525.Az

"Erməni soyqırımı" iddiaları ilə Xocalı qətliamı və Osmanlıya xəyanət gizlədilə bilməz"


 

AVROPARLAMENTƏ ETİRAZLAR DAVAM EDİR

"Erməni soyqırımı" iddiaları ilə Xocalı qətliamı və Osmanlıya xəyanət gizlədilə bilməz"<b style="color:red"></b>

"Əslində deqradasiya Avropa Şurasında baş verir ki, belə bir qurumu Brösser kimi qərəzli, daşıdığı vəzifənin sorumluluğunu anlamayan və yaxud da anlamaq istəməyən birisi təmsil edir".

Bunu Milli Məclisin (MM) deputatı Sahib Alıyev Avropa Şurası Parlament Assambleyasının baş katibi Ann Brösserin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərə, həmçinin, Avroparlamentin qətnaməsinə münasibətini bildirərkən deyib.
 
"Avropa Şurası Parlament Assambleyasının baş katibi An Brösser ötən həftə Ermənistanda idi".

S.Alıyevin sözlərinə görə,  gözləmək olardı ki, xanım Brösser fürsətdən faydalanaraq və təmsil etdiyi qurumun 2005 və 2008-ci illərdəki qətnaməsinə dayanaraq həmin ölkənin rəhbərliyni işğalçılıq siyasətinə son qoymağa çağıracaq.

O qeyd edib ki, oradakı-Ermənistandakı hərbi xuntanın diqqətinə çatdıracaq ki, onlar bununla həm də bir milyondan artıq azərbaycanlının öz yurdunda yaşamaq kimi doğal haqlarını pozurlar:
 
"Amma əvəzində nə gördük? Avropa Şurası Parlament Assambleyasının baş katibi Ermənistandan Azərbaycan və Türkiyəyə səslənərək uydurma soyqırımı tanımamızı istədi. Gözünün önündəki real bir milyon adamın pozulmuş haqlarındansa, uydurma olay qurbanlarından danışdı. Özü də Xocalı soyqırımını törədənlərlə çiyin-çiyinə duraraq. Bu gün isə Twitterdə Azərbaycanda insan haqlarıyla bağlı vəziyyətin deqradasiyaya uğramasından dəm vurur.

Əslində deqradasiya Avropa Şurasında baş verir ki, belə bir qurumu Brösser kimi qərəzli, daşıdığı vəzifənin sorumluluğunu anlamayan və yaxud da anlamaq istəməyən birisi təmsil edir".

"Avropa Parlamentinin Azərbaycan və Türkiyə dövlətinə qarşı qəbul etdiyi bu qərar qeyri-obyektiv olmaqla yanaşı, tarixi faktların təhrif olunmasının, tarixin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin və ədalətsizliyin göstəricisidir".

Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, təşkilatın Alt komitəsinin sədri Sahibə Qafarova deyib.

"Bu qərarın qəbulunun faktiki olaraq heç bir hüquqi qüvvəsi olmamasını nəzərə alsaq, bunun qondarma "erməni soyqırımı" iddialarının qəbulu baxımından prosesə hər hansı bir təsiri olmayacaq"- deyən S. Qafarova qeyd edib ki,  çünki bunlar sadəcə ermənilər tərəfindən irəli sürülən və dünya erməniliyinə xidmət edən bəzi siyasilərin dəstəklədiyi uydurma iddialardan başqa bir şey deyil.

Onun sözlərinə görə, əgər belə olmasaydı, Ermənistan dövləti Türkiyənin arxivlərin açılması və iddiaların birgə komissiya vasitəsilə araşdırılması yönündəki təklifinə müsbət cavab verərdi:

"Ermənilər çox gözəl dərk edirlər ki, tarixdə belə bir fakt yoxdur. Tarixi saxtalaşdırmaq, onu siyasi məqsədlər naminə manipulyasiya vasitəsinə çevirmək cəhdləri isə heç bir nəticə verməyəcək. Təəssüf doğuran məqam ondan ibarətdir ki, Avropa Parlamenti kimi bir qurum öz dəyər və kriteriyalarını ayaqlar altına ataraq bir qrup sifarişlə fəaliyyət göstərən siyasətçilərin məkrli niyyətlərinə alət olur. Bu hər şeydən əvvəl bu təşkilatın özünün nüfuzuna böyük zərbədir".

AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru  Musa Qasımlı öz növbəsində deyib ki, Avroparlamentin uydurma erməni soyqırımına dair qəbul etdiyi qətnamə tarixi gerçəkliyi qətiyyən doğru əks etdirmir, tamamilə səhvdir.

"Tarix məsələləri ilə parlamentarilər deyil, tarixçilər, tədqiqatçılar məşğul olmalıdırlar".

M.Qasımlının sözlərinə görə, belə bir qətnamə hələ 1987-ci ildə də qəbul edilmişdi.

O, qeyd edib ki, həmin zaman Türkiyə Böyük Millət Məclisinin həm iqtidar, həm müxalifət, həm də bitərəf deputatları birgə etiraz sənədi də imzalamışdılar:

"İndiki qətnamə türk və erməni xalqları arasında sülhə, mehriban qonşuluğa deyil, düşmənçiliyin qızışdırılmasına xidmət edir, Türkiyəyə təzyiq, inkişafına və çoxyönlü xarici siyasət xəttinin reallaşdırılmasına mane olmaq məqsədi daşıyır. Ancaq nə qədər belə saxta qərarlar qəbul edilsə də, türk xalqının etmədiyini kimsə ona qəbul etdirə bilməz.
 
Ən mötəbər tarixi mənbələr sübut edir ki, XX əsrdə dinc türk-müsəlman əhaliyə qarşı ilk dəfə olaraq kütləvi qırğınları erməni silahlı dəstələri 1905-1906-cı illərdə və Birinci Dünya müharibəsi illərində Cənubi Qafqazda, Şərqi Anadoluda, Cənubi Azərbaycanda və başqa yerlərdə törədiblər. Daha sonra isə daşnak Ermənistanı dinc türk-müsəlamn əhalinin soyqırımını dövlət siyasətinə çevirib".

Qeyd edək ki, Azərbaycan siyasiləri, millət vəkilləri ilə yanaşı, daha bir tanınmış Türkiyə siyasətçisi-sənətçisi, hakim AKP-dən deputatlığa namizəd Uğur İşılak da  Avroparlamentin qərarına kəskin etirazını bildirib.
 
U. İşılak  Avroparlamenti uydurma "erməni soyqırımı " ilə deyil, tarixdə olmuş əsl soyqırımlarla maraqlanmağa çağırıb.
 
"Erməni soyqırımı" iddiaları ilə nə Xocalı qətliamı, nə də Osmanlıya xəyanətiniz pərdələnə, gizlədilə bilir! Ey AP! Alın sizə ilgilənməniz gərəkən soyqırımlar: (1954-62) Əlcəzair, (1912-74)Kıbrıs, (1970-89) Bolqarıstan türkləri (1992)Xocalı, (1992-96)Bosniya"-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





21.04.2015    çap et  çap et