525.Az

Səfir Qırğızıstanda yaşayan azərbaycanlılarla görüşüb


 

Səfir Qırğızıstanda yaşayan azərbaycanlılarla görüşüb<b style="color:red"></b>

Qırğız Xalqı Assambleyasında Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkədə yaşayan soydaşlarımızla görüşüb.

Səfirliyin mətbuat xidmətindən "525"ə verilən xəbərə görə, görüşü açan "Azəri" İctimai Birliyinin sədri Əzizağa Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafından qürur duyduqlarını bildirib.

O, səfir Hidayət Orucovun Prezidentin siyasətini ardıcıl yerinə yetirərək diaspora nümayəndələrinə diqqət və qayğı göstərdiyini qeyd edib.

Bu görüşün məqsədi Qırğızıstanda yaşayan həmvətənlilərimizin problemləri və üzləşdikləri çətinlikləri müzakirə edərək həlli yollarını tapmaq olduğunu bildirib. Əzizağa Əliyev öz çıxışında Qırğızıstanda yaşayan azərbaycanlıları daha möhkəm birliyə çağırıb. O, sayının az olmasına baxmayaraq, ancaq fəaliyyətləri yetərincə hiss olunan erməni diasporasının qondarma "erməni soyqırımı" ilə bağlı təbliğat işlərinin aparmasına yol verməməsinin vacibliyini və bunun hər bir azərbaycanlının borcu olduğunu xüsusilə vurğulayıb.  

Sonra görüş iştirakçılarından Qırğız Respublikasının Əməkdar İnşaatçısı, Böyük Vətən Müharibəsi Veteranı Əsəd Həsənov, Qırğız Respublikasının Əməkdar Nəqliyyat işçisi Taxar Kuliyev, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov, Qırğız Respublikası "Dəmir Yolları"nın əməkdaşı Mirzəfətəli Axundov, Qırğız Respublikasının Əməkdar həkimi, Bişkek şəhərinin 2 saylı Stomatoloji Poliknikasının baş həkimi Mirkazım Bəşirov, Qırğızıstanın Jail rayonunun deputatı Səməd Rəhimov, Bişkekin  Oktyabr rayonunun Kommunal idarəsinin müdiri Əli Hüseynov, Qırğız-Rus Slavyan Universitetinin İranşünaslıq Mərkəzinin direktoru Məlahət Məmmədova, Qırğız Respublikası Prezidenti Aparatının Əfv Komissiyasının üzvü, vəkil Aydın Alaferdov, sahibkar Məhərrəm Quliyev və başqaları çıxış edərək həmvətənlilərimizi bu gün daha çox maraqlandıran məsələlərdən söz açıblar. Tədbirdə Heydər Əliyevin adına küçənin abadlaşdırılması üçün onun ad günündə iməclik keçirilməsi qərar alınıb.

Görüşdə həmçinin sürgün tarixinin öyrənilməsi məqsədilə arxivlərin açılması üçün Azərbaycanın müvafiq qurumlarının Mərkəzi Asiya ölkələrinin müvafiq qurumlarına müraciət etmələri, sürgünə məruz qalmış həmvətənlilərimizin övladlarının Azərbaycanda təhsil ala bilmələri ilə bağlı kvota ayrılması, Qırğızıstanda kompakt yaşayan azərbaycanlılar üçün məktəblərdə şənbə-bazar siniflərinin yaradılması və dəstəklənməsi, Qırğız-Rus Slavyan Universitetində Azərbaycanşünaslıq mərkəzinin yaradılması və digər çoxsaylı məsələlər ciddi müzakirə edilib, təkliflər verilib.

Görüş iştirakçıları Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin 2007-ci ildə açılmasına baxmayaraq, yalnız son iki ildə səfir Hidayət Orucovun təyin olunmasından sonra diaspora nümayəndələri ilə mütəmadi olaraq görüşlərin keçirildiyini və onların problemlərinin həlli üçün işlər görüldüyünü bildiriblər. Qeyd olunub ki, son iki il ərzində həm Bişkekdə, həm də Bakıda çoxlu mühüm tədbirlər baş tutub, Azərbaycan həqiqətlərinin Qırğızıstanda və Qırğızıstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü ardıcıl iş aparılıb.

Sonra çıxış edən səfir Hidayət Orucov diaspora üzvlərinə səmimi və səmərəli görüş üçün təşəkkürünü bildirib. Səfir qeyd edib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası və bu ideyanın gerçəkləşməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məhz Ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir.

Səfir qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizin həyatının bütün sahələrində olduğu kimi diasporalarımızla əlaqələr sahəsində də ulu öndərin perspektivli, alternativsiz siyasətini ardıcıl yerinə yetirir.

Hidayət Orucov bildirib ki, dünyada əlli milyonluq Azərbaycan xalqının taleyi belə gətirib ki, yalnız doqquz milyonu öz milli dövlətinin vətəndaşıdır, qırx milyondan çoxu isə ya başqa dövlətin ərazisinə daxil edilmiş öz tarixi-etnik torpaqlarında, ya da Qırğızstandakı kimi diaspor şəklində yaşayırlar. Onu da qeyd edib ki, ölkəmiz hələ də müharibə şəraitindədir, ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq yurddaşımız isə qaçqınlıq həyatı yaşamağa vadar edilib.

Səfir Qırğızıstanda fəaliyyətə başlayandan milli siyasət sahəsində burada gedən prosesləri izlədiyini və Qırğızıstan dövlətinin bu sahədə düzgün siyasət apardığının qənaətində olduğunu deyib, qırğız xalqına və Qırğız Respublikasının rəhbərliyinə burada yaşayan azərbaycanlılar üçün yaratdıqları şəraitə görə təşəkkürünü bildirib.

 Hidayət Orucov xaricdə yaşayan soydaşlarımızın bütün problemlərinin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyib.

Səfir görüşdə qaldırılan konkret məsələlərdən söz açaraq, bunlarla bağlı müvafiq olaraq tədbirlərin görüləcəyini, Azərbaycanın və Qırğızıstanın müvafiq dövlət qurumları ilə iş aparılacağını söyləyib, diaspora üzvlərinin də bu istiqamətdə səfirlik ilə birlikdə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

 





21.04.2015    çap et  çap et