək, müasir dövrün reallıqlarına uyğunlaşdırılıb, təkmilləşdirilib, artıq ölkəmizdə möhkəm seçki ənənəsi formalaşmaqdadır.  Millət vəkili eyni zamanda deyib ki, qanunvericilik mütəhərrik bir prosesdir və qanunlar, xüsusilə də, seçki qanunvericiliyi üzərində təkmilləşdirmələr davamlı xarakter daşıyır və daşımalıdır: 

“Heç də təsadüfi deyil ki, Azərbaycanda keçirilən seçkilər və seçki qanunvericiliyinin təkmilləşdirilməsi prosesi sonradan nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən demokratiyaya doğru növbəti bir addım kimi dəyərləndirilib. Bu baxımdan qəti şəkildə inanıram ki, qarşıdan gələn prezident seçkiləri də Azərbaycanın azad, sivil dünyaya inteqrasiyası, demokratik dəyərlərin inkişafı və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi baxımından növbəti mütərəqqi mərhələni təşkil edəcək.  Hər kəs də kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bu məsələdə öz məsuliyyətini hiss edəcək və bu prosesdə üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışacaq”.
S.Qafarova bununla yanaşı, maraqlı dairələr tərəfindən  bütün spekulyasiya cəhdlərinə baxmayaraq, hakim partiyanın və iqtidar komandasının seçkilərə monolit qüvvə kimi vahid namizədlə gedəcəyini də qəti əminliklə vurğulayıb.


“Partiyamızın budəfəki seçkilərdə də vahid və yeganə namizədi YAP sədri, ölkə Prezidenti İlham Əliyev cənabları olacaq. Bu, təkcə Yeni Azərbaycan Partiyasının 600 min nəfərə yaxın üzvünün deyil, bütövlükdə Azərbaycan xalqının arzusu və iradəsinin ifadəsidir. Eyni zamanda, təbii ki, biz Yeni Azərbaycan Partiyasının üzvləri kimi hər birimiz partiyamızın Sədrinin seçkilərdə yenidən qələbə qazanması üçün əlimizdən gələni əsirgəməyəcəyik”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.
K.Həmidov

 





06.12.2012    çap et  çap et