525.Az

Poeziyamızda cavanların cavanı - Fikrət Qoca


 

Poeziyamızda cavanların cavanı - <b style="color:red">Fikrət Qoca</b>

Xalq şairi Fikrət Qocanın 1960-cı illərin əvvəllərində bir-birinin ardınca işıq üzü görmüş “Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967) və s. kitabları Azərbaycan poeziyasına tamamilə yeni üsluba və estetik dünyagörüşünə malik parlaq bir istedadın gəlişindən xəbər verirdi.

O da öz yaşıdları kimi zamanın bütün dərdlərinə və problemlərinə səmimi münasibət bildirmək istəyirdi. Və bütün altmışıncılar kimi, F.Qoca da qələmə aldığı mövzularda həqiqi və səmimi şair olmağı qarşısına məqsəd qoymuşdu.

Təsadüfi deyil ki, ilk dəfə olaraq, məhz F.Qoca və yaşıdları ədəbiyyatımızda, ələlxüsus da poeziyada ənənəyə çevrilmiş tematik sərhədləri, fərqləri və poeziyanın xeyrinə olmayan başqa ədəbi-siyasi vərdişləri qətiyyətlə inkar etdilər. Yeni poetik nəsil üçün ictimai şeir, siyasi lirika, intim şeir, təbiət lirikası, hərbi-vətənpərvərlik şeiri və s. kimi bölgülər mövcud deyildi. Gözəl və səmimi poeziya tələbi mövzusundan və qayəsindən asılı olmayaraq bütün şeirlərə aid idi. Gənc şairin ilk kitabının adına və sonralar yeni ədəbi dövrün poetik uğuru rəmzinə çevrilən “Qağayı” (1961) şeiri söylədiklərimizə parlaq misal ola bilər. Bu yığcam, lirik süjetə malik şeirdə müxtəlif poeziya sahələrinin sərhədləri itmiş, əsl poetik gözəllik öz mahiyyətində müasir insanın ümid və arzularını bir-biri ilə qovuşdurmuşdu. Və bir həqiqət şeirdə qətiyyətlə ifadə olunmuşdu; poeziyamıza qağayı öz dənizinə məftun olan kimi, dünyanı və insanlığı, Vətənini və elini ürəkdən sevən və bu sevgisini gələcək ömrünün bütün dolaylarında yaşadacaq yenilməz bir şair gəlir...

Ötən yüzilin böyük şairlərindən biri və yeni poetik nəslin qayğıkeş hamisi Rəsul Rza məhz həmin illərdə yazırdı:

“Fikrət Qocanın ən yaxşı şeirlərində mədəni bir şairin, ürəyi sözlə dolu (kəlmə yox, sözlə) bir insanın, nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik...”

Gənc Fikrət Qocanın oxucuların qəlbini fəth edən şeirləri o dövrdəki bir sıra Sovet şairlərinin zəmanəyə həmahəng və uyğun düşünülmüş, çox cəhətdən bir-birinə bənzəyən yorucu və cansıxıcı nəzmindən köklü surətdə fərqlənirdi.

Bu nöqteyi-nəzərdən şairin “Fəhləyəm” (1964), “Usta ev tikir” (1963), “Eyniyik” (1961), “Söhbət” (1962), “Mənim fəhlə dostlarım” (1963) və s. şeirlərində dövrün ədəbi siyasətinə uyğun gəlməyən bədii təhlil və qərarlar diqqəti cəlb edir. Yuxarıdakı poetik nümunələrdə Sovet poeziyasından miras qalmış monumental və mücərrəd fəhlə obrazının poetik demontaj edilməsi, başqa sözlə, bədii praktikada yenidən qurulması və formalaşdırılması prosesini müşahidə edirik. Bu şeirlərin heç birində ictimai-siyasi mənşəyin və sinfi mənsubiyyətin ideallaşdırılması qətiyyən nəzərə çarpmır. Əksinə, sinfi və siyasi bölgünün əhəmiyyətsizliyi, insanların müxtəlif mənsubiyyətlərindən asılı olmayaraq mahiyyətən birliyi və eyniliyi vurğulanırdı. “Eyniyik” şeirində biz məsələyə məhz bu cür yanaşmanın şahidi oluruq. Bir neçə misralıq şeirdə müəllif cəmiyyətin ən mürəkkəb və siyasi cəhətdən həssas probleminə aydınlıq gətirir:

Sənin əlin qabar-qabar
Mənim ürəyim,
Onun beyni.
Hamımız eyni cür fəhləyik qardaş,
Eyniyik, eyni!  

“Mən ünvansız yaşayıram” (1960) şeiri 50-ci illərin sonu və 60-ci illərin əvvəllərində Azərbaycan ədəbiyyatında, xüsusən, poeziyada vüsət alan mənəvi estetik dəyişmə və yüksəlişi parlaq surətdə əks etdirir. Bu şeir yeni lirik qəhrəmanın dünyagörüşünün və dünyaya münasibətinin aydın ifadəsidir. Onun bu özünəməxsus manifestində uzaq vaxt, uzun illər ərzində məhdudiyyətlər və qoruq- qaytaq içində iztirab çəkən insanın qurtuluş sevinci əks edib. Bu, əlbəttə, böyük mənadakı ictimai və milli qurtuluş deyildi.

Bu ruh yüksəkliyi sanki zindandan qurtulan, türmədən xilas olan, sərbəst hərəkət və yaşamaq səadətinə qovuşmuş adamın sevincinə bənzəyirdi. Bu mənəvi vəziyyəti və halı başqa altmışıncıların yaradıcılığında da müşahidə etmək mümkündür. Sovet cəmiyyətində həmin dövrdə gerçəkləşmiş müəyyən azadlıq və sərbəstliklər sevinci gənc altmışıncıların ilk lirikasında ürəkdən vəsf olunub. Fikrət Qocanın lirik “mən”i də məhz bu ovqatda köklənmişdi. Amma o öz istəyini, arzusunu özünəməxsus tərzdə ifadə edirdi. O da bol-bol sərbəstlik, səma kimi ucsuz-bucaqsız azadlıq, günəş kimi isti və mehriban həyat arzulayırdı: 

Mən ünvansız yaşayıram -
günəş kimi, səma kimi...

Göründüyü kimi, müəllif öz sərbəstliyini və ictimai-siyasi buxovlarla hesablaşmadığını xüsusi vurğulayır.

“Günəş” və “səma”nı gənc lirik qəhrəmanın öz həyat tərzini səciyyələndirən təbii-bədii simvollar kimi seçməsi xüsusilə diqqətə layiqdir. “Ünvansızlıq” metaforası yeni lirik qəhrəmanın mahiyyətini ifadə edən bədii vasitədir. Amma bu metafora lirik qəhrəmanın həyatının heç bir ölçüyə və ya zaman-məkan sərhədlərinə uyğun gəlməməsini bildirmir. Onun həyatının öz meyarları və sərhədləri mövcuddur. Şeirdə ikinci və bizcə, əsas xüsusiyyət müəllifin öz mahiyyətini təbiətlə eyniləşdirməsidir. Günəşlə, səmayla, yaşıl düzlər, meşələrlə, yollarla, dağlar və çaylarla öz həmcinsliyini vurğulamaqla müəllif sanki dünya ilə, bütün insanlıqla birliyini təsdiq etmiş olur.

Müəllif dünya ilə birliyini vurğulamaqla yanaşı, dünyanın da ona mənsubluğunu təkid edir və öz həyatını, gələcək taleyini dünyadan ayrı, yalnız öz ölkəsində, öz küçəsində və öz evində təsəvvür etmək istəmir.

“Telefonla söhbət” (1962) şeirində isə lirik “mən”in dünyaya münasibəti daha konkret və real şəkildə əks edir. Şeirin qəribə və özünəməxsus süjeti ilk baxışda oxucunu müəyyən dərəcədə təəccübləndirir də. Bu şeirdə Yer kürəsinin gələcəyi və taleyi üçün narahat insanın dramatik yaşantıları, ümid və ümidsizlik arasındakı dərin iztirabları öz ifadəsini tapıb. Narahat və qayğıkeş insan öz yaşadığı dünyanı xilas etmək üçün təcili yardıma müraciət etməsi bir bədii üsul kimi özünü doğruldub. Bu, gənc şairin fikirləşib tapdığı və kəşf etdiyi uğurlu bir lirik mübaliğədir:

“Dəstəyə əl atıb çağırdım:

- Alo! Təcili yardım, kömək eləyin.

- Alo! Buyurun, deyin, xəstənin neçə yaşı var?

- Milyard, daha çox olar.

- Uzatmayın, xəstəliyi nədir?

- Nüvə silahı asılıb başının üstdən, bir ayağı qəbirdədir.

- Tez eləyin, zarafatı buraxın, hansı ünvana gələk, deyin!

- Ünvan? Bizim səyyarə - Yer kürəsi”.

Göründüyü kimi, lirik qəhrəmanın Yerpərvərliyi qəlbinizi riqqətə gətirir. O, həqiqətən də yaşadığı planetin yalnız sakini yox, həm də sahibi kimi özünü təsdiq etməyə can atır. Bu duyğu və düşüncə şeirin ikinci personajı həkim tərəfindən qəribə qarşılansa da, XX yüzilin ikinci yarısında yaşayan insanın arzu və qayğılarını obyektiv ifadə edir. Çünki dünyamızı yalnız bu cür düşünən və Yer kürəsini öz evi, öz doğma Vətəni hesab edən və sevən insanlar xilas etməyə qadirdir.

“Mənim əsrim” (1962) şeiri də müəllifin mənsub olduğu zaman və məkan haqqındakı təkrarsız düşüncələrinin ifadəsidir. Əgər “Telefonla söhbət”də məkan Yer kürəsi şəklində bədiiləşibsə, “Mənim əsrim”də isə zaman özünün ən böyük ölçü vahidlərindən birinin adıyla əbədiləşib. Gənc şair zamanın - öz əsrinin şərəf və ləyaqəti barəsində dərin xəyallara dalır.

Öz əsrinin ziddiyyətləri və dəhşətli təzadları onun şəxsi və dəruni kədərinə çevrilir: “Qardaş, XX əsrdir, hər kəs öz işində. Ağalar Yer kürəsini qarpız kimi dilimləmək istəyir. Görəsən, nə demək istəyir...” XX əsr haqqında zəmanəmizin V.Mayakovski, N. Hikmət, B. Pasternak, P.Elyuar, P.Neruda, S.Vurğun, R.Rza, Ə.Kərim və başqa görkəmli sənətkarlarının bənzərsiz müşahidə və düşüncələri vardır. Amma gənc Fikrət Qocanın aşağıdakı misraları öz misilsizliyinə və orijinallığına görə heç də onlardan geri qalmır. Hətta gənc şairin yanğısı və qayğıkeşliyi bir sıra xüsusiyyətlərinə görə öz sələflərindən də emosional və təsirli duyulur:

“Yenə də Qərbdə körükləyirlər
hərbin kürəsini.
Yoxsa nəhəng bir külqabıya
döndərmək istəyirlər Yer kürəsini.
İnsanlardan yadigar,
Bir yığın insan ah-naləsi qalar,
Əsrlərlə qalaktikanın sükutu
içrə dolanar”.

“Mənim əsrim” şeirində gənc şairin üslubu və poetik təhkiyəsi o dövrün möhtəşəm və təntənəli üslubundan kəskin surətdə fərqlənir.
 
Müəllifin əsrimiz haqqındakı mülahizələri, fikirləri ən yaxın və ən əziz adam barəsindəki narahat düşüncələr təsiri bağışlayır. İnsanın yeganə və doğma Vətəni - Yer kürəsini xilas etmək üçün o bütün insanlığa üz tutur. Və 53 il əvvəl yazılmış və səslənmiş bu xitab bu gün də son dərəcə təbii və səmimi səslənir:  

Sən insansan,
Ayaqlarına sığınıb Yer kürəsi.
İnsansan, yaşayırsan,
Həyata cavabdehsən.
Dünyanın taleyini
Çiynində daşıyırsan!

Qəribədir ki, yuxarıdakı misralarla 53 il sonra işıq üzü görmüş “Yaşayaq” (2015) şeirinin son sətirləri arasında heyrətamiz bir həmahənglik var.
 
Xalq yazıçısı Anar böyük poeziyanın mahiyyətindəki və siqlətindəki bu sirri həssaslıqla açır:

“Şair, doğrudan da şairdirsə - onun 16 yaşında yazdığı şeirlə 46, yaxud 66 yaşında yazdığı şeirlər arasında, şübhəsiz, fərq olacaq. Amma bu fərq - əzəmətli, qollu-budaqlı, qocaman bir ağacın yarpaqlarıyla həmin ağacın çox illər, bəlkə çox əsrlər bundan qabaqkı pöhrə vaxtının yarpaqları arasında fərq kimidir.

Ağac həmin ağacdır - qovaq, çinar, əbrişim ya palıd. Yaşı başqadır, görkəmi başqadır, illərinin sayı fərqlidir. Şair həmin şairdir, poeziyasının alın qırışları çoxalıb, şeirinin başı ağarıb, amma şairin sifəti həmin sifətdir. Əsl şairin üzü olur, bu üz dəyişir, amma başqalaşmır, ya başqalaşır, amma yadlaşmır”. Əsl şair yaradıcılığındakı bu uyğunluğu gənc Fikrət Qoca ilə müdriklik yaşına qədəm qoymuş Fikrət Qoca arasındakı mənəvi-estetik birlik və vəhdət emosional şəkildə bədiiləşib:

Qardaşım, bacım, gözünü geniş aç!
İşığa doğru qaç!
Yaşadığın zamana, dünyaya yaxşı bax!
Biz doğma bir ailəyik,
Gəlin əl-ələ verək,
İnsan kimi yaşayaq. 

Yeni ədəbi epoxanın ən görkəmli nümayəndələrindən biri Xalq şairi Fikrət Qocanın 60-70-ci illər yaradıcılığı bədii təfəkkür tariximizin yarım əsr əvvəlki hadisələrinə və bir sıra yenilənmə proseslərinə bugünkü gün səviyyəsindən çıxış edərək işıq salmağa imkan verir. Poeziyada altmışıncılar nəslinin həyata keçirdiyi bir çox bədii eksperiment və təcrübələri, ədəbi köhnəliklə yeniliyin mübarizəsi və bir-birinə qarşılıqlı münasibətini, 30-50-ci illərin siyasi qəliblərə sıxılmış poetikasının əsas komponentlərinin inkarını və ya bədii praktikada dekonstruksiyasını əsas nəsildaşları ilə birlikdə Fikrət Qocanın erkən yaradıcılığında da aydın surətdə müşahidə edirik. Xalq şairinin müasir poeziyamızdakı mövqeyini ustad Anarın dəyərli mülahizələri aydın surətdə səciyyələndirir.
 
Aşağıdakı fikirlər həm də Fikrət Qoca poeziyasını sevənlərin hər birinin qənaəti və münasibətinin ifadəsidir:
“Ötüb keçməkdə olan XX əsrin təxminən yarısı qədər bir müddətdə Fikrət Qoca sözün yaradıcısı, qoruyucusu və yeniləyicisi kimi öhdəsinə düşən vəzifəni şərəflə yerinə yetirir. Gənc yaşlarından özünə “Qoca” təxəllüsü seçən Fikrət yeni şeir kitabı ilə bir daha sübut edir ki, bu gün də şeirimizdə cavanların cavanıdır. Və bu yalnız Fikrətin yox, hamımızın təsəllisidir”. Böyük şairimizin həyatın sınaqlarına mərdliklə sinə gərə-gərə özünün əzəmətli və mübarək səksən yaşına günbəgün yaxınlaşdığı bir vaxtda Anar müəllimin 15 il əvvəl bildirdiyi səmimi ürək sözləri və arzuları daha da həyatbəxş və emosional duyulur.

 





27.04.2015    çap et  çap et