525.Az

“Kitabi-Dədə Qorqud”un izi ilə” - ruhun çağırışına getmək...


 

Multikulturalizm həyat tərzimizdir

“Kitabi-Dədə Qorqud”un izi ilə” - ruhun çağırışına getmək...<b style="color:red"></b>

...Nəhayət ki, çoxdan planlaşdırılan bu səfər baş tutdu...

Novruz bayramı günlərinə təyin olunan səfər proqramının detalları tam müəyyənləşəndən sonra, hazırlaşıb “yola düşək” demişdik ki, təbiət özünə elə əl qatdı, göylər nifrin eləyib göz yaşını sel kimi elə axıtdı, yaxamızdan heç cür qopmaq bilməyən qış əlində -ovcunda qalan son qarını elə səpələdi ki, istər-istəməz müvəqqəti ləngiməli olduq.

Təbiətin bütün şıltaqlıqlarına rəğmən, onsuz da gedəcəkdik. Çünki bizi qəhrəman keçmişimizin ruhu çağırırdı... Ruhumuzun cövhərinə, mifimizin özəyinə olan o sevgi hər cür şıltaqlığı ram eləməyə qadir idi. Havanın hirsi yatar-yatmaz, “Kitabi-Dədə Qorqud”un izi ilə” Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin əməkdaşları, alimlər, tələbələr, Nic kənd orta məktəbinin və İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdləri, “Savalan” qrupu və mətbuat nümayəndələrindən ibarət böyük bir heyət görkəmli yazıçı, akademik Kamal Abdullanın rəhbərliyi ilə yola rəvan olanda təbiət yenə dedi ki, mən mən olum, siz də siz, gedin görüm necə gedirsiz... Amma biz biz olduq, yola düzəldik.

Bakıdan bizi dəli külək yola saldı, vardığımız ilk rayonda-Beyləqanda da selləmə yağış qarşıladı. Səfərdə olduğumuz o üç gündə Qarabağın üstündən bulud çəkilmədi, havanın eyni açılmadı, Günəş iki ayağını bir buluda dirədi - görünmədi ki görünmədi... Amma o an hamımızı göydə baş verənlərdən çox, yerdəki tariximiz maraqlandırırdı. O an göylə bağlılığımızın bircə simgəsi vardı: Qədim Dədə Qorqud dastanlarından boy verən, mifdən pərvazlanan ruh. O ruh başımız üstə dolanırdı və biz onun hənirini hiss eləyirdik. Yağışa və soyuğa baxmayaraq...

lll

Beyləqan-Xocavənd-Tərtər-Bərdə marşrutu üzrə hərəkət edən heyətin keçirdiyi görüşlərdə tariximizə, keçmişimizə və gələcəyimizə münasibətdə bəzən Dövlət müşaviri, bəzən ictimai-siyasi xadim, bəzən yazıçı, bəzən pedaqoq, ümumən ziyalı qismində çıxış edən Kamal Abdulla tək mənim yox, hamının bəyəndiyi “Allah qonağı” ifadəsini nitqində bir neçə dəfə qeyd elədi. Biz Allah qonağıydıq. Və “Allah qonağıyıq” deyib də qapısını döydüyümüz hər bir rayonda bizi əsl qonaqpərvərliklə, məmnunluqla qarşıladılar. Əlbəttə, təbiətin o əsəbi, darmacal vaxtında qonağı yüksək səviyyədə ağırlayıb-uğurlamaq asan iş deyildi. Bu rayonların hər birində, rəhbərlikdən başlamış sıravi vətəndaşa qədər, hər kəs “Allah qonağı”na olan hörmətinin izharına çalışdı. Ancaq adamın başının üstündə Allah var - qonaq qəbul edənlərin çəkdiyi zəhmət qədər də “Allah qonağı” əmək sərf eləmişdi. Mətbuat nümayəndəsi kimi iştirak etdiyim səfəröncəsi hazırlıq iclasında, başda Kamal Abdulla olmaqla, hər kəsin necə ciddi-cəhdlə bu səfərə hazırlaşdığının şahidi olmuşdum. Dövlət müşavirinin tariximizə olan sevgisi, şövqü ətrafındakı hər kəsə sirayət eləmişdi...

lll

... Xocavənddə, iştirak etdiyimiz ilk tədbirdə nümayiş etdirilən, Nərgiztəpə ilə bağlı filmdə Qaraca Çobanın olduğu ehtimal edilən qəbir, qəbrin ətrafındakı nəhəng sapand daşları bizi fikrən qədim və azman oğuzların yaşadığı keçmişimizə apardı. Filmin gedişatında düşündüm ki, o azmanlıq bizim qədim əcdadlarımızın təkcə vücudunu yox, ruhunu da xarakterizə edən bir amil olub. Ruhumuzun azmanlığının bir göstəricisi də odur ki, təkcə Dədə Qorqud zamanında yox, ta binayi-qədimdən müxtəlif etnik mənşəyə malik, fərqli din daşıyıcıları bu torpaqda iç-içə qaynayıb-qarışıb yaşayıblar. Hələ Dədə Qorqud dönəmindən bizim üçün “Mərə kafir” anlayışı canımıza, qanımıza hopmuş dostluğa, birgəliyə naxələf çıxanlara, özünü, keçmişini, gəldiyi yeri və zamanı unudanlara xitabən işlətmişik, qalan hər kəs dostumuz olub.

Xocavənd icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun çıxışından çox maraqlı bir fikir təkcə mənim yox, oradakıların hamısının yaddaşına köçdü. Qarabağ savaşında şərəfli döyüş yolu keçən qazilərimizdən olan Eyvaz Hüseynov Nərgiztəpə uğrunda gedən şiddətli döyüşlərdə ermənilərin nəyin bahasına olursa-olsun, bu təpəni ələ keçirmək istədiklərini qeyd elədi. Amma ordumuz buna imkan verməyib, ölüm-dirim döyüşü olub və Nərgiztəpə bizdə qalıb. Düşmən ovcunu yalayıb geri çəkilməli olub. Eyvaz Hüseynov bildirdi ki, biz onda heç özümüz də bilmirdik ki, niyə məhz bu təpəni qorumaq üçün son damla qanımızı axıtmağa hazırıq: “Elə bil kənardan bizə hansısa mistik qüvvə güc verirdi, geri çəkilməməyi təlqin edirdi. Biz heç onda bilmirdik ki, burada Qaraca Çobanın qəbri, yaxud hansısa tarixi abidə var. İndi anlayıram ki, bu qüvvə qəhrəman əcdadlarımızın ruhu imiş, bizi qoruyurmuş, döyüşə həvəsləndirirmiş və başımızın üstə dolanaraq düşmənə təslim olmamağa çağırırmış...”

lll

Zaman-zaman müxtəlif yerlərdən ərazilərimizə köçürülən üzdəniraq qonşularımız - ermənilər birgəyaşayışı bacarmadıqları bir kənara, onillərdir dünyaya car çəkirlər ki, Azərbaycan xalqı ilə bir yerdə yaşamaq mümkünsüzdür. Dövlətimiz və xalqımız sülh yoluna, danışıqlar mərhələsinə üstünlük verdiyi üçün, söykəndikləri iftiralardan, qondarma ittihamlardan başqa heç nəyi olmayan bu köksüzlərə hələ də həqiqəti sözlə başa salmağa ümid etdiyindən Qaraca Çobanın daşları sapanda qoyulmur... Amma o daşlar hər an əlimizin altındadır... O daşları sapanda qoyub atacaq oğullarımız-qaraca çobanlarımız da həmişə olub, indi də var. Beyləqana “N” saylı hərbi hissəyə səfərimiz zamanı buna bir daha əmin olduq. Ürəyimizdə qürur, gözümüzdə fərəh ordumuzun xüsusi döyüş bacarığını izlədik, ən son hərbi texnikaya tamaşa etdik. Məsələnin başqa tərəfi də var: İstənilən hərbi hissəmizdə olmaq kifayətdir ki, ermənilərin ciddi-cəhdlə beynəlxalq aləmə “Azərbaycan xalqı ilə birgə yaşamağın dözülməzliyi” yalanı ifşa olunsun. Beyləqanda “N” saylı hərbi hissədə keçirdiyimiz görüş zamanı biz xalqımızın -ləzgi, talış, udin, ingiloy, tat, rus, türk və sair onlarla bu kimi etnik daşıyıcının azərbaycanlı həmvətənləri ilə bərabər Vətəni qorumaq əzminə bir daha şahid olduq. Azərbaycan xalqının multikulturalizm ənənələrinin dərinliyini, tolerantlıq keyfiyyətini bundan daha tutarlı dəlil varmı?..

lll

Səfər zamanı Nic kəndinin udin məktəbi Beyləqan, Xocavənd və Bakı məktəbləri ilə qardaşlaşdı. Kamal Abdullanın məktəb şagirdləri, eləcə də əsgərlərlə görüşlərə böyük önəm verməsi də təsadüfi deyildi. Bu, qardaşlığın, dostluğun gələcək nəsilə aşılanması üçün atılan addım idi. Müxtəlif dilin və dinin daşıyıcıları olan məktəblilər “Qardaşlıq sazişi” imzaladılar, bir-birinə qucaq açdılar, bununla da sübut elədilər ki, biz hamımız bütöv bir xalqın ayrılmaz parçasıyıq. Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə həyata keçirdiyi bu tədbirlər bir daha sübut etdi ki, biz ermənilər kimi hələ körpəliyindən uşaqlarımızın qulağına “filan xalq sənin düşmənindi” pıçıldamırıq, biz övladlarımızı təkcə bir-birinə deyil, bütün bəşəriyyətə sevgi ruhunda yetişdiririk. Və bu sevgi sadəcə görüntü naminə deyil, bu, var olduğu gündən bizim xalqımızın mayasındadır.

lll

Bu səfər başdan-sona və bütövlükdə çoxəsrlik multikultural dəyərlərimizin göstəricisi idi. Vaxtilə əcdadları, indi də valideynləri və yəqin ki, Konstitusiyamızın imkan verdiyi və dövlətimizin şərait yaratdığı kimi gələcəkdə özlərinin də xristian dininə tapınacaq Nicin udin yeniyetmələri Bərdədə islam dininin tarixi və müqəddəs abidələrindən olan İmamzadənin açılışında həvəslə iştirak etdilər. Bu tədbir hələ uşaqlıqdan digər dinlərə, digər xalqlara sevgiylə yanaşmağı öyrədən bir həyat dərsi idi. Heyətdə təmsil olunan udin məktəbliləri də, Bakı Slavyan Universitetinin əcnəbi tələbələri də səfər boyu bir daha bu sevgiyə, bu dostluğa, bu qardaşlığa şahid oldular.

Ancaq keçmişi olmayıb da xor baxdığı millətin hər şeyinə yiyələnmək istəyənlərə də yerini göstərəcək potensialımız var. Təkcə hərbi potensial yox, həm də elmi potensialımız... Tərtərdə təşkil olunan “Erməni Qarabağa köçürülməsi: tarix və faktlar Marağa-150” konfransı da bu məqsədə xidmət edirdi. Bu konfransda alimlər, tarixçi mütəxəssislər tərəfindən bir daha sübut edildi ki, ermənilərin özünə qədim tarix uydurmaq cəhdləri absurddur, gülüncdür, onların Marağadan Qarabağa köçürülmələri “şərəfinə” qoyduqları “Marağa -150” abidə daşını nə qədər yoxa çıxarmağa çalışsalar da, itib-batmayıb, Tərtərin Şıxarx kəndində qorunur. Ən azı Qaraca Çobanın daşları qədər əhəmiyyətli olan bu daş da əlimizin altındadır... Və bu daş da lazım olanda düşmənin başına düşməyə hazır vəziyyətdədir...

lll

Deyilənlərə, görünənlərə və yazılanlara sözardı: Xalqımıza qarşı edilən haqsızlıqlara, törədilən hərbi cinayətlərə, aparılan soyqırımlara baxmayaraq biz həmişə nə zamansa yerini tapacaq bir Haqqa tapınmışıq. Xalq olaraq hansı etnik qrupun nümayəndəsi olmağımızdan, hansı dini seçməyimizdən asılı olmayaraq hər şeydən öncə bizim milliyyətimiz də, dinimiz də haqq-ədalət olub...Biz heç vaxt əsrlər boyu dostcasına, qardaşcasına yaşadıqlarımızın haqqına girmədik, girməyəcəyik də, amma haqqımızı əlimizdən alanlara da Haqqın əsl yerini göstərməyə qadirik. “Savalan” qrupunun dəyərli ifaçısı Novruz Novruzlunun səfər boyu qanımızı oynadan, ruhumuzu titrədən ifasında söyləndiyi kimi, vətənpərvərliyi arxa plana atmadan bütün bəşəriyyətə sevgi ruhunda böyüdük və övladlarımızı da belə böyüdəcəyik- hazırda bütün dünyanın diqqətini çəkən Azərbaycan multikulturalizmi modeli də özündə bu dəyəri ehtiva edir: 

Səndən gedir sonsuzluğa yol, oğlum,
Dörd yanına salmalısan qol, oğlum...
Əkməyini ac olanla böl, oğlum..
Haram yemə, haqq uğrunda öl, oğlum...
Bir yol vardır, haqq yoludur, bil, oğlum..
Çabuq böyü, çabuq yetiş, tez, oğlum,
Xain gəzən Qarabağda gəz, oğlum...
Dostun kim, düşmənin kim - sez, oğlum,
Vətəninə göz dikəni əz, oğlum...
Tarixini şərəfinlə yaz, oğlum...
Keç qarşıma, söz ver mənə, söz, oğlum...

S. ABDULLAYEVA

 





18.04.2015    çap et  çap et