525.Az

Naxçıvan Dövlət Universitetində valideynlərlə görüş


 

Naxçıvan Dövlət Universitetində valideynlərlə görüş<b style="color:red"></b>

Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib.
 
Təhsil müəssisəsi və universitetdə təhsil alan tələbələrin ailələri arasında əlaqələri daha da gücləndirmək məqsədilə keçirilən görüşdə iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin 10 fakültəsində 56 ixtisas üzrə ali təhsil alan 5000-ə yaxın tələbə, magistr və aspirantın müstəqil Azərbaycanın dövlətçilik maraqlarını gerçəkləşdirə biləcək layiqli nəsil, dəyərli mütəxəssis kimi yetişdiyini qeyd edib.

Rektor, tələbələrin pis vərdişlərdən uzaqlaşdırılması, onların təhsilə cəlb olunması və təlim-tərbiyə işində universitetlə ailənin birgə əlaqəsindən danışaraq,  görüşün əhəmiyyətini vurğulayıb:

"Universitetin qarşısında duran əsas vəzifələrdən biri savadlı, geniş dünyagörüşünə və yüksək intellektə malik Vətənə, cəmiyyətə layiqli gənclər yetişdirməkdir. Tələbələrin ixtisaslı kadrlar kimi yetişməsində tək universitetin yox, ailənin də üzərinə mühüm vəzifələr düşür. Məhz buna görə də universitetlə ailə arasında sıx əlaqə qurulmalıdır".

Boloniya prosesinin prinsiplərinə uyğun olaraq tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilərək, onlayn dərslərin keçirildiyini nəzərə çatdıran rektor vurğulayıb ki, imtahan sessiyasının  şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə, semestr imtahanları elektron qaydada test üsulu ilə aparılır.

Tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasova Azərbaycanda, o cümlədən, Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən qayğı nəticəsində təhsil müəssisələri fəaliyyətinin gücləndirildiyini, ali təhsil müəssisələrində də tədrisin müasir tələblər səviyyəsində təşkil olunduğunu, ailə və ali təhsil müəssisələrinin birgə işindən və onların üzərinə düşən vəzifələrdən danışıb.

Görüşdə Muxtar Respublika ilə yanaşı, Azərbaycanın digər rayonlarından olan valideynlər çıxış edərək, tələbələrin ikinci evi sayılan universitetlə tanış olduqlarını və yaradılan yüksək şəraitdən məmnunluqlarını ifadə ediblər. Bu ali təhsil ocağında övladlarına bilik və bacarığını sərf edən professor-müəllim heyətinə, onların təkliflərini dinlədikləri üçün universitetin rəhbərliyinə minnətdarlıqlarını bildirərək, bu cür görüşlərin davamlı olmasını arzulayıblar.

Tədbirin bədii hissəsində universitetin xarici və yerli tələbələrinin  musiqi nömrələri dinlənilib.

 





23.04.2015    çap et  çap et