525.Az

Qərb sivil hüquqları pozmağa davam edir


 

ZAHİD ORUC: "TÜRKDƏN XRİSTİAN DÜNYASINA DÜŞMƏN DÜZƏLDƏNLƏRİN DÖVLƏT DİVARLARINDA HƏLƏ DƏ KEÇMİŞ SULTANLARIN PORTRETLƏRİ ASILIB"

Qərb sivil hüquqları pozmağa davam edir<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi An Brösser də erməni təəssübkeşi olduğunu sübut edib.
 

O, keçən həftə Ermənistana səfəri zamanı riyakarlıq və ikiüzlülük nümunəsi kimi saxta "erməni soyıqırımı" kampaniyasına qoşularaq Türkiyə ilə yanaşı Azərbaycanı da uydurma aksiyanı tanımağa çağırıb.
Halbuki Brösser yaxşı bilir ki, real soyqırıma məruz qalan ermənilər deyil, azərbaycanlılardır. Əsaslı faktlarla Ermənistanın Dağlıq Qarabağa hücumu zamanı torpaqlarımızın işğal olunması, dinc əhalimizə qarşı amansızlıqla qətllər törədilməsi beynəlxalq ictimaiyyətin dəfələrlə diqqətinə çatdırılıb. Lakin bu məsələyə xanım Brösser AŞPA-nın yaz sessiyasında münasibət bildirərək münaqişə ilə bağlı problemləri həll etmək üçün tərəfləri dialoqa dəvət etdiyini deyib.

Əslində biz burada siyasi maraqların dəyişməsini müşahidə edirik. Çünki digər beynəlxalq qurum və təşkilatlar kimi AŞPA-nın da Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamələri var və indiyədək hər hansı bir şəkildə işğalçı ölkənin zəbt etdiyi torpaqları boşaltmasına təhrik olunduğunu müşahidə etməmişik. Hərçənd kifayət qədər təzyiq və sanksiya alətləri var ki, Ermənistanı asanlıqla diz çökdürə bilər. Lakin Qərb əksinə olaraq erməniləri müdafiə edir, qondarma "soyqırım"ın 100 illiyi yaxınlaşdıqca dəstək kampaniyalarını daha da sürətləndirirlər.

Avropalıların ermənipərəst mövqe nümayiş etdirməsində əsas faktor kimi dini və etnik mənsubiyyət daha çox ön plana çıxır. Onlar bəşəri qanunları və insan hüquqlarını pozmağı yaxşı bacarırlar. Qərbin ədalətə qarşı ikili yanaşması var: avropalılar hər kəsi ədalətli olmağa çağırır, özləri isə hüquq bərabərliyi və insan azadlığına hörmət etmirlər.

Bu baxımdan dini və etnik zəmində Avropanın tarixində qanlı və kirli səhifələr həddindən artıqdır.

Qaradərililərə qarşı kütləvi qətliamlar törədənlər də, onları bütün hüquqlardan məhrum edərək qul kimi istismar edənlər də, Amerikanın aborigen əhalisi olan hinduların kökünü kəsənlər də, yəhudilərə qarşı soyqırım həyata keçirənlər də məhz avropalılardır. Qərbin tarixinə dair bu cür faktlar saymaqla bitən deyil.
Belə görünür ki, onlar əsrlər boyu törətdiyi vəhşiliklərdən dərs çıxarmaq əvəzinə iyrənc oyunlarını sonadək davam etdirməkdə israrlıdırlar.

Əgər dünya ədalətlə idarə olunsaydı, sivil hüquqlara hörmətlə yanaşılsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş saysız-hesabsız cinayət, terror faktlarına siyasi maraqlar nöqteyi-nəzərindən deyil, hüquqi baxımdan qiymət verilərdi. Belə şəraitdə isə Azərbaycanın AŞPA və Avropa Parlamenti kimi getdikcə nüfuzu və əhəmiyyəti daha da aşağı düşən qurumlarda ortaq fəaliyyət göstərməsinə ehtiyac qalmır.

Bu baxımdan rəsmi Bakı daim Türkiyənin yanında olduğunu göstərərək Avropa Parlamentinin Avronest qrupunda fəaliyyətini dayandırdığı kimi digər qurumlara qarşı da cavab tədbirləri hazırlayacağı gözləniləndir.

Millət vəkili Zahid Oruc bildirib ki, Türkiyənin düşmənlərinin genişlənən hərəkatı fonunda Qarabağı beynəlxalq müstəvidə irəlilətmək üçün yaratdığı çətinliklərin hamımız fərqindəyik.
 
Onun sözlərinə görə, diplomatiyamızın bəzən rəsmi Ankaranı qabaqlayıb onlara cavab verməsi və əsl mübarizə istehkamına çevrilməsi yalnız düşmənin ziyanınadır:

"Türkiyə Azərbaycanın, ya da əksinə bizim ölkəmiz qardaş məmləkətin ön cəbhəsidir, qoruyucu zirehi və söykəndiyi qala divarıdır.

Günlər öncə Ukrayna daxili işlər naziri Avakovu Romada görəndə və onun erməni kilsəsinin patriarxı 19-cu Nerses Bedrosla görüşünü izləyəndə yeni Maydan hökumətindən ədalət mücəssiməsi düzəldən və postsovet məkanı üçün nümunəvi inqilabçılar pleyadası yaradanların saxtakarlğına növbəti dəfə əmin oldum. Deməli, Azərbaycan da Türkiyənin yanında olmaq üçün dünyada hər bir fürsətdən faydalanmalıdır.

Əks halda, içərimizə səpələnmiş düşmənlər insanları "mən türk deyiləm" deməyə təhrik etməklə Azərbaycanın və Türkiyənin mərkəzinə düşmənçilik toxumları səpmiş olacaqlar. Avropada yaşayan milyonlarla türkün səsinin zəif eşidildiyindən, sayı 150 milyona çatan bir toplumun 10 milyonluq erməni xalqının faydalı iş əmsalından geri qalan siyasət yürütdüyünü söyləyənlərdən, yaxud Xocalını tanımamasına əsaslı izah verə bilməyən Ankaranın özünü mühüm xarici siyasət silahından məhrum etdiyini düşünənlərdən bizə xeyir gəlməyəcək. Çünki Birinci Dünya müharibəsində qırılan 15 milyon insanın içərisindən ayıraraq yalnız bir hissəsinə müqəddəslik verilməsini təşkil edən Avropa paytaxtlarının ən böyük uğuru Türkiyəni içəridən parçalaması, günahkar axtarışı və onun Azərbaycanla qardaşlığına son qoyması olardı.

Ona görə 24 apreldə dünya siyasi liderlərinin ağzını güdən bir siyasəti kənara atıb ermənilərə təzyiqi gücləndirmək və onları əbədiyyən məğlub edən bir kursu gündəmə gətirmək lazımdır!"

Millət vəkili qeyd edib ki, bir sıra hallarda İsrailə duyduğumuz rəğbət fonunda yalnız regional missiyalarının izah olunması məqsədilə söyləyəcəyimiz bir fikri heç zaman unutmamalıyıq:

"Ərəb dünyası içərisində yer alan İsrailin dövlət varlığını, ona uzanan beynəlxalq yardım əllərini eynilə Ermənistanın türk dünyası içərisində oynamasına yol vermək olmaz. Türkdən xristian dünyasına düşmən düzəldənlərin dövlət divarlarında hələ də keçmiş sultanların böyük portretləri asılıb. Qorxunun səbəbi də məhz budur. Azərbaycan siyasi maraqlarından, yaxud müharibə təhlükəsindən qorunmaqdan ötrü türkə sığınmayıb. Heç olmasa bircə dəfə ayağı İstanbula dəymiş insanımızın ruhunu görməyənlər bunun izahını verə bilməzlər. Çünki əsl milliyyətçilik ruhda olur. Böyük Mustafa Kamalın əbədiyaşar ruhunu içərisində duymayanların türk olması mümkünsüzdür".

Millət vəkili Sahib Alıyev hesab edir ki, Avropa Şurası Parlament Assambleyasının baş katibi An Brösserin Ermənistana səfəri zamanı fürsətdən faydalanıb təmsil etdiyi qurumun 2005 və 2008-ci illərdəki qətnamələrinə dayanaraq həmin ölkənin rəhbərliyini işğalçılıq siyasətinə son qoymağa çağıracağını gözləmək olardı.

Onun sözlərinə görə, xanım Brösser Ermənistandakı hərbi xuntanın diqqətinə çatdıra bilərdi ki, bununla həm də bir milyondan artıq azərbaycanlının öz yurdunda yaşamaq kimi fundamental hüquqlarını pozurlar:

"Əvəzində nə gördük? Avropa Şurası Parlament Assambleyasının baş katibi Ermənistandan Azərbaycan və Türkiyəyə səslənərək uydurma soyqırımı tanımağa çağırıb. Brösser real olaraq bir milyondan artıq azərbaycanlının pozulmuş hüquqlarından danışmaqdansa, Xocalı soyqırımını törədənlərlə çiyin-çiyinə duraraq uydurma hadisə qurbanlarını "yad etməyi" üstün tutub. Daha sonra isə Azərbaycanda insan haqlarıyla bağlı vəziyyətin deqradasiyaya uğramasından dəm vurur. Əslində deqradasiya Avropa Şurasında baş verir ki, belə bir qurumu Brösser kimi qərəzli, daşıdığı vəzifənin məsuliyyətini anlamayan və yaxud da anlamaq istəməyən biri təmsil edir".

ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunan millət vəkili amerikalı həmsədr Ceyms Uorlikin Hyustondakı azərbaycanlı və ermənilərlə görüşərək Dağlıq Qarabağla bağlı əsl diskussiya aparacağına dair açıqladığı fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, Uorlikin bu məntiqdənkənar hərəkəti əslində Vaşinqtonun öz üzərinə götürdüyü vasitəçilik missiyasına nə dərəcədə barmaqarası baxdığını ortaya qoyur:
"Əgər bu, baş aldatmaq deyil, doğrudan məsələnin həlli üçündürsə, görəsən, onun ölkəsinin təmsilçiləri niyə Krımla bağlı Amerikanın hansısa ştatında yaşayan ukraynalı və ruslarla "əsl diskusiya" aparmır? Niyə İraq Küveytə soxulanda bu cür "uğurlu diplomatik fənd"ə əl atılmayıb? Bu bilirsiniz nəyə bənzəyir? Həkim bədəndəki yaranı görür, onun nədən yarandığını anlayır, kəsib götürə və yaxud başqa yolla sağalda bilər, amma bundansa, yaranın bədəndə yara kimi görünməməsinin yollarını axtarır".

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Hyustonda azərbaycanlı və erməni icmalarının nümayəndələri ilə görüşüb. Lakin tərəflər arasında diskussiya hələ ki, baş tutmayıb.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli, Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının pozulması, Ermənistan ordusu tərəfindən Azərbaycan torpaqlarının işğalı, Madrid prinsiplərinin detalları ətrafında fikir mübadiləsi aparılıb. Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməsi, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün şərait yaratmasının vacibliyi qeyd olunub.

Azərbaycan icma nümayəndələri münaqişənin tez bir zamanda beynəlxalq hüquq və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı prinsipləri çərçivəsində həllinə ümid bəslədiklərini ifadə ediblər.

Ceyhun ABASOV

 





21.04.2015    çap et  çap et