525.Az

Mən aqronomam


 

Altıncı yazı

Mən aqronomam<b style="color:red"></b>

Çiçəkçilikdə bitkilərdən necə istifadə etməli? 

İlk baxışda asan görünsə də, yerli və xarici  floradan olmasından asılı olmayaraq, çiçək əkməzdən  əvvəl həmin bitkinin çoxaldılma üsullarını, aqrotexniki becərilmə qaydalarını və bəzək bağçılıqda səmərəli şəkildə istifadə edilməsini və  necə adaptasiya olunmasını müəyyən etmək lazımdır. Və bu çiçəklərin bioekoloji xüsusiyyətlərini bilməklə  - onların kompazisiyada, hansı növün tək-tək, hansı növün qrup şəklində, ya çəmənçilikdə, yaxud alpinariya üçün, yaşıl bardür üçün, ya da gül dəstəsi üçün məsləhət görüldüyünü öyrənmək olar.
 
Bundan sonra perspektivli növləri seçib onların ətirli, parlaq və əlvan çiçəkli olmasını, kserofitləşməsini - quraqlığa və istiliyə davamlılığını, çiçəkləmə müddətinin uzunluğunu,  habelə çoxillik  olmasını nəzərə almaqla  onun istifadəsini asanlaşdırmaq olar.

Çiçəkçilikdə işlərin mövsümü xarakter daşıdığını nəzərə almamaq mümkün deyil,    çiçəkləmə müddətinin uzunluğu əsas götürülsə də ömürlülüyü  bir, iki  və çoxillik olan  çiçək bitkilərinin  şitillərini becərmək  incə iş olduğu qədər də hövsələ tələb edir.   

Çiçəkçilikdə birillik dekorativ bitkilər çoxluq təşkil edir. Lakin bu yay çiçəklərinin ömrü bir neçə aydan artıq olmur . Erkən yazda əkilən bu bitkilər tez bir zaman çiçəkləyir,  payız girəndə toxum verir və ömrünü sona yetirir.

Minaçiçəyi,  astra, mixəkgülü, şəbbügülü, qurdağzı, petuniya, məxməri sabahgülü  və s. yaxşı yaylıq çiçəklərdir. Bu çiçəklər adətən bitki əkilməsi mümkün olmayan yerlərdə - müvəqqəti çiçəklik üçün ayrılmış yerlərdə əkilir. Və bu cür çiçəklərin dözümlülüyü əsas götürülür.  

Seçilən  çiçəklərin  quraqlığa və istiliyə davamlılığı, həm də əksər növlərin çoxillik olması onun təsərrüfat  effektivliyini  artırır, bitkilərin becərilməsini  asanlaşdırır, çox qulluq tələb etmir, habelə təbii su ehtiyatlarından istifadə etməsi  texniki sahədə su probleminin həllinə kömək edir.  Bu cür  seçimdən  sonra bu çiçəklərin  ən prespektivli növləri  fərqləndirilir  və daimi yerinə əkilir. 

İkiillik çiçəklər (alabəzək bənövşə, mixəkgülü, şəbbü və s.) toxum vasitəsi ilə çoxaldılır.

Çiçəkçilikdə ən çox istifadə edilən çoxillik dekorativ bitkilərdir. Qızçiçəyi(marqaritka)  kimi bu bitkilər  4-8 Gələcək çiçəkliyin planı tutulmalı, yerini müəyyən etməli, sonra torpaq işlənməlidir. 

Sahənin seçilməsi və torpağın hazırlanması üçün açıq qruntda günəşli, küləkdən qorunan, düzən sahə seçilməli, alaqlardan, daş-kəsək və qeyri tullantılardan təmizlənməlıdir. Sahənin uzunluğu və eni uyğun rəqəmlərlə işarələnməlidir.             (Təcrübələr üçün  2x1m ölçüdə ləklər hazırlanmalıdır). Torpaq yazda 10-15 sm dərinlikdə şumlandıqdan sonra hamarlanmalı  və münbitləşdirilməlidir.  Torpağın yüngül və məsaməli olması üçün substrat  işlənməlidir . Torpağa əlavə olaraq qum,torf, çürümüş  peyin və yarpaq çürüntüsü, eyni zamanda  uyğun nisbətdə mineral gübrələr verilərək səpinə hazırlanmalıdır. Tədqiq  olunan növlərin  toxumlarının cücərmə qabiliyyətləri bir-birindən fərqli olduğu üçün təcrübələr üçün də fərqli  hazırlıq işləri görülməlidir.     

Səpin  vaxtını müəyyən etmək üçün tədqiqat zamanı seçilmiş növün toxumları 3 təkrarda səpilməli , toxumların səpin dərinliyi, torpağın rütubəti və temperatur göstəriciləri müəyyən edilərək toxumların cücərmə müddəti və cücərtilərin çıxış faizi nəzərə alınaraq optimal səpin vaxtı dəqiqləşdirilməlıdir .   

Çiçəklərin toxumla çoxaldılması zamanı səpin vaxtı Abşeronda əksərən aprel-may aylarına düşür, bu da həmin bitkilərin səpininin praktiki cəhətdən məqsədəuyğun olduğunu göstərir.

Bitkilərə qulluq- suvarma, yumşaltma, alaqların təmizlənməsi, gübrələmədən ibarətdir.

Vegetasiya müddətində, butanizasiya-qönçələmə, kütləvi çiçəkləmə və toxumların formalaşması zamanı hər  kv. m. sahəyə 20 litr su verilməli, yağmurlu günlər istisna olmaqla həftədə bir dəfə su normasına əməl edərək suvarma aparılmalıdır.

Yağışdan və suvarmadan 2-3 gün sonra səpin altında olan torpaq yumşaldılmalıdır.

Yumşaldılma vaxtı sahələr  alaqlardan  təmizlənməlidir.

Vegetasiya dövründə 3 dəfə qidalandırılmalı- 1 kv. m. sahəyə 20 q azot, 30 q superfosfat, 20 q kalium gübrələrinin qarışılıqları verilməlıdir. Bitkilərin torpağın digər elementlərinə tələbkarlığı nəzərə alınaraq üzvi gübrələrdən(1 kv.m. sahəyə  5 kq ələnmiş quru peyin) başqa  əhəngli torpaqları sevən bitkilər üçün kalsium, habelə mikrogübrələr verilməsi yaxşı nəticələr verir.

İkinci il çiçəkləyən bitkilərin (birinci ili kökyanı yarpaqlar əmələ gəlir) qidalanması butanizasiyanın başlanğıcında eyni ilə digər bitkilərdə olduğu kimi təkrar olunmalıdır.

Bitkilərin solan çiçəklərini qoparmaqla, bolluca suvarmaqla  və 8-10 gündən bir durulaşdırılmış gübrə ilə qidalandırmaqla  çiçəkləmə müddətini bütün mövsüm ərzində uzatmaq olar.    

Əlavə edək ki, kölgələndirməklə də  bitkilərin  yay mövsümündə  çiçəklənməsinə nail olmaq mümkündür. Əlvan və başqa parlaq rəngli çiçəklərin qazon sahəsində görüntüsü  çox yaxşıdır.

Çiçəklərin  bəzək bağçılıqda böyük təsərrüfat əhəmiyyəti vardır.

Çiçəklər təkcə yaşıllaşdırmada effekti artırmaq üçün, arxitektur elementlərin  qabarıqlarını daha yaxşı diqqətə çatdırmaq üçün deyil, həm də bəzək və estetika məsələsi ilə də qurtarmır,  çiçəklərinin ətirli olması ilə, bal verən - nektarlı bitkilər kimi  də qiymətlidir. Bu bitkilər tək-tək, qrup halında, bardür bitkisi olaraq, canlı yaşıl çəpər bitkisi kimi əkmələrdə, müxtəlif  bitki kompozisiyalarının, dağ mənzərələrinin  ("qorko"ların) yaradılmasında, klumbaların, vazaların, buketlərin bəzədilməsində əvəzedilməzdir.

Quru subtropik iqlimə malik olan Abşeron zonasında  dekorativ çiçəklərin   çiçəkləmə müddətinin 80-100 gün,  hətta 200 gün uzanması təbii ki, insanın  zövqünü oxşayır, insanın təbiətə  ekoetik münasibətinin formalaşdırılmasında  müsbət  rol oynayır.

Xosrov NATİL

 





21.04.2015    çap et  çap et