525.Az

Rio-de-Janeyroda Azərbaycan mədəniyyət həftəsi başlayıb


 

Rio-de-Janeyroda Azərbaycan mədəniyyət həftəsi başlayıb<b style="color:red"></b>

Braziliya Federativ Respublikasının Rio-de-Janeyro şəhərində Azərbaycan mədəniyyət həftəsinin rəsmi açılış mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, əvvəlcə Rio-de-Janeyronun “Cidade das Artes” incəsənət mərkəzində milli mətbəx nümunələrimiz təqdim edilib və “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi nümayiş olunub.

Ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov tədbirin məqsədindən danışaraq bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, səfirliyin təşəbbüsü və incəsənət mərkəzinin təklifi ilə keçirilən bu tədbir iki xalqın bir-birinin mədəniyyəti və adət-ənənələri ilə tanış olmasına bir vasitə olacaqdır. İki ölkə arasındakı əlaqələrdən söhbət açan səfir, gələcək əməkdaşlıq üçün gözəl imkanlar olduğunu da vurğulayıb.
 
Daha sonra incəsənət mərkəzində yerləşən “Teatro de Camera” zalında Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam musiqisi və milli rəqslərdən ibarət konsert proqramı təqdim edilib.
 
Dövlət Rəqs Ansamblının üzvlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin musiqisi əsasında qurulmuş “Cəngi” rəqsi, həmçinin “Qarabağ”, “Naz eləmə”, “İgidlər” rəqsləri ifa olunub. Xalq artisti Mənsum İbrahimov və Arzu Əliyevanın ifasında “Şuşanın dağları”, “İrəvanda xal qalmadı” mahnıları, “Dilkeş”, “Bayatı-Şiraz”, “Qatar” təsnifləri və s. səsləndirilib. İfaçılarımızın çıxışları tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunub.

Tədbirin sonunda hər iki ölkənin dövlət bayraqları ilə səhnəyə çıxan musiqiçiləri tamaşaçılar ayaq üstə alqışlayıblar.

 





25.04.2015    çap et  çap et