525.Az

24 aprel - qondarma soyqırımın iflas günü


 

"ERMƏNİLƏR GƏLƏCƏKLƏRİNİN OLMADIĞINI BİLİR VƏ ANCAQ KEÇMİŞLƏ YAŞAYIRLAR"

24 aprel - <b style="color:red">qondarma soyqırımın iflas günü</b>

Aprelin 24-ü dünya iki qütbə bölündü.
 
Türkiyə və Azərbaycanın dostları Çanaqqalada zəfər bayramını qeyd edərkən, siyasətdə ermənipərəst mövqe nümayiş etdirən qüvvələr İrəvanda uydurma matəm şousuna qatılaraq rüsvayçı Ermənistanla həmrəy olduqlarını nümayiş etdirdi.

Qondarma matəm şousu hazırlayaraq öz acizliyini, rəzilliyini dünyaya təqdim edən işğalçı dövlət, həmin gün dəvət göndərdiyi qonaqları Çanaqqala zəfərinin 100 illik tədbirlərində görəndə türk dünyası qarşısında nə qədər gücsüz və zəif olduğunu bir daha hiss etmək məcburiyyətində qaldı. Əgər saxta "soyqırım" tədbirinə qatılmaq üçün İrəvana 4 ölkə - Rusiya, Fransa, Serbiya və Yunan Kiprinin prezidentləri səfər etdisə, həmin gün Türkiyədə zəfər bayramına 21 ölkənin rəhbərləri və 50-dən çox yüksək çinli dövlət və hökumət nümayəndələri təşrif buyurdu. Fransa prezidenti Fransua Ollandın Ermənistana səfəri isə region turnesinin tərkib hissəsi kimi yadda qaldı. Çünki Olland İrəvan görüşünü yekunlaşdıraraq Prezident İlham Əliyevlə görüşmək üçün Azərbaycana gəldi.
 
Çanaqqala zəfərində iştirak etmək üçün Türkiyəyə gələn heç bir dövlət başçısı isə yolunu Ermənistandan salmadı. Çünki dünya ictimaiyyəti yaxşı bilir ki, Roma Papası Fransiskin 20-ci əsrin ilk "soyqırım"ı adlandırdığı hadisə tarixin ən böyük yalanıdır.

Çanaqqalada təşkil olunan Sülh Zirvəsi konfransında çıxış edən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan həmin gün düşmən cəbhədə həyata keçirilən saxta soyqırım kampaniyasına əhəmiyyət vermədən Birinci Dünya Savaşında türklərlə müharibə aparan avropalıları da yad etməklə əslində dünyanı bir daha sülhə, dostluğa çağırdı.

Lakin təəssüf doğuran məqam Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən ikisinin İrəvanda saxta matəm şousuna qatılmasıdır. Bununla həm Rusiya, həm də Fransa məsələlərə tərəfli yanaşdığını və ermənipərəst mövqedə olduğunu nümayiş etdirdi. Bu isə sözügedən qurumun formatının dəyişdirilməyəcəyi təqdirdə sülh danışıqlarının heç bir nəticə verməyəcəyini deməyə əsas verir.

Millət vəkili Zahid Oruc bildirib ki, düz 100 il öncə ingilis və fransız ordularının dağıdıldığı Çanaqqalada aprelin 24-ü Britaniya hərbi orkestri xatirə ritualları keçirib, dini liturgiya və ayinlər icra edib. Onun sözlərinə görə, dünya informasiya məkanının nəhəngləri - BBC, SNN və Euronews "Çanaqqala zəfəri"ni birbaşa yayımlayıb:

"Əski və qalib türk əsgərinin memorial abidənin əhatəsində görənlər iki əsr arasında dəyişən və qüdrətlənən türk ordusunun kiçik bir parçasını gördülər.Onlar Çanaqqaladan keçib Cümhuriyyətin quruculuğunda iştirak etmiş, imperializmə qalib gələrək müstəqil dövlət qurmuşdular. İndi bir əsr əvvəl Türkiyəni məğlub tərk edənlər şanlı bir ordunun qələbəsinin başına toplaşıblar. Bax dünyaya bu sifətlə çıxmaq gərəkdir. Fatehlik və uğurun tərəfdarları hər zaman çox olur.İrəvanın üzərini örtən hadisə bax budur".

Məğlubiyyət, qırılma, matəm, mərsiyyə, şikayət və yardım istəklərini bir kənara buraxıb dünyaya yeni sifətdə çıxmağı düşünmək lazım olduğunu deyən millət vəkili hesab edir ki, milli kodunu və əfsanəvi tarixini unudub da şikayətçi bir üslubda dünyanı ədalətsizlikdə qınamağı tarixə buraxmaq vaxtıdır:

"Ərdoğan bir zamanlar Yaponiya dövlətinin etdiklərini gerçəkləşdirməyə qadir oldu. Gündoğar ölkənin vətəndaşları xarakiri keçmişini bir kənara ataraq təhsilə, elmə, texnologiyaya və ədalətli cəmiyyətə qovuşa bildilər. Soyqırımlardan deyil, Çanaqqaladan itirilmiş torpaqlara getməyi bacaranları meydanda görmək istərdim".

Millət vəkili Sahib Alıyev qeyd edib ki, aprelin 24-də Ermənistan şam, aprelin 26-sı isə Azərbaycan məşəl yandırdı:

"Ermənilər bunu saxta soyqırımlarıyla bağlı edirdilər. Biz real oyunlara hazırlaşırıq. Onlar gələcəklərinin olmadığını bilir və ancaq keçmişlə yaşayırlar. O keçmişlə ki, onda da başucalığı gətirəcək nəsə etməyiblər.

Biz gələcəyə baxırıq, zəfərlərlə dolu gələcəyə. O gələcəyə ki, bu məşəl Qarabağın indi erməni tapdağı altında olan hissəsində də gəzdiriləcək. Ən böyük zəfərimiz bütün torpaqlarımız geri qaytarılanda olacaq".

Politoloq Qabil Hüseynli qeyd edib ki, aprelin 24-ü Çanaqqalada baş tutan zəfər tədbirləri möhtəşəmliyi və xarici nümayəndə heyətinin çoxluğu ilə yadda qaldı. Həmin gün dünyaya sülh, dostluq çağırışları səsləndi. Bundan əlavə sivilizasiyalararası dialoqun daha da möhkəmləndirilməsi məsələsi müzakirə olundu. Bu bayram tədbirləri dünyanın ictimai rəyində daha çox rezonans doğurdu. İrəvanda isə saxta göz yaşları, kin, nifrət "soyqırım" kampaniyasının əsas elementləri oldu.

Ona görə də inanmıram ki, Ermənistanda baş tutan tədbir dünya xalqları üçün ciddi bir mövzuya çevrilə bildi. Bütün bunlara baxmayaraq təhlükəli cəhət odur ki, İrəvanda saxta matəm şousunda ATƏT-in Minsk qrupunun iki həmsədr dövlətinin prezidentləri çıxış edərək "erməni soyqırımı" ifadəsini işlətdi və ermənilərin dərdlərinə şərik olduqlarını bildirdi. Bütün bunlar beynəlxalq münasibətlərdə gərginlik yaradan amillərdəndir.

Hesab edirəm ki, dünyaya saxta soyqırımın yubileyləri deyil, sülhə və dostluğa çağırış mesajları daha vacibdir. Bu baxımdan Çanaqqala zəfərinin 100 illiyinin əhəmiyyətini vurğulamaq lazımdır. İrəvanda Rusiya və Fransa prezidentlərinin özlərini rüsvay etdiklərini deyən politoloq əlavə edib ki, bununla Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı fikirlər daha da aktuallaşdı:
 
"Dağlıq Qarabağ münaqişəsində tənzimləyici funksiyanı öz üzərində daşıyan ATƏT-in Minsk qrupunun formatının dəyişilməsi, müsəlman dövləti kimi Türkiyənin, eyni zamanda 3 milyona yaxın türkün yaşadığı Almaniyanın quruma daxil edilməsi vacibdir. Çünki 1 milyondan artıq vətəndaşımızı öz yurd-yuvalarından didərgin salan Ermənistanın saxta soyqırım iddialarını dəstəkləmək əvəzinə həmsədr dövlətlər tarixi yalanın qarşısını almaq üçün ciddi tədbirlər görməli idi. Bu vəziyyətdə isə Minsk qrupunun münaqişəyə təsiri real görünmür".

Konstitusiya Araşdırmaları Fondunun sədri, politoloq Əliməmməd Nuriyev qeyd edib ki, İrəvanda saxta soyqırım tədbirində 4 ölkə rəhbəri iştirak edirdisə, həmin gün Çanaqqalada dünyanın müxtəlif coğrafiyalarını təmsil edən 21 dövlət başçısı zəfər bayramını qeyd edirdi.
 
Onun sözlərinə görə, hətta Çanaqqala tədbirlərində Birinci Dünya Müharibəsində Osmalıya qarşı vuruşan dövlətlərin də nümayəndələri iştirak edirdi:
 
"Əhatə dairəsi və dünyaya verilən mesajlarına görə Türkiyədə keçirilən tədbir öz möhtəşəmliyi ilə yadda qaldı. Əgər Çanaqqala zəfərinin 100 illiyi sülhə, təhlükəsizliyə, dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasına, müharibələrin gətirdiyi acı nəticələrin aradan qaldırılmasına xidmət edirdisə, İrəvanın "matəm" şousu nifrət və nifaq yükünü özündə daşıyaraq ayrı-ayrı xalqlara düşmənçilik idealarını ötürməyə xidmət edirdi. Türkiyə nə qədər alicənablığa sahibdir ki, onun istiqlalını əlindən almağa çalışan dövlətlərin şəhidləri üçün də Çanaqqalada abidə ucaldıb, həlak olanların qəbirləri tam bərpa edilib. Bu Türkiyənin dünyaya sayğı yanaşması, dostluq çağırışı idi. Ermənistanda isə bir türk əsgərinin məzarı qalıbmı? Xeyr, çünki bu dövlət özü dəfələrlə türklərə qarşı soyqırım planlarını həyata keçirib".

Ermənilərin saxta soyqırım kampaniyasının tamamilə iflasa uğradığını deyən politoloq bildirib ki, Ermənistan qarşısına qoyduğu kirli məqsədlərə çata bilməyib:

"Sarkisyanın dünya dövlətlərindən böyük gözləntiləri var idi. Lakin əksər ölkələr qondarma erməni soyqırımını dilə gətirməyərək ermənilərin arzularını ürəyində qoydu. Hətta Ermənistanın müttəfiqləri, onunla bir blokda fəaliyyət göstərənlər də bu tədbirə qatılmadı. Çünki bu dövlətlər uydurma soyqırım tədbirlərinə qatılmaqla özlərini nüfuzdan salacaqlarını yaxşı bilirdilər. Bəzi dövlətlər isə öz siyasi ambisiyalarından çıxış edərək riyakarcasına saxta soyqırımı tanıdığını dilə gətirdi.

600 ildən çox tarixi olan Osmanlı İmperiyasının tərkibində yaşamış xalqlara türklər hər zaman hörmətlə yanaşıblar. Bunun nəticəsidir ki, indi müstəqillik əldə edən xalqlar öz tarixi adət-ənənələrini, dini-etnik görüşlərini qoruyub yeni nəsillərə ötürə bilirlər. Ancaq digər dövlətlər işğal etdikləri ərazilərdə belə bir yanaşmanı tətbiq etməyiblər.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin öz neytrallığını qoruya bilmədiyini  deyən Ə.Nuriyev hesab edir ki, bu dövlətlər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının azad edilməsiylə bağlı heç vaxt cəsarətli addım atmayacaqlar:
 
"Əksinə bu dövlətlər torpaqların işğal altında qalmasında maraqlıdır. Hətta İrəvanda "erməni soyqırımı" ifadəsini işlədən Fransua Olland heç vaxt Bakıda işğal faktını dilə gətirməyib. Aprelin 25-i Fransa prezidentinin Azərbaycan səfəri yalnız iqtisadi maraqlar xatirinə idi. Bu bir daha təsdiq edir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsinin danışıqlar yolu ilə tənzimlənməsində real addımlar ata bilməyəcək. Çünki bunun üçün qurumun imkanları yoxdur.

Heç şübhəsiz ki, münaqişə üzrə danışıqların yüksələn xətlə inkişaf etməsi üçün formatın dəyişdirilməsi mütləq məsələdir. Hazırkı vəziyyət dünyada ikili standartların tətbiq olunduğunu bir daha sübut edir. Fikir versək, yaxın tarixdə Xocalıda ermənilərin törətdiyi soyqırım vəhşilikləri heç kəsin diqqətini cəlb etmir, lakin 20-ci əsrin əvvəllərində hadisələrin təhrif olunmuş formada təqdim edilməsi dünya tərəfindən ciddi qarşılanır.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın saxta soyqırım iddialarını təsdiqləyən dövlətlərə bildirdiyi kimi onlar gedib öz tarixlərini araşdırsınlar. Görsünlər ki, hansı xalqların dininə, milliyyətinə, təbii sərvətlərinə görə varlığına son qoyub, hansılarının isə sonuncu nümayəndəsinin yer üzündə qalmasının səbəkarı olublar.

Vəzifəsi dinlərarası, mədəniyyətlərarası dialoqları möhkəmləndirmək oları Roma papaları tarix boyu müharibələrin səbəbkarları kimi çıxış ediblər. Orta əsrlərdə səlib yürüşlərinə fətva verən də Roma Papası olub. İndi də qondarma "erməni soyqırımı"nı tanımaqla böyük yalanın altından imza atıb. Bunun əvəzinə baxıb görsünlər ki, Yaxın Şərqdə baş verən soyqırımların, kütləvi qətliamların arxasında duranlar kimlərdir. O zaman bu cür qərar verə biləcəklərmi?".

Ceyhun ABASOV

 





28.04.2015    çap et  çap et