525.Az

Bakı Ali Neft Məktəbi ilə Ruse Universiteti arasında əməkdaşlıq


 

Bakı Ali Neft Məktəbi ilə Ruse Universiteti arasında əməkdaşlıq<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbi (BANM) və Bolqarıstanın Ruse Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BANM rektoru Elmar Qasımovun dəvəti ilə Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin (AKRU) rektoru Xristo İvanov Beloyevin rəhbərlik etdiyi nümayəndə heyəti BANM-də olub. Nümayəndə heyəti Bakı Ali Neft Məktəbinə səfərdən öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Sonra Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristova BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər. Görüş çərçivəsində BANM və AKRU arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanla Bolqarıstan arasındakı tarixi münasibətlərdən, BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri, xarici şirkət və universtitetlər ilə yaradılan əməkdaşlıqdan bəhs edib. BANM-in növbəti tərəfdaşı Ruse Universitetinin olacağını bildirən rektor imzalanan razılaşmanın bakalavriat səviyyəsində mütəxəssis hazırlığında və qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi araşdırmaların aparılmasına imkan yaradacağını qeyd edib.

Bolqarıstanın səfiri Maya Xristova iki dost ölkənin universitetləri arasında əməkdaşlıq haqqında razılaşmanın əldə olunmasından şad olduğunu bildirib və bu əməkdaşlığın Azərbaycanın və Bolqarıstanın təhsil sahəsindəki ikitərəfli tərəfdaşlığının inkişafına təkan verəcəyinə əminlik ifadə edib.

AKRU rektoru Xristo İvanov Beloyev rəhbərlik etdiyi ali təhsil ocağı haqqında təbdir iştirakçılarına geniş məlumat verib. AKRU-nun avtonom dövlət ali məktəb olduğunu qeyd edən rektor, universitetdə 10 min tələbə və doktorantın təhsil aldığını, universitetin iki filialının, 8 fakültəsinin və çoxsahəli mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.

Sonra BANM və AKRU arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilib. Əməkdaşlığın əsas məqsədi BANM-də "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bakalavr hazırlığı proqramı çərçivəsində tədris olunacaq fənlərin materiallarının AKRU tərəfindən BANM-ə verilməsi, tədris prosesinin təşkilinə metodiki yardımın göstərilməsi, eləcə də müxtəlif maliyyə mənbələri hesabına birgə elmi-tədqiqat işlərinin aparılmasını təmin etməkdir.

Sonda Xristo İvanov Beloyev BANM-in "Fəxri qonaq" diplomu ilə təltif olunub.

Vəfa MƏMMƏDLİ

 





21.04.2015    çap et  çap et