525.Az

Azərbaycan 2015-ci ildə İsraildə səfirlik aça bilər


 

ELXAN ŞAHİNOĞLU: "İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏR STRATEJİ ƏHƏMİYYƏT DAŞIYIR"

Azərbaycan 2015-ci ildə İsraildə səfirlik aça bilər<b style="color:red"></b>

"İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulub. 1993-cü ilin avqustunda isə bu ölkənin Bakıda səfirliyi açılıb. Buna baxmayaraq, Azərbaycanın hələ də İsraildə səfirliyi yoxdur". 

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Azərbaycan İsrail münasibətlərindən danışarkən deyib.

O qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu 1997-ci ildə Cənubi Koreya səfərindən geri qayıdarkən təyyarə ilə Bakıya enib və bu İsrailin hər hansı dövlət xadiminin Azərbaycana ilk səfəri kimi tarixə düşüb:

"Səfər cəmi bir neçə saat çəkib. Ancaq bu bir neçə saat kifayət edib ki, mərhum dövlət başçısı Heydər Əliyev Benyamin Netanyahu ilə iki ölkə arasındakı münasibətlərin perspektivini geniş müzakirə etsin.

Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi Azərbaycanın İsraildə səfirlik açması idi. Heydər Əliyev bu məsələnin yoluna qoyulması üçün müəyyən zamana ehtiyac olduğunu bildirib. Bu görüşdən sonra İsrailin prezidenti və xarici işlər naziri dəfələrlə Azərbaycana səfər edib. Hazırda iki dövlət arasında sıx dialoq mövcuddur. Qarşılıqlı münasibətlərimiz strateji əhəmiyyət daşıyır".

İsraildə güclü azərbaycanlı lobbisinin olduğunu xatırladan E.Şahinoğlu bildirib ki, onlar vaxtilə Azərbaycandan İsrailə köçən yəhudilərdir:
 
"Yerli hakimiyyət bu lobbi ilə hesablaşır. Azərbaycan lobbisinin keçirdiyi tədbirlərə İsrail rəsmiləri qatılırlar. ABŞ-dakı güclü yəhudi lobbisi də Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyir. Bu dəstək İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına görədir.

Beləliklə, İsrail-Azərbaycan münasibətlərinin hazırkı durumundan hər iki tərəf razıdır. Bu münasibətlərin tamlığına sadəcə, Azərbaycanın İsraildə səfirliyinin yoxluğu mane olur.

Rəsmi Bakı İran və ərəb dünyası ilə münasibətləri pozmamaq üçün İsraildə səfirlik açmağa ehtiyat edir. İran nüvə məsələsinin həllində ABŞ-la anlaşmağa yaxındır. Böyük ehtimalla iyunun 30-da tərəflər arasında sənəd imzalanacaq. Bu isə İranın Qərblə əməkdaşlığına yaşıl işıq yandıracaq. İranın daxilində də ABŞ və Avropa Birliyi ilə əməkdaşlığın başlanmasına hazırlıq gedir. Belə olan halda Tehranın Azərbaycanın İsraildə səfirlik açmasına etirazı məntiqdən kənar səslənər. Çünki əgər İran özü Qərblə əməkdaşlığa başlayacaqsa və yaxın gələcəkdə hətta ABŞ-ın Tehranda səfirliyinin yenidən fəaliyyəti müzakirəyə çıxarılacaqsa, İran Azərbaycana oxşar addım atmağa mane ola bilməz.
 
Rusiya və Ermənistan İranın bölgədə iki strateji tərəfdaşıdır və həm Moskvanın, həm də İrəvanın İsraildə səfirlikləri var.
 
Belə olan halda Tehran Bakıya niyə İsraildə səfirlik açmağa mane olmalıdır? Ərəb dünyası ilə Azərbaycan arasında sıx əlaqələr var. Azərbaycan Prezidenti İlham Əliyev bu ay ərəb dünyasının liderliyinə iddialı olan Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səudiyyə Ərəbistanı Yəməndəki savaşa müdaxilə edib. Çünki Ər-Riyad İranın bölgədəki rolunun artmasından narahatdır. Səudiyyə Ərəbistanı Yəmən üzərindən İranın bölgədəki maraqlarını sıxışdırmağa çalışır.

Bu mübarizədə Səudiyyə Ərəbistanının ABŞ-ın dəstəyinə ehtiyacı var. Ər-Riyadın bu istiqamətdəki fəallığı İsrailin də maraqlarına xidmət edir. Ümumiyyətlə Səudiyyə Ərəbistanının Misirin yeni hakimiyyətinə dəstəyi, Suriya, İraq və Yəmənlə bağlı mövqeyi İsrailin mövqeyi ilə çox da kəsişmir. Demək Azərbaycanın İsraildə səfirlik açması faktına bölgənin əsas ərəb oyunçusu Səudiyyə Ərəbistanı da mənfi yanaşmayacaq.

Bu o deməkdir ki, həm İran, həm də ərəb dünyası faktoru Azərbaycana İsraildə səfirlik açmağa mane olmayacaq. İyunun 30-da 5+1 formatında İranla saziş imzalanarsa, rəsmi Bakı 2015-ci il ərzində İsraildə səfirlik açmaq üçün münbit geosiyasi şərait əldə edəcək".

İsrail hökumətinin səfirlik açılması məsələsində rəsmi Bakını tələsdirmədiyini deyən politoloqun sözlərinə görə, Azərbaycan hakimiyyəti heç bir dövlətin təsiri altında olmadığını, xarici siyasətdə milli və təhlükəsizlik maraqlarından çıxış etdiyini dəfələrlə vurğulayıb: "Bu baxımdam rəsmi Bakının İsraildə səfirlik açması Azərbaycanın milli və təhlükəsizlik məsələlərində heç kimdən asılı olmadığını bir daha göstərəcək".

Ceyhun ABASOV

 





21.04.2015    çap et  çap et