525.Az

"Mədəniyyət.AZ" jurnalı - yeni ad, yeni məzmun


 

"Mədəniyyət.AZ" jurnalı - yeni ad, yeni məzmun<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin uzun illərdən bəri fəaliyyət göstərən mətbu orqanlarından biri, indiyədək "Mədəni maarif" və "Mədəni həyat" adları ilə nəşr olunmuş jurnalı "Mədəniyyət.AZ" adı ilə oxucuların görüşünə gəlib.

Nazirlikdən bildirilib ki, jurnalın adı kimi onun görkəmi, mahiyyəti, məzmunu və məramları da dəyişib. Bütün bu illər ərzində mədəniyyət və turizm sahəsində görülən konstruktiv dəyişikliklər, aparılan islahatlar bu yenilənmənin artıq bir zərurət olduğunu ortaya qoyub.

Oxucular "Mədəniyyət.AZ"ın ilk nömrəsində Novruz büsatı, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış kəlağayımız barədə, ölkənin birinci xanımı Mehriban Əliyeva haqqında sevə-sevə yazılan esseni oxuyacaq, incəsənətimizə böyük töhfələr vermiş ölməz sənətkarları yad edəcək, Azərbaycanı dünya mədəniyyətləri arasında dialoq mərkəzinə aparan yola nəzər salacaq, istedadlı rejissorumuz Cənnət Səlimovanın quruluş verdiyi "III Riçard" tamaşası haqqında və "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının elmi mahiyyəti barədə rəylərlə tanış olacaq, Milli Elmlər Akademiyasında aparılan islahatlar, "Yarat" Müasir İncəsənət Məkanının məramları barədə məlumat alacaq, ədəbi mühitin gənc imzaları ilə görüşəcəklər.

"Mədəniyyət.AZ" jurnalının vacib istiqamətlərindən biri də bu nəşrin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısında olmasıdır. Belə ki, mədəniyyətşünaslıq sahəsində çalışan, Azərbaycan mədəniyyətinin və incəsənətinin elmi tərəflərini araşdıran məzmunlu məqalələr də jurnalın səhifələrində yer alacaq. Jurnalın birinci sayı da elmi məqalələrlə zəngindir.

Nəşrin baş redaktoru Mədəniyyət və Turizm Nazirliyi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri, əməkdar mədəniyyət işçisi Zöhrə Əliyevadır.

Qeyd edək ki, toplunun səhifələrində nazirliyin bütün strukturlarının əməyi sayəsində gerçəkləşən mühüm layihələr, həyatı və fəaliyyəti ilə hamıya örnək ola biləcək şəxsiyyətlər, sənət adamlarının xarici ölkələrdəki uğurları, təsviri sənətin və musiqimizin müasir təmayülləri, səhnə premyeraları, abidələrimiz, mədəni turizm barədə yazılar, müxtəlif təhlili məqalələr və resenziyalar dərc ediləcək.

 





24.04.2015    çap et  çap et