525.Az

Yəmən – daha bir "soyuq müharibə" meydanı?


 

Yəmən – <b style="color:red">daha bir "soyuq müharibə" meydanı?</b>

Yəməndə üsyançı husilərlə devrilmiş prezident Hadinin tərəfdarlarının qarşıdurması davam edir.

"Yaxın Şərq NATO-su"nun, yəni Səudiyyə Ərəbistanının başçılıq etdiyi dövlətlər koalisiyasının hava hücumları vəziyyəti daha da ağırlaşdırır.

Ekspertlər hesab edirlər ki, Yəməndə vəziyyət son dərəcə gərginləşmişdir və Ər-Riyad artıq ölkəyə yerdən hücum etməyi planlaşdırır. Həmçinin amerikanların Yaxın Şərqi partlatmağa – ərəb ölkələri arasında düşmənçilik toxumunu səpib bundan faydalanmağa hazır olduqlarını deyənlər də var.

Yəmən münaqişəsində strateji qeyri-müəyyənliyin əsas amilini rəsmi olaraq Səudiyyə Ərəbistanı tərəfində çıxış edən və ona logistika və kəşfiyyat xarakterli yardım göstərən ABŞ-ın mövqeyi təşkil edir. Yəmən daxilindəki köhnəlmiş münaqişənin başlıca xarici siyasi ölçüsünü İran-Səudiyyə Ərəbistanı münaqişəsi təşkil etdiyini nəzərə alaraq, qeyd etmək lazımdır ki, bu cür mövqe təbii görünür: Səudiyyə Ərəbistanı ABŞ-ın çoxdankı müttəfiqidir, İranı isə amerikalılar indiyə qədər "şər oxu"ndan çıxarmamışlar.

Lakin Vaşinqtonun bu rəsmi mövqeyinin çərçivələrindən kənarda çox şey aydın deyil. Hal-hazırda ABŞ-ın başı İranın nüvə proqramı ilə bağlı mürəkkəb danışıqlara qarışmışdır. Müşahidəçilər Obama administrasiyasının xarici siyasətdə əldə etdiyi nailiyyətlərin o qədər çox olmadığını dəfələrlə qeyd etmişlər. Əfqanıstandan Amerika qoşunları indiyə kimi çıxarılmamışdır, İraqa isə Amerika faktiki olaraq qayıtmaq məcburiyyətində qalmışdır. Rusiya ilə münasibətlərin "yenidən yüklənməsi" elə bir ciddi nəticə vermədi, Birma və Kuba ilə münasibətlərin normaya düşməsi üçün isə iki prezidentlik müddəti azdır. İranla sazişin imzalanması ciddi nailiyyət hesab oluna bilərdi. Nikson Amerika üçün Çini yenidən kəşf etdiyi kimi, Obama da Amerika üçün İranı yenidən kəşf etmək istəyir. Buna görə də qüvvədə olan Amerika administrasiyası üçün İranla danışıqlar çox böyük əhəmiyyət kəsb edir.

Öz növbəsində "altılıq" ölkələrinin İranla danışıqlarını müşahidə edən səudilər belə bir qənaətə gəlmişlər ki, Tehranda nüvə silahının meydana gəlmə perspektivini istisna etmək olmaz. Ər-Riyadda İranla nüvə sövdələşməsinin qarşısının alınması artıq ölkənin təhlükəsizliyinə zəmanət kimi nəzərdən keçirilməkdədir.

İranın nüvə proqramı ilə bağlı danışıqların son mərhələsi martın 26-da Lozannada start götürmüşdü. Həmin gün Səudiyyə Ərəbistanının və ona qoşulmuş ərəb dövlətlərinin Yəməndə üsyançı husilərə qarşı hava hücumları da başladı. Səudilərə yardım üçün öz hərbi təyyarələrini göndərən əksər sünni dövlətləri Yəməndən İrana mesaj göndərməyə çalışırdılar. İran öz nüfuzunu qoruyub saxlamaq üçün bu mesaja cavab verməkdən yayına bilməzdi. Bu mesajı qəbul etməklə İran bundan sonra təcavüzkar və dünyada beynəlxalq asayişi pozan təhlükəli ölkə kimi qələmə veriləcəkdi.

Aprel ayının 5-də "The New York Times"-da Obamanın müsahibəsi dərc edilmişdir. Burada o, İranın nüvə proqramı məsələlərinə dair özünün kompromis siyasətini müdafiə edir və bildirirdi ki, bu, İsrailin və Fars körfəzində Amerikanın sünni müttəfiqlərinin təhlükəsizliyinə heç bir təsir göstərməyəcəkdir. Obama o qədər dərinə getdi ki, hətta Yaxın Şərq monarxiyalarına əsas təhlükənin İranın mümkün təcavüzündən deyil, bu ölkələrin daxili problemlərindən gəldiyini qeyd etdi, çünki, onun sözlərinə görə, bu ölkələrin hökumətlərinin xalqla əks əlaqəsi zəifdir, əhalinin öz narazılığını ifadə etməsi üçün isə leqal kanallar yoxdur. ABŞ prezidentinin bu sözlərindən sonra "Ərəb baharı"nın ikinci dalğasının mümkünlüyü o qədər real cizgilər aldı ki, hətta ərəb monarxları hərəkətə gəldilər.

Səudiyyə Ərəbistanının mətbuatı bundan qəzəblənmişdir. Londonda çıxan və kral Salmanın oğluna məxsus "Asharq Al-Awsat" yazırdı: "İşləri ABŞ-ın guya Yaxın Şərqdə əks tərəfə keçəcəyi və İranı regional lider kimi tanıyacağı kimi təqdim edən təxəyyül elə məhz təxəyyüldür. Bu təxəyyülü İran haqqında "regional fövqəldövlət" kimi danışmağa başlayan və ABŞ-ın Livanda, Suriyada və İraqdakı siyasətini Tehrandakı mollalara xoş gələn şəkildə qurmağa cəhd edən prezident Obama yayır. Lakin xatırlatmaq lazımdır ki, Obamanın öz təxəyyül aləmində oynamağa cəmi 18 ay vaxtı qalmışdır. O, səhnədən getdikdən sonra ABŞ və Avropa demokratiyaları Yaxın Şərqi mollaların və onların Moskvadakı keçmiş DTK-dan olan müttəfiqlərinin sərəncamına verən siyasəti dəstəkləməyəcəklər".

Zəngin səudi lobbisinin ABŞ-da mövqeləri möhkəmdir. Bəziləri onu hətta yəhudi lobbisindən də nüfuzlu hesab edirlər. Martın 9-da ABŞ-ın 47 nəfər respublikaçı senatoru İran rəhbərliyinə məktub yazmışlar. Məktubda onlar İran rəhbərliyinə Amerikanın siyasi sisteminin xüsusiyyətlərini izah edərək Obama ilə razılaşmalara çox da ümid etməməyə çağırırdılar, çünki, onların sözlərinə görə, Konqres bunları bəyənməyə bilər. Amerika senatorları "Prezident Obama öz postunu 2017-ci ilin yanvarında tərk edəcəkdir, halbuki bizlərdən əksəriyyətimiz bundan sonra hələ uzun müddət, bəlkə də onilliklərlə öz vəzifəmizdə qalacağıq", – deyə xəbərdarlıq edirdilər.

Sözsüz ki, sanksiyaların ləğv edilməsi İran üçün çox mühüm bir bənddir və sazişin uğurlu olması naminə İran bəlkə də digər məsələlərdə, o cümlədən Yəmən məsələsində kompromisə getməyə hazır olardı. Lakin nüvə sövdələşməsinin ratifikasiya edilmə şansının az olduğu deyildikdə, bir qədər fərqli vəziyyət göz önünə gəlir. İran indi öz hərbi gəmilərini Ədən körfəzinə göndərir. Con Kerri isə İranı husilərə gizli rəhbərlik etməkdə günahlandırır və ABŞ-ın İranın Yəmən hadisələrinə müdaxilə etməsinə yol verməyəcəyini deyir.

Bununla belə, ABŞ-ın çoxdankı müttəfiqi olan Pakistanın səudilərə yardım göstərməkdən imtina etməsi proseslərin elə də sadə olmadığını göstərir. Bütövlükdə Yəmən münaqişəsinin yaratdığı strateji qeyri-müəyyənlik artmaqdadır.

Newtimes.az
Rövşən Hətəmov, Tarix üzrə fəlsəfə doktoru

 





27.04.2015    çap et  çap et