525.Az

Əlvida demirəm...


 

Əlvida demirəm...<b style="color:red"></b>

Biz hamımız zaman adlı bir sürət qatarının sərnişinləriyik. Bu qatarın dayanacağı yoxdur, hər kəsin enəcəyi vaxt var, hər kəs o zaman enir.

Bizim vaxtdan başqa bir ölçü vahidi olan vaxtda enir. Mən "enir" dedim, bəlkə, səhv edirəm, başqa bir zaman qatarına qalxırıq, ucalırıq. Orasını yaxşı bilmirəm... İndiyə kimi görüb, qayıdıb danışan da olmayıb.

Mənim getdiyim sürət qatarında öz yol yoldaşlarım olub, var. Bu gün bir yaxın dostum, mənəvi qardaşım da "olublar" sırasına qovuşdu. Böyük bəstəkarımız, gözəl insan, sadiq dost və son dərəcə vətənpərvər olan Xalq artisti Ramiz Mirişlini yerdən əllərimiz üstə qaldırıb başqa bir müstəvidə hərəkət edən zaman qatarında əbədiyyətə yola saldıq. Mən də indi-indi xəstəlikdən dirçəlir, özümə gəlirdim. Başımı qatmaq üçün mahnı mətnlərindən ibarət kitabımın əl yazısını varaqlayacaqdım ki, nöqtəsinə-vergülünə baxım.

Baxdım ki, Ramiz Mirişli ilə yazdığımız mahnıların sayı yetmişi keçib. Ürəyimin dərinliyində bir sarı sim gileyləndi ki, ay Ramiz, iki aydı xəstəyəm, bir zəng də eləmədin. On dəqiqə keçməmiş zəng gəldi. "Ramizi saat ikidə yola salırıq". Özümü də, ürəyimi də, ürəyimin içindəki sarı simi də danlaya-danlaya yola düşdüm.

- Əşi, ürəyinə salma, sənə olmaz! Dünyadı da... Səksən yaşı vardı.

- Əşi, nə səksən yaş?! - yadıma düşdü ki, özümün də bu il səksən yaşım olacaq - bəyəm səksən yaşında insan mütləq ölməlidi?! Axı nə tez səksən il oldu! İllər bir göz  qırpımında keçib getdi. Dünyadan, ömürdən bir həzz ala bilməmiş gördük qocalmışıq.

Səksən il deyəndə adama çox görünür. Amma ömür yolu o qədər də rahat olmayıb, çalışmışıq, çalışmışıq.

O qədər çalışırıq ki, səksən il deyəndə səksənib ayılırıq. "Biz bu səksən ili nə zaman yaşadıq?! Bu səksən il nə vaxt gəldi keçdi?! Eyni zamanda, düşünürəm, sakit ol, heç bu yaşa gəlib çıxmayan dostlarımız da olub.

Bu qatarda yeri boş qalan insanları xatırla. Bax, yerlərin əksəriyyəti boşdur. Bir əlin barmaqları ilə sayılacaq qədər dostlarım, yaşıdlarım qalıb bu qatarda. Əlbət ki, bir-birimizdən xəbər tutmalıyıq, hal-əhval bilməliyik. Həm də tez-tez... Amma qardaşım Ramiz, dedim ki, səninlə yetmişdən çox mahnı yazmışıq.

Mən onları dinləyəndə onların yazıldığı illərə, onlara qayıdacağam. Səninlə yenidən zarafatlaşacağam.

Musiqili Komediya Teatrında gedən tamaşalarına baxacağam. Simfoniyalarını, simfonik poemalarını, kantatalarını, mahnı və rəqs ansamblı üçün yazdığın əsərləri, ölməz mahnılarını dinləyəcəyəm. Sənə heç kəs "Ramiz Mirişli getdi, getdi" deyə bilməyəcək. Ən uzaq gələcəkdəki nəsillər də sənin musiqini dinləyib "Ramiz Mirişli gəldi" deyəcəklər. Hələlik, dostum, qardaşım Ramiz!

Ramiz Mirişliyə bir ağız ağı

Bəhanə axtarıram
Orda atası, anası gözləyirdi.
Zərifə adlı sonası gözləyirdi.
Onun üçün ağır gəldi bu il.
Elə mənim də gedəcəyim
Mənzil uzaq deyil.
Mafənin yanındayam,
Getməyinə yenə inanmıram.
Donub qalmışam,
Heç nə anlamıram, qanmıram.
Yanıb-tökülmürəm,
ağlamıram, gülmürəm.
Bu dünya niyə belə qurulub;
Bilmirəm, bilmirəm, bilmirəm!!!
Yox bu üsyan deyil.
Kainatın boşluğuna,
Çəkisizliyinə, sərxoşluğuna,
Nə üsyan!
Ramiz kimi insan,
Necə belə asan
Uçub, köçüb gedə bilər.
Bu yolun son həddində,
Həyatla, ölümün sərhəddində
Bir saxlayan,
Yoxlayan,
Yox! Deyən olmur?
Bu qədər yarımçıq işləri,
Ürəyində qalmış
əsərləri
hara aparırsan - deyən olmadı!?
Yəqin, orda da gözəl gülüşünü görüb
Xətrinə dəyən olmadı.
Sən də keçib gülə-gülə getdin.
Çoxlarına insan kimi yaşamağı,
İnsan kimi ölməyi öyrətdin.
Qardaş, öyrənənlər də
azdı, tək-təkdi.
Dərs almağa da istedad,
Şəxsiyyət gərəkdi.
Ürəyimin yarasına axdı, göynətdi
Gözlərim dolu yaş
Əlvida demirəm,
Hələlik, hələlik, qardaş!

18 aprel 2015

 





21.04.2015    çap et  çap et