525.Az

Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə


 

Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə<b style="color:red"></b>

Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm.

Konfutsi

(Əvvəli ötən şənbə sayımızda)

İnqilab və ya radikal islahat, sakitləşdirmək üçün atın yalını daramaq qaydasında, xalqın başını sığallamaq fürsəti deyildir, əksinə, onu cuşə gətirməklə mübarizəyə sövq etmək və yeni həyat yoluna salmaq imkanıdır. Təəssüf ki, bu məqsəd həyata keçirildikdə qan tökülməsi, təqiblər ən yararlı vasitəyə çevrilir. Fransız mütəfəkkiri Sebastyan Şamforun dediyi kimi, “İnsanları idarə etmək üçün baş lazımdır. Şahmat oyunu üçün təkcə yumşaq ürəklilik azdır”.

Ona görə də tarixə daxil olmuş adamları sonrakı dövrlərin qaydalarına, dəyərlərinə, əhval-ruhiyyələrinə və ya əxlaq standartlarına görə tutduqları taxçadan - tarix səhnəsindən çıxarmaq, qovmaq, uzaqlaşdırmaq mümkün deyildir. Tarixdə öz yerini tutanlar heç də köçəri quş deyillər ki, asanlıqla öz yuvalarını - həmin məkanı tərk edib, instinktlərinin göstərdiyi istiqamətə üz tutsunlar. Onlar burada məskunlaşmışlar, nə ostrakizmə uğradıla, nə sürgün edilə bilərlər. Onlar məqsədlərinin diktə etdiyi əməllərdə bulunmuşlar, heç vaxt göyərçin damında qərar tutmaq fikrində olmamışdılar.

Böyük Britaniya qanunlarına görə ABŞ-ın bani- ataları - imperiyaya qarşı inqilabı həyata keçirən və yeni dövlət yaradan cəsarətli mübarizlər olsalar da, cinayətkar hesab olunurdular. Onlar Yeni Dünyadakı doğma koloniyalarını azad cəmiyyət, qədim ənənələr ruhundakı demokratik quruluş, respublika kimi görmək istəyirdilər. Böyük qurbanlar hesabına olsa da, buna nail oldular. Məgər dünyaya Birləşmiş Ştatlar kimi bir unikal demokratik dövləti bəxş etmiş bu insanlar (əlbəttə, ABŞ-ın xarici siyasətinə indi münasibət heç də birmənalı deyildir) təkcə öz ölkələrində deyil, bütün dünyada böyük ehtiram bəslənən tarixi şəxsiyyətlər deyilmi? Onlar Böyük Britaniya kralının tabeliyində olan 13 koloniyanın azadlığına nail olmaqla, həm də başqalarına bənzəməyən yeni dövləti yaratmaq vəzifəsini həyata keçirdilər. Amerikadakı inqilab böyük təsir gücünə malik oldu, 23 il sonra - 1789-cu ildə Böyük Fransa inqilabının başlanması üçün detonator rolunu oynadı.

Birləşmiş Ştatlara heç məhəbbət hissi ilə yanaşmayanlar da yaxşı bilirlər ki, bu dövlət Birinci və İkinci Dünya müharibələrinə girməsəydi (1941-ci ilin dekabrında yaponların Pyörl-Harbor hərbi-dəniz bazasına xaincəsinə hücumu və ağır zərbə vurması ABŞ-ı İkinci Dünya müharibəsinə girməyə sövq etmişdi), müvafiq olaraq Antantaya və Müttəfiqlərə hərbi və maddi yardım göstərməsəydi, qələbələrin taleyinin necə olacağı böyük sual altında ola bilərdi. Amerikadan xoşu gəlməyənlər də, XX əsrdə dünya iki dəhşətli sınaqla üzləşəndə bu dövlətin qələbəyə verdiyi böyük töhfəni kölgə altına salmağa cəhd etməməlidirlər. Hər iki qələbədə Amerikanın rolu danılmazdır. Lakin onu da qeyd etmək lazımdır ki, məhz iki dünya müharibəsi Amerika Birləşmiş Ştatlarını fövqəl dövlətə çevirmişdi. İkinci Dünya müharibəsindən sonra da Avropanın, xüsusən Qərbi Almaniyanın, həmçinin məğlub edilmiş Yaponiyanın iqtisadi, sosial və siyasi cəhətdən dirçəldilməsində Birləşmiş Ştatların böyük yardımı yalnız minnətdarlıq hissləri ilə yad edilməlidir.

Tarixi inkar etmək cəhdləri

SSRİ dağıldıqdan sonra, onun tarixinə, Oktyabr İnqilabının rəhbər xadimlərinə ittiham dalğası xeyli genişlənmiş, tsunami timsallı tənqid və qaralama ölkə tarixinin böyük bir hissəsini inkar etmə səviyyəsinə çatmışdır. Hər cür tənqidin və ifşa rəngindəki ittihamların əsas hədəfi V.İ.Lenin, xüsusən SSRİ-yə 30 il ərzində rəhbərlik etmiş İ.V.Stalindir. Əlbəttə, onlar sadə adamlar deyildilər, siyasətin dahiləri səviyyəsinə qalxmışdılar. Radikallıq, bir inqilabçı kimi onların əsas silahı idi. Lev Trotski 1917-ci ilin yayında Lenini radikallığına görə Fransa inqilabının liderlərindən biri, terrora başçılıq edən, “Satılmayan” ləqəbli Robespyerə bənzədərək, onun adı ilə “Maksimilian Lenin” adlandırırdı. Bolşeviklərin bir-birinə belə ləqəb verməsi isə nadir hal deyildi. Lenin Zinovyevi və  Kamenyevi 1917-ci ildə Oktyabr inqilabına xəyanətlərinə görə fahişə, xeyli əvvəl isə Trotskini İncildə xəyanət simvolu kimi verilən, İisusu 30 gümüş pula romalılara satan apostol İuda İskariota bənzədərək, dəfələrlə “İuduşka” adlandırmışdı.

Leninin inqilabdan üç ay əvvəl silahlı üsyana çağırışı da nəinki başqaları, hətta öz partiyasının xeyli üzvləri tərəfindən heç də razılıqla qarşılanmırdı. Bu vaxt vəziyyət çox mürəkkəb idi, yalnız Lenin yaxın perspektivi görməklə, belə vasitəyə əl atmağı təklif edə bilərdi. O, dövrün nəbzini tutmağı bacarırdı. Çünki bir qədər əvvəl onun özü də inqilabın qələbəsinin çox uzaqda olduğunu söyləmişdi. Oktyabr inqilabının ərəfəsində isə meyvənin artıq yetişdiyini hiss edən Lenin, Napoleon kimi onu qoparmağın vaxtı çatdığını çox ustalıqla müəyyən etmişdi. Müvəqqəti hökumət ölkəni idarə edə bilmirdi, Rusiya müharibədə də uğursuzluqlara düçar olurdu.

Lenin də səhv edə bilərdi, lakin vacib anlarda o, bir qayda olaraq səhv etmirdi. Prinsipial olmayan məsələlərdə isə onun səhvi baha başa gəlmirdi və o, öz səhvlərini etiraf etməyi bacarırdı. Petroqrad Sovetinin Leninin 50 illiyinə həsr olunmuş yığıncağında Stalin Leninin üç səhvini özünün etiraf etdiyini onun müsbət keyfiyyəti kimi qeyd etmişdi.

Lenin ona ünvanlanan istehzanı da cavabsız qoymurdu. 1917-ci ilin iyununda Ümumrusiya Sovetlər qurultayında hakimiyyəti ələ götürməyə qadir olan partiyanın olmadığını güman edənlərə cavab verərək və bolşevikləri nəzərdə tutaraq, “Vardır belə partiya!” kəlməsini qürurla dilə gətirməsi başqa partiyaların nümayəndələri tərəfindən gülüşlə qarşılanmışdı. Oktyabr inqilabının qələbəsinin timsalında Lenin bu gülüşə dörd ay sonra Homer qəhqəhəsi ilə cavab verə bildi. Menşevik Martov RSDFP-nin II qurultayında (1903-cü il) lağ şəklində ilk dəfə “leninizm” ifadəsini dilə gətirmişdi. Heç iki onillik keçməmiş leninizm böyük bir ərazidə hakim ideologiyaya çevrildi. Buxarin Lenini utopist, satqın adlandırmışdı. Lenin ideyalarını gerçəkləşdirə bilmişdi, həyatını həsr etdiyinə isə o, necə xəyanət edə bilərdi.

Əlbəttə, Leninin ölümündən sonra onun partiyaya və ölkəyə rəhbərlik irsini qəbul edən Stalinin ciddi-cəhdi ilə o, sitayiş obyektinə, bütə çevrildi, kanonlaşdırıldı, dünya proletariatının və millətin atası adlandırıldı. Lenin özü belə titullardan, epitetlərdən uzaq adam idi. SSRİ-nin süqutu ilə Leninə hücumlar daha da artdı, daşqın şəklini aldı. O, elə bir böyük miqyasa malik şəxsiyyətdir ki, onunla hər şey etmək olar, onu sevənlər də, ona sonralar düşmən kəsilənlər də bu görkəmli şəxsiyyətin çoxşaxəli fəaliyyətində çox şeyi tapa bilərlər. Şəxsi həyatına nüfuz etməyə çalışanlar İnessa Armandla intim yaxınlığını, hətta bu inqilabçı qadının ona çox oxşayan bir oğul doğmasını da göstərə bilərlər.

Təəssüf ki, ona yönələn tənqid bəzən əndazədən çıxır, ölçü hissini itirir. Onun qana susamasına erkən misallar tapmaq üçün hər şey öz rəngini dəyişir. Sibirdə, uzaq Şuşenskoye kəndində sürgündə olarkən dovşan ovlamağını da, bəziləri həddi aşıb, qaniçicilik nümunəsi kimi qələmə verirlər. Onda gərək onlar Avstriya imperatoru I Frants İosifin, onun varisi olmağa hazırlaşan prints Franst Ferdinandın, yaxud Böyük Britaniya kralı V Corcun ovçuluq hobbisi adı altında, öz ölkələrinin faunasına, saysız-hesabsız sayda maral, əlik və quş sürüsünü məhv etməklə ağır ziyan vurmalarından hali olsaydılar, yəqin ki, ekologiya müdafiəçiləri kimi onların xatirəsi üzərində xüsusi beynəlxalq tribunal qurulmasını təklif edərdilər.

Frants Ferdinandın 1914-cü ilin yayındakı qətli Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə rolunu oynamış, I Frants İosif  bu müharibənin başlanmasına start verməklə, milyonlarla insanın həyatını itirməsinin baiskarı olmuşdur.V Corc isə həmin müharibədə əks tərəfdə vuruşan dövlətin başçısı idi. Onlar başqa canlılara da qənim kəsilmişdilər. Avstriya imperatoru və onun baş tutmamış varisi ölkə faunasına ova olan həvəsləri ilə böyük ziyan vurmuşdular. Frants Ferdinand Hindistanda da pələng ovu ilə məşğul olmuşdu. Onun o qədər də uzun olmayan ömrü boyu 270 min vəhşi heyvan öldürdüyü bildirilir. 1910-1936-cı illərdə Böyük Britaniya kralı olmaqla V Corc quş ovunu özünün həyat tərzinə çevirmişdi. 1912-ci ildə təkcə bir ovda həftə ərzində minlərlə quş qırmışdı. Dostları ilə birlikdə  Norfolk meşəsində 4 gündə 7 tüfənglə  10 min baş quşu məhv etmişdi. Bircə gündə özü 1000 qırqovul öldürmüşdü. O, meşə cüllütü və kəklik ovlamağı çox sevirdi, bu quşlar hətta onun ölümünə həsr edilən şeirdə də xüsusi vurğulanırdı. Leninin sürgündəki dovşan ovu belə nümunələrlə müqayisədə toz böyüklükdə görünür.

Leninin öz sağlığında da onu qəbul etməyənlər az deyildi və onlar bu böyük inqilab liderinə aşağılayıcı qaydada baxırdılar. Etiraf etmək lazım gəlir ki, Lenin az sayda olan o şəxsiyyətlərdəndir ki, tarixin təkərini döndərməyə, onun hərəkət yolunu dəyişdirməyə müvəffəq olmuşdu. Digər böyük şəxsiyyətlər kimi onun da fəaliyyətinə verilən qiymət, istər bu, müsbət ya mənfi olsun, zamandan asılı olaraq dəyişir, hər bir dövr ona öz prizmasından, istəyindən və mənafeyindən birbaşa asılı olan qiyməti verir.

Təəssüf ki, sitayişdə fanatizm xüsusiyyətləri mövcud olduğu kimi, nifrət də bəzən sahildən kənara çıxır, məhkum edilən tarixi şəxsiyyətlər ədalətsiz olaraq istehza obyektinə, ən amansız hücumlar hədəfinə çevrilir, anafemaya məruz qalır. Bəzən hətta onları autofafeyə məhkum etmək çağırışları eşidilir, inkvizisiya yeretikləri - dönükləri tonqalda yandırmaq kimi bu dəhşətli cəza üsulundan istifadə edirdi. İnkvizisiya vaxtı həbs olunanlardan işgəncə yolu ilə alınan etiraflar məqsədə xidmət etdiyindən yararlı vasitə sayılırdı. Müasir siyasi inkvizitorlar da bəzən öz uydurma ittihamlarına şübhəli sübutlar da tapmaqla, haqqa xidmət etdikləri barədə ağılsız qənaətə gəlirlər.

Leninə nifrət bəsləyənlərin imkanı olsaydı, onun cəsədinə ingilislər Oliver Kromvelin cəsədi ilə davrandıqlarına bənzər bir divan tutardılar. İngilislər Kromvelin cəsədini qəbirdən çıxarıb, dar ağacından asdıqdan sonra, peyin topasının üstünə tullamışdılar. Əlbəttə, cəsədi külə də döndərmək olar, lakin böyük şəxsiyyətlərin ideyaları, əməlləri hətta təhqiramiz qaydada qətranla boyansa da, onları cəzalandırmaq mümkün deyildir. Tarixi şəxsiyyətin nəhəngliyi onunla aparılan mübarizəni uğursuzluğa düçar edir, onun xatirəsi ilə iyrənc şəkildə davrananların özünü gülünc vəziyyətdə qoyur. Çünki onun dağ silsiləsini andıran fəaliyyətini ən qatı dumanla da gizlətmək olmur, inkar etmək cəhdi isə yalnız yüngül ağıldan xəbər verir.

Leninin ölümündən sonra Maksim Qorki yazmışdı: “Hətta onun düşmənləri cəbhəsindən olan bəziləri də vicdanlı qaydada etiraf edirlər ki, Leninin şəxsində dünya elə bir adamı itirdi ki, o, müasiri olan bütün böyük adamlar arasında özündə dahiliyi daha aydın təcəssüm etdirirdi”. Bolşevizmə nifrəti ilə fərqlənən Uinston Çörçill isə Oktyabr inqilabının rəhbəri barədə ona məxsus olan ziddiyyəti belə ifadə etmişdi: “Leninin anadan olması ruslar üçün böyük bədbəxtlik olduğu kimi, onların növbəti bədbəxtliyi onun ölməsi idi”. Hər iki böyük düha Lenin barədə öz müstəqil mövqelərindən çıxış etməklə yanaşı, həqiqətdən o qədər də uzaqlaşmayaraq, onun böyüklüyünü etiraf edirlər. 

(Ardı var)

 





27.04.2015    çap et  çap et