525.Az

Eşitdiyim və gördüyüm Yaponiya...


 

Yol qeydləri

Eşitdiyim və gördüyüm Yaponiya...<b style="color:red"></b>

TOKİO - “KÖRFƏZ QAPISI”

(əvvəli ötən şənbə sayımızda)

“Buludlar dağıldı.
Yağışsa damcılayır hələ də
Yol paltarımın qolundan”

Syoxoku

Bəri başdan deyim ki, mənim Yaponiya haqqında səfər təəssüratlarımı hər dəfə hokkularla başlamağımın başlıca səbəbi o xalqın mənəvi həyatında poeziyanın yüksək mövqeyə malik olması ilə bağlıdır. Yaponların ilk yazılı abidələrindən olan, hələ uzaq VII əsrdə tərtib edilmiş “Manyösü” , yəni “on min yarpaq” da məhz şeir antalogiyasıdır. Elə o zamandan müasir günümüzədək hər il yanvar ayında bu ölkədə ənənəvi şeir müsabiqəsi keçirilir. O ki qaldı Yaponiyaya səfərimizin sonlarına, nəzərdə tutulan qalan iki gündə paytaxt Tokioda daha bir neçə rəsmi tədbirə qatıldıq və dünyanın ən bahalı şəhəri ilə tanışlığımız davam etdi.

Səfər proqramımıza “Tokio sky tree” qülləsini ziyarət də daxil edilmişdi. Parisdəki Eyfer qülləsindən fərqli olaraq təkcə gecələr deyil, elə gündüzlər də sanki günəşin ziyasından od alıb alışan, alovlanan qüllə durduğu yerdən elə əzəmətlə boy verir ki, şəhərin hər yerindən görünür. Ehtişamlı, ecazkar görünüşü ilə baxanı heyran edir. Şəhəri gəzib dolaşdıqca kənardan seyr etdiyimiz “Tokio sky tree” qülləsi durduğu yerdə bir əfsanə, bir nağıldır. Təkcə bir-birinə deyil, həm də onları əhatə edən ətraf mühitə münasibətdə də qeyri-adi xüsusiyyətləri ilə seçilən yaponlar klassik və müasir memarlığın nadir incisi olan bu şəhanə abidəyə də tamaşasına duranların ruhunu oxşamaq üçün ürəklərinin səsini, qəlblərinin işığını qatıblar.

Yeri gəlmişkən, İmperator sarayının qarşısındakı bağ da, eləcə nəhəng şəhərin ucsuz-bucaqsız küçələrinə ötüb keçən yolların da hamısı sanki bu İmperator bağının ətrafında kəsişir. Şəhərdə hərəkət etdikcə hər gün bu bağı görür, onun sadə, sakit, arxayın mənzərəsini seyr edirdik. Ölkənin hər yerində biri-birindən gözəl, nəfis parklar çoxdur. Həsəd olmasa da, hər halda heyrətə səbəb olan İmperator bağını görən çətin unuda.

lll

Xarici İşlər Nazirliyində keçirilən görüş isə Yaponiyaya səfərimizin son rəsmi tədbiri oldu.

Ölkənin xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takana Makino ötən ilin aprel ayında ölkəmizə səfərini məmnuniyyətlə xatırladı. Azərbaycanda hökumət rəsmiləri ilə görüşlərindən, apardığı işgüzar müzakirələrdən söz açdı. Nazir müavini əslən Kioto şəhərindəndir.

Nazir müavini Yaponiya ilə Azərbaycanın regionları arasında formalaşmaqda olan dostluq münasibətlərinin qədim və zəngin tarixə, mədəniyyətə malik iki xalqın bir-birinə daha da yaxınlaşmasına bir töhfə olacağını vurğuladı.

Respublikamızın uğurlarının Yaponiya tərəfindən maraqla izləndiyini qeyd edən nazir müavini burasını da dedi ki, bugünlərdə Ukrayna Prezidentinin inauqurasiya mərasimindən vətəninə qayıdarkən yolüstü, Almaniya televiziyasında Azərbaycanın turizm imkanlarına həsr olunmuş filmi maraqla izləyib.

Nümayəndə heyətimizin rəhbəri Hüseyn Mövsümov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Yaponiya ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və diqqət mərkəzində saxladığını bildirərək, hər iki ölkənin regionları arasında əməkdaşlığın böyük potensialı olduğunu qeyd etdi.

Nümayəndə heyətimizin rəhbəri Hüseyn Mövsümov bildirdi ki, Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin Ağcabədi, Masallı, Şabran, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyətinin Yaponiyaya bu səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq, regional əməkdaşlığın inkişafına və faydalı təcrübə mübadiləsinə töhfələr verəcək.

Yaponiyanın regionlarına səfər vaxtı dostluq mübadiləsi və tərəfdaşlıq barədə şəhərlərin meriyalarına verilmiş niyyət protokollarının layihələri nazir müavininə təqdim olundu.

Nazir müavini T.Makino da iki ölkənin regionları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, yapon tərəfinin bu istiqamətdə mümkün olan bütün addımları atacağını vəd etdi.

lll

Ölkəmizin İsmayıllı rayonu ilə əməkdaşlığından tanıdığımız “Kosuqi” şirkətinin rəhbəri Saki Kosuqi isə əsl azərbaycansayağı qonaqpərvərlik göstərərək uzaq bir yol gəlib paytaxtın Royal park otelinin restoranında bizə təntənəli şam yeməyi verdi. Əslində bunu işgüzar görüş adlandırmaq daha düzgün olardı.

Bu şirkət bizim İsmayıllı rayonu ilə dostluq edir. İsti suları, bağçılığı ilə məşhurdurlar.

“Kosuqi” şirkətinin indiki rəhbəri Saki Kosuqi üçüncü nəsildir ki, bağçılıqla məşğuldur. Səfirimiz Gürsel İsmayılzadə və digər bir şirkətin - yapon bağı yaşıllaşdırma ilə məşğul olan şirkətin rəhbəri Hiromi Tsuko də ziyafətə qatılmışdı.

Belə deyirlər ki, balacaboy adamlar adətən çox böyük iddialı olurlar. Bu bizlərdə də bu kateqoriyaya daxil olan adamlara xasdır. Yaponların əksəriyyəti bizə nisbətən balaca boyludurlar. Ancaq davranışları zamanı çöhrələrindən gülüş, dillərindən şirin, xoş sözlər əskik olmur. Müsahiblərini “bəli”, “bəli” deməklə (özü də tez-tez) dinlədiklərini, bununla da diqqətlərinin onlarda olduğunu nümayiş etdirirlər. Bunu Kosuqinin verdiyi ziyafətdə də hiss etdik. Bu bəstəboy kişilərin bizə ehtiramlarının daha bir əlaməti də onların görüşə davranışları ilə əsilzadələrə məxsus ağayana təsir bağışlayan xanımları ilə qatılmaqları idi.

“Kosuqi” şirkəti dünyanın çox yerində - Almaniya və Cənubi Kirpdə də bağ salır. İki il əvvəl şirkət bağçılıq üzrə dünyada keçirilən müsabiqədə I yer tutub.

İto şəhərində binə olan şirkətin bağlarda istifadə etdiyi Stevasiya ağacının qabığı insan rəngindədir, gülləri isə ağ olur.

Şirkət hər gün şəhərdə 80 min kv.m yaşıl zolaq qazon biçir. Koreyada saldığı bağdan da bir fraqment təqdim elədi. Bəhreyndə də 5 min kv.m da bağ salmaq üçün hazırlıq işləri görürlər.

Yaponiyada bağlar dörd əsas amil üzərində qurulur. Rəng, gözəllik, sakitlik, ahəngdarlıq. “Kosuqi” şirkəti bu dörd amili özündə əks etdirən bir bağı İsmayıllı rayonunda da salıb. Dövlətimizin başçısı da şəxsən o bağda olub.

Şirkətin rəhbəri ölkəmizdə turizmin inkişafının imkanlarının böyüklüyünü qeyd edib Azərbaycanın neft ölkəsi olduğu kimi turizm ölkəsinə çevrilməsini də arzu etdiyini dedi.

Yaponiyadakı işgüzar görüşlərin davamı olaraq şirkət bu il Bakı şəhərində olub. Suraxanı və Xətai rayonlarının icra hakimiyyəti başçıları ilə görüşüb.

Ev sahiblərinin söylədiklərindən sonra Hüseyn müəllim də öz fikirlərini bildirdi, dedi ki, biz də təbiətə elə sizin qədər bağlıyıq. Hüseyn müəllim poetik bir ifadə də işlətdi: “Siz təbiətdən, ekologiyadan elə danışdınız ki, sanki çiçəklərin də dilini bilirsiniz...” Sonra da Xalq şairimiz Məmməd Arazdan bir parça şeir də söylədi:

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim!

“Kosuqi” şirkətinin baş ofisinin əsas ünvanı olan İto şəhərinin meri yetmiş kilometr yol qət edib bizim şərəfimizə verilən bu ziyafətə qatılmışdı.

Mer Çukudo bizlərlə hərarətlə görüşdü. Bu səfərimizə görə təşəkkürünü bildirdi. Kosuqi ilə əlaqələrini də dilə gətirdi. O, “biz həmçinin insanlararası münasibətlərin qurulmasına çalışırıq” - deyə poetik ifadələrlə fikirlərini davam etdirdi.

Mer bizə Kosuqi və cənab səfirin (Gürsel İsmayılzadə) səyləri sayəsində İsmayıllı rayonu ilə dostluqlarından məmnunluqlarını bildirdi. Onu da dedi ki, xarici işlər nazirimizin müavini Azərbaycanda olanda İsmayıllıya da getmişdi.

Kosuqi həmyerlisi, ötən gün görüşdə olduğumuz ölkənin xarici işlər nazirinin müavini Takano Makinonu ilə dost olduğunu etiraf etdi. Həmçinin ölkənin baş nazir üçün də bağ saldığını mənmunluqla bildirdi.

(Görünür, yerliçilik, necə deyərlər, bütün bəşəriyyətə xas bir xüsusiyyətdir və dünyanın hər yerində olduğu kimi elə yaponlarda da var).

Dünyanın bir çox ölkələrində yapon parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış bu şirkətin rəhbəri Saki Kosuqinin başçılıq etdiyi nümayəndə heyəti Xətai rayonu ilə Kitakyuşu şəhəri arasında imzalanmış dostluq və tərəfdaşlıq sazişi layihəsi çərçivəsində həyata keçirilən reallaşdırılacaq layihənin təqdimatı ilə bağlı ötən il paytaxtımızın bu rayonunda olmuşlar.

Nümayəndə heyəti ilə görüşdə Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov Yaponiyaya səfəri zamanı keçirilən işgüzar görüşlərin, səmərəli danışıqların artıq öz real bəhrəsini verdiyini qeyd etmişdir. Azərbaycanın bir neçə rayonunda özəl layihələri o həyata keçirməklə tanınan “Kosuqi” şirkətinin Xətai rayonun da ən görməli yerlərinin birində, ulu öndərimizin adını daşıyan Heydər Parkının ərazisində çox müasir bağ salacağından məmnunluğunu bildirmişdir.

Bu bağ Xətai rayonunda həyata keçirilən ən nəhəng layihələrdən birini - “Ağ şəhər” layihəsini, necə deyərlər, bir növ tamamlayacaq qədim neft emalı müəssisələrinin yerləşdiyi “Qara şəhər”in, eləcə də bütövlükdə doğma Bakımızın simasını daha da gözəlləşdirəcəkdir.

lll

Səfər proqramımızın rəsmi hissəsi respublikamızın gündoğar ölkədəki Vətənimizin bir parçası, qarşısında müqəddəs bayrağımız dalğalanan səfirliyimizə ziyarətlə başa çatdı.

Səfirliyimizin Mequra şəhərinin ərazisində yerləşdiyini demişdik. İqamətgah icarəyə götürülüb. Bir yapon sahibkarın geniş mülkündən ibarət həmin ərazidə bir çox dövlətlərin, o cümlədən, keçmiş Sovet respublikalarından Gürcüstanın, Qırğızıstanın da böyük ellilikləri bizim səfirliyimizlə qonşuluqdadır. Ancaq ən yaxşı şəraiti olan səfirlik bizimkidir.

2006-cı ildə cənab Prezidentimiz İlham Əliyevin də bu ölkəyə səfəri zamanı baş çəkdiyi səfirliyin geniş toplantı salonunda bizi bu ölkədəki böyük elçimiz Gürsel İsmayılzadə qarşıladı.

Görüşdə səfirimiz ilk əvvəl müstəqil Azərbaycan dövləti ilə Yaponiya arasında əlaqələrin əsasının Ümummilli liderimiz Heydər Əliyevin bu ölkəyə 1998-ci ildə səfəri zamanı qoyulduğunu, Prezident İlham Əliyevin 2006-cı ildə rəsmi səfəri zamanı isə yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Azərbaycanın beynəlxalq tədbirlərin təşkili mərkəzinə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağının artdığını, respublikamıza səfərə gələn turistlərin sayının çoxaldığını qeyd etdi. Azərbaycanın Yaponiyada təbliği məqsədilə səfirlik tərəfindən görülən işlər, ölkəmiz haqqında yapon və ingilis dillərində nəşr edilən məqalələr, “İrs-İsan” jurnalının nömrələri barədə bizə ətraflı məlumat verildi.

Burası da qeyd olundu ki, ölkənin “The japan times” qəzetində də “İrs - İsan” jurnalının yapon dilində ilk nömrəsinin nəşrinə həsr olunmuş məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, jurnal indiyədək Çin, ingilis, alman, ispan, türk, ərəb, çex dillərində nəşr olunmuş, 70-dən çox ölkədə yayılmışdır.

Yaponiyanın Azərbaycanda ilk səfiri, jurnalda dərc edilmiş “Yaponiya Azərbaycan dostluq əlaqələri və prespektivlər” məqaləsinin müəllifi Tetsuya Hiroes, UNESKO-nun sabiq baş direktoru Koişiro Matsuura elə bu jurnalda dərc etdirdikləri məqalələrində Yaponiyanın Azərbaycanı bölgədə vacib tərəfdaşı hesab etdiklərini vurğulayıblar.

Məqalədə yapon dilində nəşrə başlamış “İrs-İsan” jurnalının iki xalq arasında dostluq münasibətlərinin genişlənməsinə töhfə verəcəyinə əminlik də ifadə edilib. Böyükelçilikdə görüşümüz başa çatır.

Səfirimiz Gürsel İsmayılzadə və əməkdaşlarının Yaponiyaya səfərimiz müddətində bizə göstərdikləri səmimiyyət və diqqəti isə elə bilirəm ki, mənim kimi elə həmkarlarım da həmişə minnətdarlıqla xatırlayacaqlar!

lll

Yaponların nümayəndə heyətimizə qeyri-rəsmi münasibətdə daha səmimi, son dərəcə ehtiramla yanaşdıqlarını da qeyd etməliyəm.

Gündoğar ölkənin Maliyyə Nazirliyinin xüsusi məsələlər üzrə nümayəndəsi Naoyuki Okamotonun təşkilatçılığı ilə Tokioda məşhur Tacima restoranında nümayəndə heyətimizə verilən təntənəli şam yeməyini hər baxımdan həm də öz qeyri-adiliyi ilə fərqləndi.

Yaxşı yemək-içməklə bərabər işgüzar şəraitdə keçən bu görüşdə səmərəli müzakirələr də apadıq. “Çörəyi dizinin üstündədir” deməsinlər deyə, daha təfərrüata varmıram. Şirkətin sahibi də krallar kimi biz yeməyə oturandan yarım saat sonra gəldi. Ona qədər isə nazirliyin rəsmisi ilə əyləşmişdik. Əvvəlcə həmin rəsmi şəxsin iş yoldaşları olan 2 xanım, sonra üçüncüsü də gəlib məclisə qatıldı. Bu da ziyafətin təşkilatçılarının bizə diqqətinin bir nümunəsi idi.

Yaponlar daha çox dəniz məhsulları, tərəvəz və bitkilərlə qidalanıblar. XVIII əsrdən tədricən qırmızı ət yeməyə başlayıblar.

Yaponlar olduqca nəzakətli, nəcib və incədirlər. Ancaq maliyyə nazirinin boğazında, maşallah, yalan olmasın, on adamın səsinin gücü vardı. Xanımlar qonaqların əhvalını xoş etmək üçün fasilələrlə bir-bir hər birimizə yaxınlaşıb hal-əhval tutur, diqqət göstərir, əlbəttə, yer boşalıbsa, yanaşı otururdular. Yeri gəlmişkən, Yaponiyada qızların ərə getmə yaş həddi 29, oğlanlarda isə 31 yaşdır. Ən imkanlı adamların evinin ümumi sahəsi (orta təbəqə) 120 kv.m-dir. Bu səmimi şam yeməyindəki xanımların ərdə olmadıqlarını öyrənə bildik. Yaşları  bizə qaranlıq qaldı. “Kasıblıqları” isə bəlli idi.

Yaponiyada birmənalı olaraq insanlar özlərini maddi vəziyyətinə görə orta təbəqə hesab edirlər. Yəqin ki, “kasıbıq” deməyə utanır, “varlıyıq” deyib öyünməyi isə özlərinə lovğalıq bilirlər. Bu ölkədə, yəqin ki, heç kasıb da yoxdur. Çünki Yaponiyada işsizlik problemi çoxdan həll edilib. 

Ancaq bu ziyafətin maliyə tərəfinin təşkilatçısına, zənnimcə, yaponların bu xüsusiyyətini aid etmək olmazdı. Qeyd etdiyim kimi, şirkətin rəhbəri biz süfrəyə oturandan yarım saat sonra “təşrif” gətirdi. Yəqin ki, bu iş adamı haqqımızda çox eşitmişdi. Odur ki, özünü daha diqqətcil göstərməyə çalışırdı. Qonağı olduğumuz ölkədə əl verib görüşmək adət olmasa da bu cüssəli iş adamı üstü yeməklərlə dolu oturduğumuz masanı dövrələmə fırlanıb hər birimizin əlini sıxdı. Sonra onun üçün əvvəlcədən saxlanılmış yerdə keçib oturdu.

Süfrəyə yapon mətbəxinin çox ləziz yeməkləri qoyulmuşdu. Gördükləri işi bir incəsənət nümayişi, baxdıqca adamı valeh edən aşpazlar qarşı-qarşıya gözlərimiz önündə hazırlayıb ərsəyə gətirdikləri yeməkləri masalarımıza ötürür, həvəskarlar ləzzətlə təam edirdilər. Aşpazlarla üzbəüz yemək hazırlanma prosesində - hərçənd buna mərasim demək daha doğru olar -  yadda qalan çox şey vardır. Ancaq mənim özüm üçün xüsusilə unudulmayan bir məqam da dəniz canlılarından olan krevetkaların (xərçənglərin) əziyyətlə bişirilməsidir. Düzdür, krevetka yemirəm, ancaq ona görə yox ki, o canlını əzabla, diri-diri isti peçin üstündə bişirirlər. Möhkəm qlafla örtüldüyündən bu dəniz heyvanı canını çox gec təslim edir. İsti peçin üstündə krevetkanın belə işgəncə ilə ölməsini görmək mənə görə olduqca ağırdır. İsti peçin üstündə adamın baxışları altında gözləri hədəqəsindən çıxır. Nə isə...

Bu qonaqlıqda da “mərmər ət” verdilər. Ancaq çiy gətirdilər. Sonra qazan qaynamağa başladı və bizim saca oxşar qabda gələn nazik doğranmış mərmər ət qazanda ortaya qoyuldu.

Yaponlar isə hər şeydə, elə qazanda bişən yeməkdə də bir təbiilik, ilkinlik axtarırlar, onlarda bu əsasdır.

Bu ara müddətində isə süfrəyə hər cür yeməklər də verdilər. Qazan dolu su qaynayana yaxın isə yenə aşpazlar öz yerində göründü. Qazanın qaynaması xeyli çəkdi. “Mərmər ət”i nazik-nazik doğrayıb sinilərdə qalaqladılar. Xidmətçi xanımlar nazik ət varaqlarını haşi ilə yemək üçün çəngəli əvəz edən iki ağac çubuqla qaynar qazana salıb sağa-sola dolandırıb tez də çıxararaq “artıq yemək üçün hazırdır” işarəsini verib kənara çəkilərək durdular. Mən bu yeməyi yoxlamadım. Ona görə ki, “haşi”dən istifadə edə bilmirəm, stolda çəngəl də qoymuşdular. Ətin bir anda bişməyinə inanmamışdım...

Qonaqlıq verən şirkətin rəhbəri səxavətini əsirgəmirdi. Özünün dediyinə görə, bu böyük ölkədə olduqca bahalı “mərmər ət”i üç şirkət satır ki, onlardan da biri elə özünündür. O, Bakıda da belə bir restoran açmaq fikrində olduğunu deyib həmkarlarımla işgüzar söhbət etdi. Bu iş adamının getməyi də gəlməyi kimi oldu. Təqribən 40-45 dəqiqədən sonra xudahafizləşib yerindən qalxdı. Səxavətli kişi hətta gedəndə - bax, hərənizin bir kiloqram “Kobe bif - mərmər ət” yeməyinizi rica edirəm, - deyib yola düzəldi. Biz bunu nəzakət xətrinə deyilmiş söz hesab etmişdik. Aradan az keçmiş aşpazlar elə bayaqki peçin arxasında sinilərdə iri parçalarla kəsilib qoyulmuş mərmər ətlə peyda oldular. Bu nədir soruşanda da: - ağa tapşırıb, yeməlisiniz, - deyə israr edilər. Maliyyə Nazirliyinin məsul işçisi xahiş-minnətimizi birtəhər izah edib bizi sübhəcən mərmər ət yeməkdən xilas etdi.

Paytaxtda daha bir tədbir “Ropponqi Hils” çoxməqsədli mərkəzlə tanışlıq oldu. “Altıağac təpələri” mənası verən 55 mərtəbəli binanın 55-ci mərtəbəsindən Tokionu seyr etdik.

Nəhəng binanın 55-ci mərtəbəsinin damındakı geniş meydançasından şəhərin füsunkar gözəlliyinin seyrinə daldıq. Bu qüllənin bir ecazkarlığı da odur ki, əhalisinin sayına görə dünyanın ən böyük şəhərlərindən biri olan Tokionun okeanla çəpərlənən hüdudları buradan apaydın görünür. Qüllənin 51-ci mərtəbəsindəki restoranda şam yeməyi yedik. Yemək yediyimiz yer çox zərif və könülaçan idi.

Bu çox təmtəraqlı qonaqlıqda süfrəyə suşi başda olmaqla yapon mətbəxində ləziz sayılan hər növ təamlar düzülmüş, “Basashi” deyilən, incə-incə doğranmış çiy yeyilən at əti də qoyulmuşdu. Çiy at əti yemək ömrü uzadır, deyirlər. Hər şeyi faydasına görə götür-qoy edib məişətlərinə, elə mətbəxlərinə daxil edən yaponlar yəqin buna əmin olduqları üçün “Basashi”ni hörmətli tutur, əziz qonaqlarına da ləziz yemək kimi başlanğıcda təklif edirlər.

İştahla deyə bilmərəm, ancaq yoldaşlarımızdan da çiy at ətindən, “Basashi”dən dadanlar oldu. Ağzına qoyduğu “Basashi”ni birtəhər udan həmkarlarımdan biri diqqətlə baxdığımı görüb:

-Ağır tamı var,dadmasan yaxşıdır, - deyib məsləhət də verdi.

Mən də:

-Acından ölsəm də yemərəm, - deyə cavab verdim.

Hüseyn müəllim süfrə üstdən qalxıb bu nəhəng şəhərin gecə görüntüsünü seyr etmək üçün arada şüşəbəndə çıxmışdı. Qayıdanbaş yanımdan ötəndə ayaq saxladı:

- Sən də at ətindən yedinmi? -deyə xəbər aldı.

- Yox, heç dadına da baxmadım, - dedim və burasını da əlavə etdim ki, heç yoldaşlarımızdan da o yeməyə əl uzadan olmadı. Elxan müəllim (Şəki) boşqabı yerindən qaldırmışdı, bir az yaxın tutub baxdı, baxdı, sonra da ehmalca yerinə qoydu. Hüseyn müəllim də: - Elədir, oğuz oğulları nə atı, nə də onun ətini yeməz! Atı minərlər, - deyərək keçib getdi.

Həqiqətən, süfrədə balıqdan başlamış hər növ çiy ət məmulatlarınacan verilən təamlardan səfər yoldaşlarımdan balaca dadanlar olmuşdusa da, soyuq qəlyanaltı kimi sonda gətirilən çiy at ətinə kimsə əl uzatmamışdı.

Hüseyn müəllimin o sualı bəlkə də mənim ata olan sevgimi əvvəlcə bildiyindən qaynaqlanmışdı, deyə bilmərəm, ancaq onun dedikləri məni çox düşündürdü.

Bizlərdə “at igidin qanadıdır”, “at ucalıq rəmzidir”, “at muraddır” kimi o qədər dadlı, şirin deyimlər var ki, ceyranın, cüyürün, qırqovulun, bir sözlə əti yeyilən heç bir canlının ətinin ləzzəti, tamı o deyimlərin, o kəlamların dadını verməz...

Haşiyə:

İndi yaşı 18-ə çatan bir səmənd atım var. Atlar üçün bu yaş çoxdur. Bəlkə də sonuncu dəfə bu il Səmənd at daha bir at balası daylaq doğub. Səfərdən dönəndən sonra çox sevdiyim ata da baş çəkdim. Yeri gəlmişkən, bu at mənim üçün həm də ona görə əzizdir ki, atam onun yalını sığallayıb. Bir yaşında olanda, atam baxıb, Səməndə diqqətimi dəyərləndirsin deyə, indi qocalmış, tüklərinin də rəngi dəyişən qulanı ata-baba yurduna, həyətimizə gətirmişdim. Atam yaxınlaşıb qulanın yalına, sonra da sağrısına sığal çəkdi. - Yaxşı at olacaq, - dedi, sonra da, - heyif ki, mən onu minə bilməyəcəm, - deyib dərindən bir köks ötürmüşdü...  Hüseyn müəllimin sözünə görə “atın ətini yeməzlər, atı minərlər” ifadəsini xatırlayıb bu qoca səmənd atını minmək fikrinə düşdüm.

Atı yəhər-yüyənləməzdən əvvəl bir sıxım şirni də yedizdirdim, ayağımı üzəngiyə atıb belinə qalxdım. Yığcam dairədə azacıq səyridib qarşımdakı gen-geniş düzənlik tərəfə döndərdim. Yaşlı olsa da, Qarabağ cinsli bu qeyrətli at üstündəki - Mən adlı - “yükün” ağırlığının-yüngüllüyünün fərqinə varmadan meydan boyu səkib ötməyə başladı. Tərpəndiyimiz yerdən təxminən dörd, ya beş yüz metr uzaqlaşmışdım ki, Səmənd at arxasında qalan dayçasından uzaqlaşdığını hiss edib yerişini dəyişmədən boynunu yana çevirərək balası səmtə elə boylandı ki, yəhərin üstündə, mindiyim, çapan atın ürəyinin ritminə düşən, necə deyərlər, onunla həmahəng çırpınan qəlbim səksəndi. Səməndin yüyənini dartıb geri döndüm. Mindiyim yerdə də düşüb yəhərini üstündən aldım. Düşündüm ki, yəqin ki, mən bu atı bir daha minməyəcəm, minməyə qıymayacağam. At minməyim bir də qaldı bu gün məni Səmənd atla yoldan eləyən bu daylağın böyüməyinə...

lll

Oyandım. Bəs hanı onlar?
Doğma kəndimizdəki dostlarım mənim?
Hər şey yox oldu bir yuxu kimi.

Sotyo

Tokiodan gündoğar ölkənin bu nəhəng və heyrətamiz şəhərindən onun gülərüz, həmişə harasa tələsən insan seli ilə dolu küçələrindən keçib hava limanına yollandıq. Nəhəng hava laynerinə əyləşib səmaya qalxdıq. Bakıyacan yolumuz hələ Qətərə, onun paytaxtı Dohayadır. Sağ-salamat enək...

Dohayacan on iki saatlıq yolumuz var. Uçaqda yerimiz rahatdır. Geniş salon, su, çay, yemək-içmək, hər şey öz yerində (şabranlı dostum Aydın müəllimin yeri məlum). Yatacağımızı, gecə geyimlərini hazır qoymuşlar. Dostum Şair Alxasov çarpayısını açıb yorğanını da sinəsinə çəkib. Yatıb-yatmadığını deyə bilmərəm. Mən də, bax burada, səmada, necə deyərlər göyün yeddinci qatında səfərimizin əvvəlindən bu günə qədər yol qeydlərimi yavaş-yavaş qaralayıb nöqtəsini qoyuram.

lll 

Bizimlə 18 nəfərlik VİP salonda dörd əcnəbi də yolçuluq edir. Onların dördü də oturduqları yerdə “Ayfon”u açıb əl işığını da üzərinə tuşlayıb oxuyurlar. Deyəsən, bunlar heç yatana oxşamırlar. Yatmaq istəsələr belə, bizimkilərin şipşirin, “xısın-xısın”, ipincə söhbətləri heç buna imkan verər? Ay yatdılar ha!..

Beləcə adı uşaqdan böyüyəcən az qala dillərdə dastan olan dünyanın şöhrətli bir ölkəsini on gün ərzində zamanın müasir əfsanəsi sürətli miniklərlə şəhər-şəhər dolaşıb, görüb tanış olub geri dönürük. Əlbəttə, gördüklərimizdən götürməyə çox şey vardır. Ancaq mənə görə həsədə, qibtəyə dəyməz, xalqımla yanaşı vətənimizin də zahiri görünüşü sahib olduğumuz minilliklərlə ölçülən tariximizdə dəfələrlə dəyişib. Gah qüdrətlənmişik, hələ bir ətrafımıza da əl uzatmışıq. Gah da zaman bizi imperiyalar buxovuna salıb. Ancaq yenə də zəncirləri qırmağı bacarmışıq. İtirdiyimiz, güzəştə getmədiyimiz bir ideal amalımız-dilimiz olub, milli-mənəvi dəyərlərimiz, adət və ənənələrimiz. Bu amillərə əbədi sədaqət, dəyişməz münasibət bizi yenilməz edib. Bir də yenilməz, təşəbbüskar, qeyrətli oğullarımız.

Kimin yolu düşübsə, bizdən də nəsə götürüb. Biz isə özümüzünkü olanlarla kifayətlənmişik...     

lll                            

Doha

Bakıdan Yaponiyaya ilk dayanacağımız olan Doha bu dəfə vətənə tərəf sonuncu dayanacağımızdır.

Bu dəfə şəhərə, Dohadan yaxın bir yerdə yerə enirik. Buradan gündüz, günorta saatlarında vətənə uçacağıq. Arada 7-8 saat vaxt var.

Səfər təşkilatçıları bu vəziyyəti hələ yola düşməzdən əvvəl nəzərə alıblar. Qayıdan baş üçün həm dincəlmək, həm də qardaş ölkənin paytaxtını ötəri də olsa görmək üçün otel də nəzərdə tutub yer alıblar.

Yaponiyaya uçarkən Dohaya gecəgözü enməyimizdən təəssüflənmişdim. Düşünmüşdüm ki, gün işığında heç olmazsa kənardan, səmadan da olsa adını çox eşitdiyim inkişaf etmiş bu ərəb ölkəsinin paytaxtını uzaqdan da olsa seyr edə bilərəm...

İndi isə sübhün alatoranında, hələ işıqların da sönməyib göz vurduğu geniş, açıq yollarla Dohaya tərəf şütüyürük. Ətraf qup-quru, bom-boz torpaqdır. Maşının istisi təndirin həniri kimi adamın üzünü qaysaqlayır. Ancaq yol boyu ətrafda qızğın iş gedir. Abadlıq, yaşıllaşdırma işləri aparılır, yeni qazonlar salınır və bir tərəfdən də onlar başdan-başa süni yağış yağdırmaqla suvarılır.

lll

Qayıdanbaş gündüz, hava açıq idi. Təyyarənin ilminatorundan demək olar ki, Bakıya qədər yuxarıdan aşağı uçub keçdiyimiz yerləri seyr etdim. Dohadan qalxandan sonra Ərəbistanın daşlı gölləri, aşağıda gözə dəyən orta kiçik yaşayış məntəqələrinin o yerlər üçün ənənəvi yastı, palçıq damlı evləri görünür. Suların üstü ilə ötüb keçəndən sonra Rəşt diyarının üstü ilə uçurduq. Bəzi yerlərdə dağların başı qarlı olsa da, üzüaşağı yamacları, ətəkləri bom-boz görünürdü.

Ətrafından ötdüyümüz İsfahanda, eləcə də Rəştə yaxınlaşdıqca isə dağlar da, yaylalar da, düzənliklər də yamyaşıldır. Seyrinə dalanın üzünə gülümsəyir.

lll

Mavi suları aydın səmalarına güzgü tutan, xırçın ləpələri doğma torpaqların sahillərini döyəcləyən Xəzərin üzərindən süd qoxulu, nur ətirli qədim Bakı şəhəri - Vətən torpağı görünür. Təyyarəmiz artıq eniş zolağındadır.

Qarşılamağa gələn doğmalarımız, əzizlərimiz bizi elə uzaqdan görən kimi hələ heç onlara yetişməmiş əl edib xoş gəldin edirlər.

Məni də qarşılamağa - ataları ilə - nəvələrim gəlib. Uzaqdan qaçıb tullanaraq sinəmə sığınan Nəcəfin çiyinlərinin üstündən Bəhruz da boynuma dırmaşır.

Bəmbəyaz saçlarında əllərinin xəfif sığalı görünən ağbirçək bir xanım da: “Hər səfərdən beləcə xətərsiz” - deyib əlini mənə uzadır...

Yolçu yolda gərək!
Yayda onun geyimi
Səma və torpaq.

Kikaku
31 may-11 iyun 2014-cü il
Tokio - Bakı - Şabran

 





27.04.2015    çap et  çap et