525.Az

Vətənin xoş sabahı naminə...


 

Vətənin xoş sabahı naminə...<b style="color:red"></b>

Yeri-yurdu tanıdan həmişə onun övladları, layiqli oğlu-qızı olub. Zöhrabkəndin də başdan-binədən bəxtinə onu şöhrətləndirən övladlar düşüb. Onlardan kimisi məsul vəzifələrdə çalışan dövlət qulluqçuları olub, kimisi adlı-sanlı elm adamları, fəxri-titullu alimlər.

On iki il bundan qabaq haqq dünyasına qovuşan Ağalar Əliyev təkcə doğulub boya-başa çatdığı qədim Şabran bölgəsinin qoynunda dünyaya gəldiyi doğma Zöhrabkəndin, sonralar yaşayıb çalışdığı, eləcə də torpağa tapşırıldığı Siyəzənin deyil, bütövlükdə doğma Azərbaycanın ləyaqətli, dəyərli övladlarından, SSRİ adlanan böyük bir məmləkəti, bütün Avropanı faşist taunundan azad edən əsgərlərdən biri olub. Öz döyüş şücaətləri ilə bu əsgər sonralar bir qəhrəmana çevrilib. 1942-ci ilin bir soyuq fevral günü hərbi komissarlığa gedən Ağalar Əliyev 1946-cı ildə qalib bir döyüşçü kimi geri dönüb, o qalib əsgərin - serjantın yaxasını yuxarıdan aşağı bəzəyən III dərəcəli Şöhrət, II dərəcəli Böyük Vətən müharibəsi, "Qırmızı Ulduz", "Qırmızı Bayraq" ordenləri, "İgidliyə görə", "Döyüş şücaətinə görə" medallarının bir-birinə dəydikcə çıxardıqları cingilti səsi yeridikcə özündən qabağa gedib çatıb və baxanlar bu igid həmyerliləri ilə fəxr edib. Ali Baş Komandanın əmri ilə Ağalar Əliyev doqquz təşəkkürnaməyə layiq görülüb.

Doğrudur, aradan illər keçəndən sonra bir ara bəzi nadanlar odun-alovun içindən çıxıb gəlmiş müharibə veteranlara üstdən aşağı baxmaq istəyirdilər ki, guya onlar Vətəni deyil, Rusiyanı faşistlərdən qorumuşlar. Ağalar kişinin sərrast cavabı elə kimiləri yerində oturdurdu.

İbrətamiz bir tarixi rəvayət var. Skiflərlə vuruşan Dara adlı hökmdar onların sərkərdəsini ağır sözlərlə məzəmmət edir ki, sizin əsgərlər ağır döyüşlərdən qaçır, geri çəkilirlər.

Skiflərin sərkərdəsi ona belə cava

b verir ki, biz bəzən döyüş meydanlarından ona görə geri çəkilirik ki, arxada əkilmiş zəmilərimiz, şəhər və kəndlərimiz yoxdur. Əgər sən bizim döyüşçülərimizin cəsarətinə, qeyrətinə bələd olmaq istəyirsənsə, onda babalarımızın, ulularımızın qəbirləri olan yerlərə yaxınlaş!.. Bax, onda bilərsən ki, kimlərlə vuruşursan.

1942-ci ilin fevralında Ağalar Əliyev cəbhəyə yola düşəndə faşistlər Şimali Qafqazda idilər və buradan az qala üç addımlıqda isə ulularımızın, babalarımızın əbədi yatdıqları torpaq, əkin-biçin yerlərimiz, doğma Azərbaycanımız idi və Ağalar Əliyev də o torpağın müdafiəsinə qalxmışdı...

1942-ci ilin fevralında Krımdan başlanan cəbhə yolu şəhərlər keçə-keçə, Avropanın neçə-neçə ölkəsini dolaşa-dolaşa 1946-cı ilin sonlarında başa çatdı.  Boqdan Xmetnitski ordenli 877-ci artelleriya polkunun top taqını komandiri idi. Polk cənub cəbhəsinin tərkibində vuruşurdu.

1943-cü il. Ukraynanın Zoporojye şəhəri uğrunda düşmənlə amansız döyüşlər gedirdi. Ağalar Əliyevin komandiri olduğu topçu taqını sol cinahda müdafiə mövqeyində durub, düşmənin əks hücumlarını gözləyirdi. Serjant yaxşı bilirdi ki, döyüşdə qələbə soyuqqanlılıqla, cəldliklə əldə edilir. Faşist tankları - "dəmir pələnglər" hücuma keçmişdi. Ağalar Əliyev üzünü əsgərlərinə tutub:

- Üstümüzə "dəmir pələnglər" gəlir. Bu gün biz onları, baxın, burada məhv edəcəyik", - deyə yumruğunu səngərin qırağına çırpdı.

Tanklar sağ cinahdan və mərkəzdən müdafiə xəttini yarıb irəli keçmişdilər. Düz xətt boyunca üç düşmən tankı irəliləyirdi. Serjant yaxşı bilirdi ki, tanklar yalnız uzaqda görünəndə qorxulu olur. Elə sağ cinahda və mərkəzdə mövqe tutmuş topçularımızı da tanklar uzaqda görünəndə Ağalar Əliyevin fikri isə qəti idi. Düşmən tanklarını yaxın buraxıb, yalnız yaxın məsafədən atəş açmaq!

Atəş!... Düşmən tankı yaralı pələng kimi nərildəsə də, yerindən tərpənə bilmədi.

Atəş!... İkinci düşmən tankı isə bir anda qara tüstüyə büründü.

Düşmənin üçüncü tankı geri dönüb qaçmaq istəsə də, sərrast atəşə tuş gəlib məhv edildi.

Düşmən hücumunun qarşısı beləcə alındı.

Yaralı topçunu sanitarlar təcili tibbi yardım maşınına mindirəndə tanımadığı bir hərbçi:

- Təbrik edirəm, serjant, - dedi. - Sizi Sovet İttifaqı Qəhrəmanı adına təqdim edəcəyik.

Ancaq o vaxt bütün döyüşçülər kimi Ağalar Əliyevi də ad düşündürmürdü və ona bu döyüşdə göstərdiyi şücaətə görə "Qırmızı Bayraq" ordeni təqdim ediləndə bircə kəlmə söz dedi: "Sovet İttifaqına xidmət edirəm".

Ağalar Əliyevin komandir olduğu topçular batareyası dava vaxtı cəbhənin ən qaynar nöqtələrində olub. Ladoqa gölü ətrafında gedən döyüşlərdə iştirak etmək üçün Ağalar Əliyevin batareyası Ukraynadan birbaşa ora yollanıb.

Topçular vurduqları hədəfi qeyd etmək üçün adətən toplarının üstünə üstəgəl işarəsi qoyurlar.

Həmin işarələri hesablamaqla məhv etdikləri düşmən texnikasının sayını bilirlər.

Ağalar Əliyevin 1942-ci ildən 1945-ci ilə kimi arxasında olduğu topda Berlinə girəndə üstəgəl işarəsi çəkməyə yer qalmamışdı...

Dava qurtarandan sonra qalib əsgər-topçu serjant Ağalar Əliyev qoruduğu torpaqda əkin-biçinlə məşğul olmaq üçün doğma kəndlərinə qayıtdı.

... 2000-ci ilin 9 Mayı - Qələbə günü idi! Oğul-uşaq gəlib əsgərin - ataları Ağalar kişinin adına layiq bir süfrə açmışdılar. Axı, ataları bir vaxt bu qələbə naminə ömrünün ən gözəl çağlarını, gənclik illərini cəbhədə ölümlə üz-üzə keçirmişdi. Və bu Qələbə günü keçmiş cəbhəçilərə daha doğma və əziz idi.

Atalarını qonşu otaqdan süfrə başına çağırmağa gedən evin böyük oğlu Nadir müəllim gördüyünə inanmadı. Pəhləvan cüssəli kişi elə oturduğu yerdəcə keçinmişdi, ölüm də onun müvazinətini əyib əyləşdiyi yerdən yıxa bilməmişdi. O ölümün heç cəbhədə də, odun-alovun içində də Ağalar Əliyevə gücü çatmamışdı...

Keçmiş döyüşçünü Siyəzəndə torpağa tapşırdılar.

Oğlu Nadir müəllimin indi bir nisgili var!

-Təəssüf ki, atam Siyəzənin bugünkü növrağını görə bilmədi, - deyir, - şəhərimiz indi az qala hər gün göz qabağında dəyişir, böyüyür, gözəlləşir, abadlıq-quruculuq işləri yeni vüsət alır.

Ağalar kişi bunları görməsə də, nə qəm... Əsgərlər həmişə döyüşə Vətənin müdafiəsi ilə yanaşı, axı, həm də xoş sabahı naminə yola düşürlər...

 





24.04.2015    çap et  çap et