525.Az

2016-cı ilin seçkiləri: Amerika kimi seçəcək?


 

2016-cı ilin seçkiləri: <b style="color:red">Amerika kimi seçəcək?</b>

Növbəti – 2016-cı ildə Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçiriləcək.

Seçkilərə hələ çox vaxt qalmasına baxmayaraq, ölkənin sosioloji xidmətləri artıq bu vəzifəyə gələcək namizədlərlə bağlı fərziyyələr irəli sürürlər. Demokratlar partiyasından keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etməklə bağlı məramını artıq rəsmi şəkildə elan edib.

İlkin partiyadaxili sorğuların nəticələrinə görə, hazırkı rəhbərliyin tərəfdarlarının 60 faizi onu dəstəkləməyə hazırdır.

Bundan başqa, vitse-prezident Cozef Bayden də var. Amma o, demokratların seçicilərinin yalnız 19 faizinin dəstəyindən istifadə edir, ötən il Konqresin yuxarı palatasına seçilmiş senator Elizabet Uorren isə səslərin cəmi 8 faizini toplaya bilib.

Prezidentlərin səhhəti

Hələ bu ilin yanvarında Klintonun namizədliyini irəli sürmək niyyəti yox idi. CNN-ə verdiyi müsahibələrinin birində o bəyan etmişdi ki, onun prezidentliyə namizədlik üçün heç bir planı yoxdur, amma elə dərhal da qeyd etmişdi ki, səhhəti ona istənilən problemi dəf etməyə imkan verir.

Yeri gəlmişkən, Klinton öz səhhətindən təsadüfən söz açmamışdı. Məlumdur ki, hələ dövlət katibi olarkən o, bağırsaq infeksiyası keçirmiş və susuzluq səbəbindən huşunu itirib yıxılaraq beyin silkələnməsinə məruz qalmışdı. ABŞ-da prezident seçkiləri kampaniyası gedişində namizədin sağlamlıq məsələsi, fiziki və psixoloji hazırlığı böyük əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq, sağlam Barak Obamanın namizədliyinin 73 yaşlı respublikaçı Con Makkeynin çətin fiziki vəziyyəti ilə ustalıqla müqayisə olunduğu 2008-ci il prezident seçkiləri kampaniyasını yada salmaq olar. Respublikaçı-namizəd Vyetnamdakı müharibə zamanı aldığı hərbi travma səbəbindən əlini çətinliklə qaldırırdı, 2000-ci ildə isə o, üzündəki melanomanın götürülməsi ilə əlaqədar əməliyyat keçirmişdi.

Seçicilərin seçiminə təsir edən digər bir amil də var. Amerikalıların seçici dairələrinə gələcəkləri günə qədər Klinton 69, Cozef Bayden isə 74 yaşını qeyd edəcək. Burada qeyd etmək lazımdır ki, ABŞ-ın prezident seçkiləri tarixində istisnalar da var. Məsələn, 1984-cü ildə 73 yaşını qeyd edən Ronald Reyqanın yaşının çoxluğu ona ikinci dəfə prezident seçilməyə mane olmadı.

Respublikaçı-mühafizəkar

Respublikaçılar böyük əksəriyyətlə mühafizəkar kubalı immiqrant ailədən çıxan floridalı senator Marko Rubiodan istifadə edəcəklər.

Respublikaçılar partiyasının daxilində o, böyük nüfuza malikdir və sorğuların nəticələrinə görə partiyasından real namizəd hesab olunur.

Rubio respublikaçıların ən qatı mühafizəkar qanadının namizədi hesab edilir. Özlərini olduqca mühafizəkar hesab edən seçicilər arasında senatoru dəstəkləyənlər 28 faizdir. Doğrudur, o, indi partiyanın mülayim qanadı ilə yaxınlaşmağa başlayıb. Hətta bəzi məsələlərdə Rubio daha da irəli gedərək demokratlarla həmrəylik göstərmişdir. Kuba mənşəli olduğu üçün Rubio latım amerikalı əhali arasında kifayət qədər səs toplaya bilər.

Təsadüfi deyil ki, öz tərəfdaşları ilə görüşərək o, çox vaxt onlara ispan dilində müraciət edir. Amma ümumi seçkilər üçün Rubio bir tərəfdən həm həddindən artıq mühafizəkardır, digər tərəfdən isə sorğuların göstərdiyinə görə geniş ictimaiyyətdə o qədər də tanınmır. Amerikalıların 36 faizi onun haqqında heç nə eşitməyib, 17 faizinin isə heç təsəvvürləri belə yoxdur.

Senator-oftalmoloq

ABŞ-dakı prezident seçkilərində respublikaçı senator Rend Pol da namizədliyini rəsmi şəkildə irəli sürmüşdür. Onun siyasi karyerası 2010-cu ilin noyabrında, Kentukkidən senator seçilən zaman başlayıb. Həmin vaxta qədər o, siyasətlə məşğul olmayıb və ixtisasca həkim olaraq, demək olar ki, 20 il oftalmoloq işləyib.

"Mən prezident seçkilərində ölkəmizi azadlıq prinsiplərinə və məhdud hakimiyyətə qaytarmaq üçün iştirak edirəm" – deyə o bəyan edib.

Polun başlıca şüarı ölkəsini "istənilən təcavüzü dəf etmək üçün kifayət qədər güclü və gərəksiz müdaxilələrə cəlb olunmamaq üçün kifayət qədər ağıllı" görməkdir.

Texaslı respublikaçı

Daha əvvəl Texas ştatından senator olan respublikaçı Ted Kruz da ABŞ-ın prezident seçkilərində iştirak edəcəyini rəsmi şəkildə bəyan etmişdi. Mühafizəkar istiqaməti ilə tanınan Kruz artıq söz verib ki, seçiləcəyi təqdirdə prezident Obama tərəfindən aparılmış səhiyyə islahatlarını ləğv edəcək və ABŞ-ın vergi idarəçiliyini aradan qaldıracaqdır. Xarici siyasət probleminə toxunan Kruz bəyan edib ki, prezident vəzifəsində o, "birmənalı olaraq İsraili dəstəkləyəcək" və İrana nüvə silahına malik olmağa imkan verməyəcəkdir. Bundan başqa, o, İŞİD-ə qarşı kəskin hərbi kampaniya aparmaq vədini verib.

Seçkiqabağı kampaniyanın başlanğıc yeri olaraq Kruz Azadlıq Universitetini seçib. Məhz burada o, Respublikaçılar partiyasının sıralarındakı sosial və dini mühafizəkarlıq tərəfdarlarının dəstəyini əldə etməyə çalışıb. Məlumdur ki, bu universitet ABŞ-ın tanınmış sosial mühafizəkarlıq ideoloqu olan mərhum Cerri Folluel tərəfindən yaradılıb.

Keçirilmiş bütün sorğulardan tam aydın görünür ki, respublikaçıların tərəfdarları kimi dəstəkləyəcəklərini hələ tam olaraq müəyyənləşdirməyiblər. Hələlik onların aşkar favoritləri yoxdur. Halbuki iddiaçılar arasında ciddi iş fəaliyyəti tarixçəsinə malik ondan artıq ciddi namizəd var. Demokratlar özləri seçkilərə partiyalarından daha məhdud potensial namizədlə gedirlər.

Hakimiyyət arzusu

Təəssüf ki, nə respublikaçılar, nə də demokratlar arasındakı əsas namizədlər ABŞ-ın "intizamı qorumaq", dominantlıq və dünyanın bir çox yerlərindəki vəziyyətə nəzarət etmək missiyasını sual altında qoymurlar. Fərq yalnız bu strateji kursun reallaşmasındakı üsullarda və taktiki addımlardadır. Bütün bunlar, bir qayda olaraq, ayrı-ayrı ölkələrə yönələn təzyiqlə və onları öz maraqlarına tabe etmək istəyi ilə müşayiət olunur.

Azərbaycan da oxşar vəziyyətlə üzləşmişdir. Yalnız bizim qətiyyətiyimiz və öz mövqeyimizi və milli maraqlarımızı müdafiə etmək bacarığımız, xarici siyasətdə çoxistiqamətli kursa bağlılığımız ölkəmizin sabitliyini qorumağa və beynəlxalq arenadakı nüfuzumuzu artırmağa imkan yaradır.

Qüvvələrin yerləşməsi və sorğular göstərir ki, prezident seçkilərində əsas favorit bu gün istənilən respublikaçı namizədi qabaqlayan Klintondur. Amma Klintona qarşı iki önəmli amil var ki, bunlar demokrat Obamanın ümumilikdə o qədər də yüksək qiymətləndirilməyən prezidentliyi və Klintonun özünün dövlət katibi vəzifəsindəki zəif fəaliyyətidir. Bununla yanaşı, respublikaçılar hazırda Konqresin palatalarında çoxluğa, əksər ştatlarda hakimiyyətə, həmçinin güclü intiqam arzusuna malikdirlər.

Bütün bunlarla yanaşı, sorğuların nəticələri tam dəqiq deyil, çünki hələ qarşıda uzun müddət var, bir çox şey siyasi elitanın mübarizəsindən, partiyadaxili əhval-ruhiyyədən, həmçinin bu və ya digər namizədin maliyyələşmə səviyyəsindən asılıdır. 2016-cı il ABŞ-dakı prezident seçkilərinin keçiriləcəyi geosiyasi vəziyyət də az əhəmiyyətə malik olmayacaqdır.

Newtimes.az
Elsevər Abdullayev

 





27.04.2015    çap et  çap et