525.Az

Stiven Kinqin “Yazı sənəti” - Cavid Qədir yazır


 

Stiven Kinqin “Yazı sənəti” - <b style="color:red">Cavid Qədir yazır</b>

Stiven Kinqdən çox şey oxumamışam. İllər əvvəl Universitetin kitabxanasında gəzişəndə təsadüfən adına rastlamış, sonra da əsərlərini oxumağa başlamışdım. Bestseller, üstəlik də fantastika... Heç zövqümcə deyildi. Amma sabahı gün dərsdən sonra yenə oxu zalına getmişdim ki, kitabı bitirim... Beləcə, Kinqin “Ölü zona” romanını və bir neçə hekayəsini oxumuşdum...
 
Bir müddət əvvəl bir tanışım mesaj yazdı. “Bir kitab var, təzə tərcümə olunub, istəyirəm, onu oxuyub haqqında yazasan”. Açığı, sifarişlə iş görməkdən heç xoşum gəlməsə də, ortada kitab söhbəti olduğundan “yox” demədim. Görüşdük, kitabı aldım: Stiven Kinq. “Yazı sənəti”. Köhnə “tanışla” qarşılaşacağımı gözləmirdim. Az-çox qələminə bələd olduğum bir müəllif olsa da, elmi ədəbiyyatı sevmədiyimdən kitabı oxumağa çox həvəsli deyildim. Xüsusən, kitabın üstündə iri hərflərlə yazılmış “bestseller” sözü beynimi qarışdırırdı. Bir bestseller yazıçısı niyə belə bir kitab yazmalıydı axı? Həm belə bir qələmə sahib adamın yazdığı elmi ədəbiyyat nə dərəcədə uğurlu ola bilərdi ki? Suallar çox, cavablar yox idi. Ona görə də yəqin ki, ən düzgün seçimi etdim - kitabı mütaliəyə başladım. Elə ilk səhifədə müəllif məni təəccübləndirə bilmişdi: “Birinci ön söz”. Maraqla, bir az da hövsələsizliklə oxudum.

Vərəqi çevirəndə təəccübüm bir az da artdı: “İkinci ön söz”. Bu ön söz əvvəlkinə nisbətən xeyli qısa idi və boşboğazlığı tənqid edirdi. Amma açıq desəm, həmin sətirləri oxuduqca iki ön sözü olan kitab özü elə boşboğazlığa ən yaxşı nümunədir deyə düşünürdüm ki, ön sözü bitirib axır ki, əsərə başlayım düşüncəsiylə daha bir vərəq çevirdim: “Üçüncü ön söz”. Az qalırdım kitabı tikə-tikə edib, kağızını da çeynəyim. Amma yenə də şükür, üçüncü ön söz daha yığcam idi. Nəhayət, “atalar üçdən deyib” məsəlinin amerikansayağı təsdiqini bitirəndən sonra “ilahi mesaj”ı anlamışdım. Müəllif boşboğazlığın özüylə onu hədəfə alırdı. “Hə, Stiv, sənə rəğbətim artır, qoca” - düşünüb, yenə kitaba girişdim.

Kitabın ilk fəsli “CV” adlanır. Müəllif lap uşaqlığından bu gününə qədər baş verən, yaddaşında həkk olunan vacib, yaxud qeyri-vacib hadisələri bu bölümdə xatırlayır. Və bu xatirələri elə rəvan, səlis dildə nəql edir ki, səhifələri necə çevirdiyindən xəbərin olmur.

Stiven Kinq “CV” fəslində təkcə öz həyatından, biblioqrafiyasından bəhs etmir. Yazı texnikası, gündəlik iş rejimi barəsində də dəyərli məlumatları oxucularla bölüşür. Oxuduqca onun dalbadal yazdığı, hər biri də uğursuzluğa düçar olan əsərləri ilə tanış olur, Kinqin necə inamla çalışdığını, mübarizə əzminin qırılmadığını görürük. Həyatda qalmaq, yazmaq, ailəsini dolandırmaq üçün hər cür işin qulpundan yapışan Stiven Kinqin bu inamı sayəsində, nəhayət, uğur qapısını döyür. Beləcə, hamının tanıdığı, bestsellerlər müəllifi olan məşhur yazıçı Stiven Kinq peyda olur.

Əsərin gedişatından görünür ki, bu qədər məşhurluğun, onlarla kitab çapının, milyonların Stiven Kinqə o qədər də təsiri yoxdur.

Milonlar onu öz işindən, yazı qrafikindən qətiyyən uzaqlaşdırmır, hər gün daha da artan həvəslə yazmağa davam edir. Bizim Stiv öz sözlər və obrazlar aləmində yaşayır. Usanmadan sözlərdən cümlələr toxuyur, onları hekayəyə, romana çevirir. Bundan başqa, əsərdə xeyli həyati məsələlərə dair fikirlər öz əksini tapıb.

Uğuru necə qazanmaq, məqsədə yetməyin yolları da bu qəbildəndir.

Eyni zamanda, narkotik və içki aludəçisi olan Stiven Kinq oxucuya bunların necə dəhşətli adət olduğunu sadə şəkildə izah edir. Möhkəm iradə hesabına bütün bunların geridə qoyula biləcək məsələ olduğunu diqqətə çatdırır.

Kitabın ikinci fəsli “Alətlər” adlanır. Stiven Kinq yazıçının bir növ dülgər olduğunu diqqətə çatdırır. Əyər-əskiksiz iş ortaya çıxarmaq üçün alətlər çantasını - dülgərin alət qutusunu - həmişə yanında daşımağın, həm də bu çantada lazımi alətlərin olmasının vacibliyini göstərir. Kinq davamlı yazmaqdan başqa, davamlı mütaliənin tərəfdarıdır.

O yazır ki, istənilən yerdə, istənilən zaman mütaliə etmək lazımdır. Növbə gözləyəndə, ictimai nəqliyyatda, başqa bir yerə səyahət edəndə, həttta ayaqyolunda belə.

Elə mənim də mütaliə üçün çox vaxtım olmur. İşə və evə gedəndə avtobusda, metroda, eskalatorda, mümkün olan hər yerdə oxumağa çalışıram. Xoşuma gələn hissələrin altından xətt çəkirəm. Əksərən avtobusda oxuduğumdan çəkdiyim xətlərin hamısı əyri-üyrü olur...

Kitabı oxuduqca tərcümənin bədiiliyinə, orijinala nə qədər yaxın olduğuna diqqət yetirməyə çalışırdım.

Üslub səhvləri, pleonazmlar, ixtisar və redaktə edilə biləcək yerlər kifayət qədər idi. Amma gözümdən qaçmayan ən əsas məsələ dilin canlı olması idi. Əksər tərcümə mətnləri kimi sözlər ölü deyildi, sətirlərdən sürüşüb düşmürdü.

Az qala hamısı diri idi, sudan çıxmış balıq kimi atılıb-düşür, özünü gözə soxur, nələrisə diqtə edirdi.

Cümlələr, ibarələr, abzaslar belə, bir qədər amerikansayağı idi. Və məncə, belə bir mətn tərcüməçinin uğurudur.

Kitabda növbəti fəsil “Yazı sənəti”dir. Kinq bu bölmədə yazı sənəti, yazıçılar haqqında əhatəli məlumat verir.
 
Onun fikrincə, istedadın bütün sahələrində olduğu kimi yazıçılar da öz istedad və bacarıqlarına görə piramidalar təşkil edir. Alt qatda olanlar ən keyfiyyətsizləridir. Qat yuxarıya qalxdıqca əhatə kiçilir, keyfiyyət də mütənasib olaraq yüksəlir. Ən yuxarıdakı qatda, hamının üzərində (əslində bizim də S.K.) Şekspir, Hüqo, Folkner və başqaları dayanır.

Stiven Kinq bundan başqa həmin fəsildə yazı prosesinin ən xırda detallarına toxunur. Yeni yazmağa başlayan qələm sahiblərinin əlindən tutub balaca uşaq kimi gəzməyi (yazmağı) öyrədir. Kinqə görə, iş qrafikinin olması mütləqdir. Çünki bu qrafik məsuliyyəti artırır. Yazıçını öz işinə, yazacağı mətnə kökləyir, sözlə əlaqələrini asanlaşdırır.

Əlavə olaraq, yazıçı bu qənaətdədir ki, yazı prosesi iki mərhələdə aparılmalıdır: bağlı və açıq qapı şəraitində. Bağlı qapı şəraiti ilk mərhələdə lazımdır. İlkin prosedur, qaralama bitdikdən sonra bir neçə gün əsər şkafınızda qalmalıdır. Elə ki, onun təsirindən çıxdız, açıq qapı mərhələsinə keçməli, artıq yad görünən bu mətnə yenidən əlavə və ixtisarlar etməlisiz. Bundan sonra redaktə edə bilərsiz. Redaktə prosesindən sonra hazır hesab etdiyiniz əsəri zövqünə, sizə yalan deməyəcəyinə inandığınız bir neçə adama verirsiz.

Gözlərinizdən yayınan səhvləri, ixtisar olunmalı yerləri də bu oxucular tapıb üzə çıxarır. Bu səhvləri də düzəltdikdən sonra artıq kitabınızı nəşriyyata, yaxud redaktora verə bilərsiz.

“Yazı sənəti” fəslində Stiven Kinq hətta yeni başlayan yazıçılara marketinq dərsləri də verir. Agentliklər, yaxud müstəqil agentlərlə necə əlaqə yaratmağın faydalı ola biləcəyini açıb göstərir.

Bədii mətnin qüvvətli alınmasında əsas amillərdən biri də yaxşı dialoqun qurulmasıdır. Buna əsər boyu müxtəlif nümunələr göstərən Stiven Kinq hesab edir ki, yaxşı və ya pis nitq əsərdəki surətin xarakteristikasıdır.

Dialoqlarda mümkün qədər zərfdən qaçmağı aksiom qəbul edən Kinq üçün vacib olan dialoqun necə səslənməsi, məğzi oxucuya nə dərəcədə çatdırmasıdır. Əgər dialoqun həqiqi olmasını istəyirsinizsə, özünüz danışmalısınız. Amma daha yaxşı olar ki, özünüz mumlayıb başqalarını dinləyəsiz.

Əsərdə diqqəti cəlb edən daha bir məqam yerində işlədilən və kifayət qədər çox olan, hətta ən quru nöqtədə belə mətnə hərəkilik verən ironiyadır. Stiven Kinqin üstünlüyündən biri də onun özünə gülə bilməsidir. Bu nüans onu oxucuya yaxınlaşdırır, oxucu özü də bilmədən gedişatda müəlliflə dost olur.

Mütaliə prosesində əsərin həm iştirakçısı, həm də həmmüəllifi olur.

Kitabda son söz yerinə “Yaşamaq haqqında” adlı bölüm verilib. Bu bölümdə Kinqin 1999-cu ildə keçirdiyi ağır avtomobil qəzasından söz açılır. Aylarla yataq şəraitində davam edən müalicə, yazıdan, sözdən uzaq qalmağın çətinliyi, daha sonra yenidən rejimi bərpa etmək cəhdləri, bütün bunlara dözən, Stivə əlindən gələn qədər dəstək olan həyat yoldaşı Tabita, ona olan sevgisindən söz açılır.

Qeyd olunur ki, uğurun yarısı sizi anlayacaq adamlardır. Müəllif diqqətə çatdırır ki, əgər pul qazanmaq, məşhur olmaq, qadınları daha asan tovlamaq üçün yazıçı olmağa qərar vermisizsə siz heç bir uğur qazana bilməyəcəksiz. Yazıçı olmaq, oxucularınızın və öz həyatınızı zənginləşdirmək, ona rəng qatmaq deməkdir:

İnsan ayaqda qalmaq, yaxşı olmaq, daha yüksəyi fəth etmək üçün yazır. Xoşbəxt olmaq üçün, aydındır?

Xoşbəxt olmaq üçün... Yazmaq möcüzədir, həyat suyu kimi, hər bir incəsənət növü kimi. Su havayıdır. İçin onu. İçin və dolu olun.

 





20.04.2015    çap et  çap et