525.Az

Uşaq musiqisi ilə bağlı elmi-praktik konfrans keçirilib


 

Uşaq musiqisi ilə bağlı elmi-praktik konfrans keçirilib<b style="color:red"></b>

Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqında "Uşaq musiqisinə və onların musiqi-estetik tərbiyəsi"nə həsr olunmuş elmi-praktik konfrans təşkil edilib.

Konfrans 3 nömrəli 11 illik uşaq musiqi məktəbinin "Renessans" uşaq xorunun ifası ilə başlanıb. Xorun ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin Xalq şairi Səməd Vurğunun sözlərinə yazdığı "Zəfər" mahnısı və Xalq artisti Faiq Sücəddinovun Baba Vəziroğlunun sözlərinə yazdığı "Heydərlə Azərbaycanım" mahnısı səsləndirilib.

Konfransda Əməkdar İncəsənət Xadimi, professor İmruzə Əfəndiyeva "Uşaq musiqisinin aktual problemləri" mövzusunda məruzə ilə çıxış edib: "Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan uşaq musiqisi uşaqların estetik tərbiyəsinə, yaradıcılıq baxımından professional musiqiçi kimi yetişməsinə böyü kömək göstərir. Dahi bəstəkarın yolunu ləyaqətlə davam etdirən Qara Qarayev, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov kimi bəstəkarlarımızın da yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqi əsərləri var. Bu gün uşaq mahnılarının inkişafında Elnarə Dadaşova, Faiq Nağıyev, Cahangir Zülfüqarov, Cəlal Abbasov, Adilə Yusifova kimi bəstəkarların böyük rolu var".

Bakıdakı 32 və 385 nömrəli musiqi məktəblərində Uşaq Yaradıcılıq Mərkəzinin "Musiqi sevərlər" dərnəyinin rəhbəri Kəmalə Cabbarova "Ümumtəhsil məktəblərində musiqi dərsliklərinin keçirilməsi" mövzusunda məruzə ilə çıxış edib.

Konfransda əsasən bu janrın inkişafına radio və televiziyaların da böyük təkan verdiyi vurğulanıb. Vaxtilə televiziya və radio dalğalarında "Bənövşə" uşaq xorunun ifalarının necə hərarətlə qarşılandığı yada salınıb.

Uşaq musiqi əsərlərinin yaranmasına, təbliğinə xüsusi diqqət ayıran Bəstəkarlar İttifaqının bu istiqamətdə fəaliyyəti yüksək qiymətləndirilib.

Konfransda seçilmiş mövzuya uyğun məruzələr dinlənilib.

Aprelin 28-də başa çatacaq konfrans məktəblilərin konsert proqramı ilə davam etdirilib.

S.ABDULLAYEVA

 

 





28.04.2015    çap et  çap et