525.Az

Saxta bilet satışı ilə məşğul olanlara cəza tətbiq olunur


 

Saxta bilet satışı ilə məşğul olanlara cəza tətbiq olunur<b style="color:red"></b> Azərbaycanda keçiriləcək kütləvi beynəlxalq idman yarışları zamanı saxta bilet satışı, o cümlədən tədbirin keçirilməsinə mane olma ilə bağlı yeni cəzalar tətbiq olunur.
 
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 224-1 və 298-1 maddələrinin əlavə olunması müzakirəyə çıxarılıb.
 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, əlavələr ölkədə keçirilən beynəlxalq idman yarışlarında, o cümlədən qarşıdan gələn I Avropa Oyunlarında təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.
 
224-1-ci maddəyə görə, kütləvi idman tədbirləri və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 5 min manat cərimələnəcəklər.
 
Maddədə o da göstərilir ki, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2 min manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər cərimələnəcəklər.
 
Maddə 298-1-də isə deyilir ki, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni:
 
- bədən tərbiyəsi - idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” qanuna görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına;
 
- bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə;
 
Fiziki şəxslərin 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslərin 2 min manat, hüquqi şəxslərin isə 5 min manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
 





14.04.2015    çap et  çap et