525.Az

Magik realizm, yoxsa əfsunlu gerçəklik?


 

Magik realizm, <b style="color:red">yoxsa əfsunlu gerçəklik?</b>

Ədəbiyyatşünaslığımızda az-az səslənməkdə olan magik realizm termininin mənşəyi və dilimizdə necə işlənməsi haqqında danışmaq istərdim.
 
Dünya terminologiyasında "magik" termini qədim latın və ya yunan dilindən gəlmə söz kimi istifadə edilir.

Əlbəttə ki, "magik" sözü magiya-maq sözü ilə eyni mənşəlidir. Magik ifadəsi termin olaraq Avropada yaransa da, magiya sözünün yaranma tarixi və işlənmə arenası daha qədimə gedir. Onun üçün də "magik" termininin magiya, maq, mug terminlərindən yarandığını qəbul edərək sonuncuların mənşəyindən başlaya bilərik. Anlamı dini dünyagörüşdür. Bu barədə Q.Qeybullayev yazır ki, "magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında"magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gündə işlənməkdə, maqların adını yaşatmaqdadır".

Bu gün magik realizmin anlamı da qədim türk dilindəki anlam ilə eynidir. Sehrli, əfsunlu ədəbiyyat.

Təsadüfi deyil ki, Türkiyə ədəbiyyatşünaslığında magik realizm sözünü "Büyülü gerçəklik" termini ilə əvəz etmişlər.  Büyü sözünün də etimolojisini araşdıran Dəniz Qaraqurdun fikrincə, "Bağı - türk və altay mifologiyasında sehr, cadu, əfsun deməkdir. "Bayı" olaraq da deyirlər. Bağıçı, Bağışı sözləri sehrbaz mənasını verir.

"Azərbaycan tarixində maqlar böyük rol oynamışlar. E.ə. 521-ci ildə fars hakimiyyətinə qarşı Qaumatın üsyanı və Babəkin başçılığı ilə ərəb işğalçılarına qarşı uzun müddətli mübarizə" aparan xürrəmilərin, bəzi mənbələrdə,  maqlar olması göstərilir; məsələn, İbn Əl-Əsir yazır ki, xürrəmilər Məcus, yəni Maq tayfasının bir dəstəsidir (Nəfisi S. Babək. Bakı, 1990;  http://az.wikipedia.org/wiki/Maqlar).

Azərbaycan magik realizminin banilərindən olan İsa Muğannanın Bağ Ata ifadəsini xatırlamaya bilmərik. Dünyanın yaradıcısının, bizim Tanrı adını verdiyimiz gözəgörünməz qüvvəni İsa Muğanna "İdeal" əsərindən başlayaraq Bağ Ata adlandırdı. Sözsüz ki, müəllif gözəgörünməz qüvvəni "Bağ Ata" adlandırarkən təsadüfi və ya mənası xoş olan söz kimi seçməmişdir:

"Həmən birinci əsrdən  başlayaraq,  ta səkkizinci əsrin  axırına  qədər  Ulu Bağ "atəşgah"larda "Muğanna",  "Mağ Mağan" (Mağlar Mağı) adları altında gizlənib".

Bu gün dilimizdə "bağ" sözünün ifadə etdiyi mənaya diqqət etsək, nəyisə nəyəsə bağlamaq anlamını görərik. Hətta "filankəs filankəsin dilini-ağzını bağladı", yəni ofsunladı, sehrlədi. Vikipediyada "Bağ" və "maq" sözü ilə bağlı, qısa da olsa, gərəkli bir fikir yerləşdirilib.  "Bağ" sözü Anadoluda "Büyü" halına çevrilmişdir. Bağlamaq sözü ilə də əlaqədardır. Məsələn, "ağzını-dilini bağlamaq"... Bağ sözünün düyün mənası da vardır ki, əvvəllər ovsunlar düyünlər ilə edilib. Baxmaq (fal baxmaq) sözüylə də əlaqəlidir. Anadoluda "Bağnaz" (fanatik) sözü də bir şeyə bağlanmış mənasını verər və "bağlanmış (ovsunlanmış)" deməkdir. Bağ kökü tunguscada ağlıq ifadə edər. Bağ-Mağ kökü bir çox dildə sehrlə əlaqəli mənaları olan sözləri yaradır. Cəlal Bəydiliyə görə, Maqus-Magus (sehr) sözü Bağ-Mağ kökü (və Bağı sözü) ilə əlaqəlidir. (Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi (türk). Baxşi sözü də bu kökdən törəmişdir. Baqı-Bakı-Baxı isə fal deməkdir.

Slavyan dillərində, "boğ", "bog", "boh" və "bug" şəkillərində rast gəlinən və ilk mənası "bogat" sözü ilə əlaqələndirilərək türklərlə təmas halında olmuş Şərq Avropa dillərində rast gəlinir. Miladdan əvvəlki əsrlərə aid Ön Asiya yazılarında bilinən ən ulu ilahi varlığın adı "Bag-Maştu" şəklindədir. Urartuda isə belə bir ilahi varlığın yoldaşı da yenə "Bag" sözündən ortaya çıxmış adla "Bag-Bartu"şəklində xatırlanır.

Türk xalqlarının ənənəvi görüşlərində "Bag-Mag" (Bay-May) kökündə çox sayda mifoloji varlıq, ruh və təbii obyektlərin adları mövcuddur. "Mag" (Magiya) anlayışının kökü də "Bag-Mag" təməlinə əsaslanır.

Ədəbiyyatşünaslığımızda mahiyyət etibarı ilə hələ şifahi xalq ədəbiyyatında özünü göstərən "magik" termini magik realizm olaraq son zamanlar gəlib, bəlkə də, Markesin əsərlərinin dilimizə tərcüməsindən sonra bu ifadə bizə məlum olub. Bunun üçün də bu ifadənin dilimizdə necə işlənməsi adamı düşündürməyə bilmir. Ədəbiyyatşünaslığımızın rus ədəbiyyatşünaslığı ilə ruhən bağlılığı danılmaz və inkarolunmaz faktdır.

Rus dili dünya terminologiyasını adətən olduğu kimi qəbul edir. Lakin 1930-cu illərdən türk dilində rəsmi olaraq terminlərin belə türkcəyə uyğunlaşdırılması prosesi başlandığından indi də dünya ədəbiyyatında istifadə olunun terminlərin türkcəyə çevrilməsi prosesi gedir.
 
Azərbaycan dilində isə XX əsrin əvvəllərində başlanan bu ənənə Sovet hökuməti dövründə səngisə də, 60-cı illərdə yenidən dirçələn özləşmə meyilləri müstəqillik qazandıqdan sonra daha da sürətləndi. Elə bu səbəbdən də, biz də terminin hansı adla ifadə edilməsi haqqında düşünməyə bilmədik. Yuxarıda da qeyd etdiyimiz kimi, qardaş Türkiyədə bu termini daha çox "Büyülü gerçəklik" istilahı ilə əvəz edirlər. Bunun qarşılığı olaraq biz də "sehirli reallıq", "sehirli gerçəklik", "əfsunlu reallıq" kimi ifadə edə bilərik. Şair və tərcüməçi Səlim Babullaoğlu 2008-ci ildə Beynəlxalq Teatr İnstitutunun Markesin 80 illik yubileyi münasibəti ilə təşkil etdiyi konfransdakı "Markes Azərbaycan ədəbiyyatına təsir edibmi?" adlı məruzəsinin

"Kitabçı" jurnalında işıq üzü görən mətnində bunu "əfsunlu realizm" və "magik realizm" şəklində ifadə edib.
Zənnimizcə, əgər magik realizm terminini tərcümə etmək istəyiriksə, elə "əfsunlu gerçəklik" deməyimiz daha məqsədəuyğun olardı. Lakin dilimizin ən dərin qatlarında "magik" sözünün türk dilində olduğu faktları ilə razılaşsaq, elə magik realizm kimi ifadə etməyimizi uyğun görürük.

 





15.04.2015    çap et  çap et