525.Az

"Ermənistanda ordu anlayışı yoxdur"


 

"Ermənistanda ordu anlayışı yoxdur"<b style="color:red"></b>

"Ermənistan ordusunun daxilindəki vəziyyət eynilə kriminal aləmdəki, eləcə də ən qatı həbsxanadakı vəziyyət kimidir".

Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan ordusunda əsgərlərə qarşı edilən qeyri-əxlaqi hərəkətlər barədə danışarkən deyib.

Mərkəz sədrinin sözlərinə görə, Ermənistan ordusunda baş verənlər bütün parametrlərinə görə, rüsvayçılıqdır:

"Rəsmi İrəvan həm şəxsi münasibətlərinə, həm dedovşina məsələsinə, həm də insan alverinə görə biabırçı ölkədir. Ermənistan ordusu hal-hazırda erməni kriminallarının təlim bazasına çevrilib. Artıq işğalçı ölkə ordusunun Azərbaycana qarşı müharibə etməyə imkanı olmadığını çox yaxşı başa düşür. Azərbaycan müharibəyə başlayarsa, erməni ordusu ölkəmizin qarşısında dayana bilməyəcək. Çünki onların buna heç bir gücü yoxdur.
 
Ona görə də erməni etno-kriminalları çalışırlar ki, Ermənistan ordusunda gəncləri özlərinin gələcək bazası, quldur dəstəsi kimi formalaşdırsın. Məhz buna görə də orada bu kimi metodlardan istifadə olunur". 

Politoloqun sözlərinə görə, Ermənistanda baş verən qeyri-insani, qeyri-əxlaqi hərəkətlərə rəğmən müsəlman dünyasına qarşı Almaniya, ABŞ, Niderland və digər ölkələrdə islamafobiyanın hökm sürməsi həm sözügedən dövlətlərin siyasəti, həm də onların maraqları ilə bilavasitə bağlıdır.

Mərkəz sədrinin sözlərinə görə, əslində Qərb dünyası düşmən obrazı olmadan yaşaya bilmir:
 
"Yəni Qərb dünyasının mövcudluğu üçün hökmən bir düşmən olmalıdır ki, Qərb dünyası birləşmiş formada həmin düşmənə qarşı mübarizə aparsın. Düşmən obrazı Qərb dünyasını birləşdirən faktordur. Uzun müddət belə düşmən keçmiş SSRİ olub. İndi SSRİ dağılandan sonra düşmən obrazında İslam dünyasını görürlər. Onların bütün fəaliyyətləri də elə bu istiqamətə yönəlib ki, İslam dünyasına uzun müddət düşmən olaraq qalsınlar.

Hazırkı dövrdə onların son aktivləşməsi birbaşa Roma Papası I Fransiskin aprelin 12-də Türkiyə ilə bağlı verdiyi bəyanatdır. Roma Papası çox dolaşıq və mürəkkəb siyasi bəyanat verib. Amma o bu bəyanatı elə vaxtda verdi ki, bütün dünya hamısı onu anti-türk, anti-müsəlman kimi qəbul etdi. Qərb dünyasında, Avropada anti-islam, anti-türk dalğası güclənsə də, biz hazırda gözləmə mövqeyində dayanmalı, aprelin 24-dən sonra tədricən fəaliyyətə başlamalıyıq".

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli isə hesab edir ki, ümumiyyətlə Ermənistanda ordu anlayışı yoxdur: 

"İşğalçı ölkə sadəcə olaraq terrorçu, separatçı bir qurumdur. Orada məsələlər qanunla, nizamnamə ilə tənzimlənmir".

Hərbi ekspertin sözlərinə görə, Ermənistandakı məsələlər qeyri-dövlət, qeyri-ordu ənənələri ilə tənzimlənir:

"Rəsmi İrəvanın psixologiyası, apardığı siyasət nəinki XXI əsr, heç orta əsrlərlə belə uzlaşmır. Bu şəxslər sanki vəhşi bir barbarlıq dövründə yaşayırlar. Onların siyasəti də bir növ buna yönəlib. Ermənistan ordusundakı vəziyyət açıq-aşkar göz önündədir.
 
İşğalçı ölkənin ordusunda dedovşina, fərrarilik var, eləcə də əsgər zabit münasibətlərində qeyri-qanuni rəhbər halları mövcuddur. Ona görə də orduda zabitlər, əsgərlər döyüşmək istəmir. Əsgərlərin zorlanması isə Ermənistan ordusunun hansı səviyyədə olduğunun göstəricisidir. Rəsmi İrəvanın nə güclü iqtisadiyyatı var, nə də ordularında mənəvi-psixoloji ruh yüksəkliyindən söhbət gedə bilməz. Zorlanma faktlarının olması isə artıq işğalçı ölkənin ordusunun ən ağır böhran keçirdiyinə nümunədir. İldə 10-20 nəfər zabit cəzalandırılır və ordudan kənarlaşdırılır. Amma bu cür halların qarşısını almaq olmur. Bu gün Ermənistana bacarıqsız şəxslər rəhbərlik edir".

Qeyd edək ki, son zamanlar erməni KİV-lərində Ermənistan ordusunun əsgərlərə qarşı qeyri-əxlaqi hərəkətlərin artmasına dair yazılar çap olunur. Bir müddət əvvəl Ermənistanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü bu siyasətə qarşı çıxmış və hazırda Avropada yaşamağa məcbur olan zabit Paruyr Stepanyanın erməni ordusundakı özbaşınalığa dair beynəlxalq təşkilatlara təqdim etdiyi çoxsaylı materiallarda vəziyyətin nə dərəcə dözülməz olduğu açıq-aydın görünür.

Sənədlərdən birində deyilir: "Dağlıq Qarabağ Ermənistan üçün lazım olmayan ərazidir. Qarabağ indiki hərbi xunta ilə razılaşmayanlar üçün sürgün yeri rolunu oynayır. Onları orada "sındırırlar". Onlar hərbi xidmətdən sonra cəmiyyət üçün fiziki və psixi cəhətdən yararsız olurlar. Erməni ordusunda hökm sürən bu ağır və dözülməz vəziyyətə dünyanın hər hansı yerində rast gəlmək mümkün deyil. Rəhbərlik tərəfindən ordudakı intiharların sayı ciddi şəkildə gizlədilir, ölənlərin valideynləri isə daimi hədə-qorxu altında yaşamağa məcburdurlar. Hərbi rəhbərlik bu məsələdə beynəlxalq təzyiqdən çox qorxur. Ona görə də hər vəchlə yaranmış vəziyyəti ört-basdır etməyə çalışır".

Zaman-zaman Ermənistan müxalifəti, o cümlədən, Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi orduda baş verənləri, "dedovşina"nı vəhşilik adlandırıb və bəyan edib ki, heç faşizm vəhşilikləri də Ermənistan ordusunda baş verənlərlə rəqabət apara bilməz. Aparılan müşahidələr və təhlillər göstərir ki, Ermənistan ordusu getdikcə acınacaqlı vəziyyətə düşür.

PƏRVANƏ

 





21.04.2015    çap et  çap et