525.Az

Kitablara bağlı sənətkar taleyi


 

Tofiq Bakıxanov - 85

Kitablara bağlı sənətkar taleyi<b style="color:red"></b>

Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, "Şöhrət" ordenli bəstəkar, Prezident təqaüdçüsü Tofiq Bakıxanovun 85 illik yubileyi ilə onun ilk kitabının 60 illiyi eyni vaxta düşür.
 
Ustad sənətkarın yaradıcılığı ilə dərindən tanış olan tədqiqatçıların fikrincə, tələbə - bəstəkarın 1955-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatında işıq üzü görmüş "15 Azərbaycan xalq mahnısı" kitabı (fortepiano və skripka üçün işləmələr) kifayət qədər uğurlu başlanğıc olub. Çünki həmin kitabdan sonra Tofiq Bakıxanovun yüzə qədər kitabı çap olunub və böyük oxucu marağı ilə qarşılanıb. Geridə qalan 60 ildə Bakı, Moskva, Leninqrad, Kiyev şəhərlərindəki, eləcə də Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşa şəhərlərindəki müxtəlif nəşriyyatlar onun yaradıcılığına dönə-dönə müraciət ediblər. Bundan başqa Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının Azərbaycandakı səfirlikləri tərəfindən də bəstəkarın əsərləri ayrıca nəşr olunub və musiqi ifaçılarının istifadəsinə verilib.

Xatırladaq ki, Azərbaycanda not-musiqi ədəbiyyatının çapına hələ ötən əsrin üçüncü onilliyindən - dahi Üzeyir bəy Hacıbəylinin "Aşıqsayağı" əsərinin nəşri ilə başlanılıb. 1927-ci ildə Müslüm Maqomayevin və Üzeyir bəy Hacıbəylinin birgə işlədikləri "Xalq mahnıları məcmuəsi", Asəf Zeynallının ölümündən sonra (1932-ci il) bu nakam sənətkarın romansları, eləcə də Tofiq Quliyevin və Zakir Bağırovun nota köçürdükləri "Rast" və "Dügah" muğamları musiqisevərlərə kitab şəklində təqdim olunub. 1954-cü ildə Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev öz çıxışlarından birində bu məsələnin daim diqqət mərkəzində saxlanılmasının və yeni-yeni kitabların ərsəyə gəlməsinin vacibliyini vurğulayıb.

Həmin illərdə Konservatoriyanın Bəstəkarlıq fakültəsində təhsil alan Tofiq Bakıxanov yuxarıda qeyd etdiyimiz kimi 1955-ci ildə " 15 Azərbaycan xalq mahnısı", Azərbaycan xalq təranələrindən skripka ilə fortepiano üçün işlənmiş "Birinci məcmuə", 1956-cı ildə Böyük Vətən müharibəsində həlak olmuş gənc bəstəkar Məmməd İsrafilzadənin xatirəsinə həsr olunmuş "Elegiya" əsəri və 1957-ci ildə "17 uşaq pyesi" ilə yanaşı "İkinci məcmuə" kitabları geniş oxucu kütləsinə təqdim edilib.

Sonrakı illərdə opera janrı istisna olmaqla bütün janrlarda musiqi əsərləri yaradan Tofiq Bakıxanovun əsərlərinin hamısı kitab şəklində nəşr olunub. İrihəcmli əsərlər 50 adla, kiçik əsərlər isə 40 dəfə müxtəlif adlarla nəşr edilib. Maraqlıdır ki, bu bəstəkarın bütün əsərləri yarandığı dövrün ən aktual mövzularında olub. 1960-70-ci illər arasında bəstəkarın Abbasqulu ağa Bakıxanovun sözlərinə yazılmış "Səninlə bağlıdır bəxtiyarlığım", Süleyman Rüstəmin sözlərinə yazılmış "Sevməyir, qoy sevməsin", Tofiq Mütəllibovun sözlərinə yazılmış "Gözəlliklər məskəni" mahnıları, əfsanəvi partizan Mehdi Hüseynzadənin qəhrəmanlığına həsr olunmuş "Uzaq sahillərdə" simfonik poemasının partiturası, Azərbaycan Respublikasının 40 illiyi münasibətilə keçirilən yaradıcılıq müsabiqəsinin qalibi olmuş "Birinci simfoniya"nın partiturası, 11 mahnı və romansların daxil edildiyi "Nigar" mahnılar məcmuəsi və daha onlarla kitabı işıq üzü görmüşdür.

Sonrakı onillikdə isə ustad sənətkarın beş adda irihəcmli əsərləri kitab şəklində nəşr olunub. Bundan başqa Moskvada keçirilmiş ümumittifaq müsabiqəsinin qalibi olub, sonra isə Avropanın bir çox teatrlarında böyük uğurla nümayiş etdirilmiş "Xəzər balladası" baletinin klaviri 1975-ci ildə Moskvadakı "Sovet bəstəkarları" nəşriyyatında böyük tirajla çap olunub və kifayət qədər maraqla qarşılanıb. Ötən əsrin 80-ci illəri də Tofiq Bakıxanovun həm musiqi yaradıcılığında, həm də yeni-yeni kitablarının ərsəyə gəlməsində uğurlu olub. Həmin illərdə bəstəkarın Moskvadakı adı çəkilən nəşriyyatda 6 adda kitabı işıq üzü görüb.

 Xatırladaq ki, həmin illərdə  kitab nəşr etdirmək bəstəkarlar üçün o qədər də asan iş deyildi. Çünki müəllif yeni əsərini Bəstəkarlar İttifaqına təqdim etdikdən sonra orada ilk növbədə əsərin dinlənilməsi təşkil edilir, sonra geniş müzakirələr başlanırdı.

Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü olan Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Tofiq Quliyev, Səid Rüstəmov və digər görkəmli sənətkarların hər birinin yeni əsər barədə rəyi böyük əhəmiyyət kəsb edirdi. Bu ciddi müzakirələrdən sonra Bəstəkarlar İttifaqı kitab kimi çap olunacaq əsərlərin siyahısını Dövlət Nəşriyyat Komitəsinə təqdim edir, orada isə hər əsərin ayrılıqda növbəti və daha ciddi müzakirəsi başlanırdı. Sonra isə bəyənilmiş əsərlərin siyahısından ibarət Tematik Plan Mərkəzi Komitəyə təqdim olunur və əsas müzakirələr də məhz orada başlanırdı. Həmin mərhələdə də bəyənilmiş əsərlərin siyahısı "Azərnəşr"ə göndərilir və bundan sonra söz senzuraya verilirdi. Çoxmərhələli müzakirələrdən sonra senzuranın da "yox" deməyə səlahiyyəti var idi. Yəni bu gün "Tofiq Bakıxanovun filan onillikdə bu qədər kitabı işıq üzü görmüşdür" - demək çox asandır. Həmin illərdə bu qədər nəticələrə nail olmaq isə dəhşətli dərəcədə çətin idi.

Azərbaycanın həmin əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etməsi bütün yaradıcı zümrələr kimi bəstəkarların fəaliyyətinə də yeni stimul vermiş oldu. Eyni zamanda yaradıcı insanlarımız xaricdəki həmkarları ilə sərbəst əməkdaşlıq etmək imkanı əldə etdilər. Bu imkanlardan bəhrələnən Tofiq Bakıxanov Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada "Kuzey Kıbrıs fəsilləri" adlı 7 hissədən ibarət yeni əsərinin partiturasını və 3 adda irihəcmli əsərlərini nəşr etdirdi. Yeni əsrin ilk illərindən etibarən isə İran xalq musiqisi əsasında qələmə aldığı "Şərqdən gələn sədalar" və "Firdovsini yad edərkən" adlı əsərləri bu dost ölkənin "Əl-Hüda" nəşriyyatı tərəfindən çap olunub. 

Qeyd edək ki, Tofiq Bakıxanov təkcə milli musiqimizlə və Şərq incəsənəti ilə deyil, eləcə də Qərb mədəniyyəti ilə dərindən maraqlanan sənətkarlarımızdandır. Onun Amerika bəstəkarı Corc Gerşvinin xatirəsinə həsr etdiyi "6 nömrəli cazsayağı konsert"  (skripka ilə simfonik orkestr üçün) okeanın o tayında yüksək qiymətləndirilmiş və öz müəllifinə ABŞ-ın 2010-cu il üçün " Fulbrayt -Heys" təqaüdü laueratı adını qazandırmışdır. Xatırladaq ki, həmin əsərin partitura və klaviri bilavasitə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə kitab halında çap olunub.

Bəstəkarın Muxtar Respublikanın 85 illiyi münasibətilə yazdığı "Naxçıvan", Mustafa Kamal Atatürkə həsr etdiyi "Dünya durduqca yaşa", "Şərq poeması", "Romanslar məcmuəsi" və Əməkdar jurnalist İttifaq Mirzəbəylinin sözlərinə yazılmış "Mahnılar məcmuəsi" (bu məcmuə Ankarada fəaliyyət göstərən Dünya Söz Akademiyasının Hacı Fərhad Mirzə adına "Beynəlxalq Kəlam mükafatı"na layiq görülmüşdür) əsərləri həm son dövrlərdə ən çox ifa edilib, həm də ayrıca kitab şəklində musiqisevərlərə təqdim olunub.

Bütün bunlarla yanaşı professor Tofiq Bakıxanov Üzeyir bəy Hacıbəylidən üzü bəri bir çox görkəmli sənətkarlarımız haqqında yazılmış otuza qədər kitabın redaktoru və ya ön sözün müəllifi kimi ölkə musiqisevərlərinə yaxşı tanışdır. Onun özü haqqında yazılmış kitabların sayı da artıq ondan çoxdur.

Üstəlik, musiqi əsəri kimi deyil, bilavasitə kitab kimi yazdığı əsərlər də istənilən qədərdir. Bir sözlə, bugünkü Azərbaycan incəsənətində və mədəniyyətində özünəməxsus yeri olan bəstəkar Tofiq Bakıxanov sözün həqiqi mənasında təkcə musiqi əsərlərində deyil, həm də zəngin bir kitabxananı təşkil edə biləcək kitablarda, jurnallarda yaşayır.

Görkəmli sənətkarımızı 85 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.

 





23.04.2015    çap et  çap et