525.Az

Binəqədidə "Oxu günü" festivalı


 

Binəqədidə "Oxu günü" festivalı<b style="color:red"></b>

Aprelin 25-də  Binəqədi rayon Heydər Əliyev adına istirahət parkında "Oxu günü" festivalı keçirilib.  Festival "Hədəf" şirkətlər qrupunun təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi  ilə baş tutub.

Tədbirdə "Hədəf" şirkətlər qrupunun baş direktoru Şəmil Sadiq, təhsil nazirinin müşaviri Ağabala İbrahimov, millət vəkili Hüseynbala Mirələmov, şair Vahid Əziz, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, yazarlar iştirak ediblər.

Layihənin ideya müəllifi Şəmil Sadiq çıxışında bildirib ki, belə festivalın keçirilməsində əsas məqsəd gənclər arasında mütaliəyə diqqətin artırılmasıdır: "Layihənin həyata keçirilməsi üçün Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Müraciətimizə müsbət cavab aldıqdan sonra layihənin ərsəyə gəlməsi üçün işlərə başladıq. Festivala hər kəs özü ilə bir kitab gətirib. Hər kəs gətirdiyi kitabı başqa şəxslə dəyişdirəcək" -deyə Ş.Sadiq qeyd edib.

Təhsil Nazirliyinin müşaviri Ağabala İbrahimov bildirib ki, oxu mədəniyyəti uşaq vaxtından formalaşır: "Hər kəsə məlumdur ki, tədris ilinin əvvəlindən Təhsil Nazirliyi mütaliə marağının artırılması və inkişafı ilə bağlı bəzi sərəncamlar verib. Bu sərəncamlardan sonra məktəblərdə mütaliəyə marağın artırılması ilə bağlı xeyli iş görülüb". A.İbrahimov 236 saylı məktəbin şagirdlərin hər birinə kitab hədiyyə edib: "Qoy, kitab həmişə onların yaxın dostu olsun".

Millət vəkili Hüseynbala Mirələmov belə tədbirin keçirilməsini yüksək qiymətləndirib: "Kitaba diqqət artırılmalıdır. Hər yerdə, regionlarımızda kitab mağazalarının sayı çoxaldılmalıdır. Gənclər arasında mütaliə həvəsini artırmaq üçün belə festivallar daim keçirilməlidir. Çox şadam ki, son illər artıq bizdə yavaş-yavaş  kitaba maraq artır".

Tədbir rəsmi hissədən sonra bədii hissə ilə davam edib. Tədbir iştirakçıları 10 dəqiqəlik  kitab oxuyaraq "Gəlin birgə oxuyaq!" fləşmobu keçirib.  Sonra gənclərin musiqi ifası ilə davam edib.  Festivalda kitab haqqında pantomim tamaşa nümayiş olunub.  Könüllülərin ifasında müxtəlif şeirlər səsləndirilib.

Festival tanınmış yazıçıların imza mərasimi ilə  yekunlaşıb.

Vəfa MƏMMƏDLİ

 

 





28.04.2015    çap et  çap et