525.Az

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib


 

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib<b style="color:red"></b>

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

Modern.az xəbər verir ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb. Sualların cavablandırılması üçün 1 saat 30 dəqiqə vaxt ayrılıb. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi aprelin 1-dən 10-dək aparılıb və bu hüquqa malik olan bakalavrlardan 10170 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 9037 nəfəri Azərbaycan bölməsi, 1133 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

Bakalavrların 4337 nəfəri oğlan, 5833 nəfəri qızlardır. 5766 nəfər ali təhsil müəssisələrinin builki, 4404 nəfər əvvəlki illərin məzunudur. 30 bakalavr xarici ölkə vətəndaşıdır. İmtahanın idarə olunmasına 70 imtahan rəhbəri, 743 nəzarətçi-müəllim ayrılıb.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisas müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

 





26.04.2015    çap et  çap et