525.Az

Xalqa və dövlətçiliyə xidmətin parlaq nümunəsi


 

GÖRKƏMLİ DÖVLƏT XADİMİ XUDADAD BƏY MƏLİKASLANOVUN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR

Xalqa və dövlətçiliyə xidmətin parlaq nümunəsi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik-daşnak təcavüzü nəticəsində süquta uğramasının 95 illiyi tamam olur.

Vətənimizi işğal etmək, müstəqil dövlətimizi yıxmaq üçün şimaldan Azərbaycana hücum edən XI ordu və bolşevik-daşnak qüvvələrinin tələbi ilə 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə 23 aylıq ömrü sona yetən Cümhuriyyətin süqutunu böyük müsibət kimi, ürək ağrısı ilə qarşılayanlardan biri də Xudadad bəy Məlikaslanov idi.  Onun həyat yolu və fəaliyyəti ilə bağlı araşdırma apararkən ən zəngin mənbə olan Azərbaycan  Prezident Kitabxanası və Milli Kitabxananın  saytına istinad etdikdə bu qənaət bir daha təsdiqlənir ki, X.Məlikaslanov əsl istiqlal mücahidi, Xalq Cümhuriyyətinin ən görkəmli xadimlərindən biri olub. Cümhuriyyət zamanı yüksək vəzifə daşıyan bu şəxs, əslində, həmin vaxtadək də, sonra da bütün varlığı ilə Vətəninə xidmət mücəssəməsinə çevrilib. 

1919-cu il martın 18-də Azərbaycan Gürcüstan arasında dəmiryolu rabitəsi haqqında daha bir saziş imzalandı.

Həmin ilin aprel ayının 17-də Azərbaycan Dəmiryolu İdarəsi Batumda öz ticarət agentliyini təşkil etdi. 1918-1920-ci illərdə dəmiryolu xətlərinin, hərəkət vasitələrinin təmiri qaydaya salındı. Bu sahədə çalışanların məvacibi artırıldı. Artıq demək olar ki, Azərbaycana məxsus dəmiryolunda çalışanların ümumi sayı on bir minə çatırdı. Beləliklə, o dövrdə Məlikaslanovun rəhbərlik etdiyi nazirlik öz fəaliyyəti ilə tarixin yaddaşında bir iz qoydu.

Ölkədaxili və  xaricə gediş-gəliş təkcə dəmiryolu vasitəsi ilə deyildi. Belə ki, 1918-ci il oktyabrın 30-da Bakı Ticarət Limanı İdarəsinin fəaliyyəti də bərpa olundu. Ticarət gəmiləri ilə Bakı-Mahaçqala, Salyan, Lənkəran limanları arasında sərnişin və yük daşınması təşkil edildi. Hökumətin ciddi səyləri və nazirliyin gərgin zəhməti nəticəsində 1919-cu ildə Bakı-Batum neft kəməri də bərpa edilib istifadəyə verildi. 1919-cu ilin avqust ayında ingilis qoşunları Azərbaycandan çıxdıqdan sonra Bakı limanı və ticarət donanması da cümhuriyyət hökumətinin sərəncamına keçdi. Ölkənin ticarət gəmiləri Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı altında üzməyə başladılar.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi X.Məlikaslanov bu illər ərzində həm siyasi proseslərin önündə olub , həm də böyük quruculuq fəaliyyəti göstərib. Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü olan X.Məlikaslanov Cümhuriyyətin 1-ci və 2-ci hökumət kabinetlərində yollar və poçt-teleqraf naziri, 3-cü, 4-cü və 5-ci kabinetlərdə yollar naziri idi. 5-ci hökumət kabinetində 1920-ci il fevralın 18-dək müvəqqəti olaraq həm  ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini də icra edib.

Nazir X. Məlikaslanovun rəhbərliyi ilə  ölkədə hələ çox yeniliklərin olacağı şübhəsiz idi. Lakin 1920-ci il aprel işğalı bir çox planları yarımçıq qoydu. Bilik və bacarığı nəzərə alınaraq Sovet hakimiyyətinin ilk illərində ona toxunmayıblar. 1921-ci ilin əvvəlində Dövlət Tikinti Komitəsində şöbə müdiri işləyib, daha sonra həmin komitənin sədri olub. O, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında Dəmiryolu Tikintisi İdarəsinin rəisi və şuranın məsləhətçisi vəzifələrini icra edib.

Sovet hökuməti nəyi necə edəcəyini çox yaxşı bilirdi. X.Məlikaslanovun nəyə qadir olduğunu yaxşı bilirdilər. Başa düşürdülər ki, o, yüksək ixtisaslı mütəxəssis, təcrübəli təşkilatçı və Vətənini sevən ziyalıdır. Bunun üçün də ona ən məsul vəzifələri tapşırmaqdan belə çəkinmirdilər. Əlbəttə, onlar bunu X.Məlikaslanova olan hörmət və etimada görə deyil, öz mənafeləri naminə edirdilər. Odur ki, Xudadat bəyə 1923-1925-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin sənaye-nəqliyyat-tikinti bölməsinin müdiri vəzifəsi tapşırılır. 1922-1924-cü illərdə Zaqafqaziya Dəmiryolu İdarəsinin üzvü seçilir. 10 ilə yaxın (1921-1930) Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində yol, sənaye, nəqliyyat və tikinti bölməsinin sədri işləyir, bunlardan 6 ilini (1924-1930) həmin fakültənin dekanı olur. 1928-ci ildə Azərbaycan SSR Ali Texnika Komitəsinin sədr müavini, 1921-1930-cu illərdə RSFSR və Azərbaycanın bir sıra elmi-texniki mədəni-maarif təşkilatlarının üzvü, üç il (1927-1930-cu illər) SSRİ Xalq Təsərrüfatı Şurasının elmi-texniki kollegiyasının üzvü kimi də fəaliyyət göstərir. 1926-1930-cu illərdə o, həm Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, həm də Zaqafqaziya MİK-nın üzvü idi.

X. Məlikaslanov rəhbər vəzifələrində çalışmaqla yanaşı yaradıcılığı da kənara qoymayıb bir çox elmi məqalələrin müəllifidir. O, Azərbaycanın ilk texnika elmləri doktoru - professorlarından biridir, 3 monoqrafiya və 70-dən çox məqalənin müəllifidir. Onun müəllifi olduğu məqalələr Moskvada nəşr edilən jurnallarda işıq üzü görüb. Uzun illər dəmiryolu işi ilə bağlı topladığı bilik və təcrübəni sonralar yazdığı kitablarda ümumiləşdirib. Belə ki, 1927-ci ildə Politexnik İnstitutunun nəşriyyatında, iki il sonra isə Azərbaycan Dövlət Nəşriyyatında dəmiryolu texnikasına aid iki kitab nəşr etdirib.

Sovet hökuməti cümhuriyyət dövrünün kadrlarından öz mənafeyi naminə istifadə etsə də,lakin həmişə xalqın düşünən beyinlərini  düşmən gözündə görürdülər. Onları daim  izləyir, şərləyir, müxtəlif bəhanələrlə cəzaya məhkum edirdilər. Əslində, bolşeviklərin əsas siyasi opponentləri müsavatçılar idi. Onlarla haqq-hesabı çürütmək həmişə gündəmdə qalırdı. Lakin yeni hökumətin vəzifəli şəxsləri buna mübahisə, diskussiya və s. vasitəsilə nail olmağı düşünmürdülər. Çünki müsavatçıların intellekti, dünyagörüşü, inkişaf səviyyələri düşünüb hazırlaşmadan, necə gəldi, "dünya inqilabına" doğru gedənlərdən xeyli yüksək idi.

Respublikanın yeni rəhbərlərinin vəzifəsi, məqsədi bir idi: mane olanları aradan götürmək, onlardan yaxşı düşünənləri, mütərəqqi fikirliləri təkləyib məhv etmək. 1920-ci ilin axırlarından başlanan həbslər, istintaqlar, dindirmələr 1930-cu illərdə dəhşətli bir vəziyyət aldı. Əvvəllər Fövqəladə Komissiya müsavatçılar arasında say-seçmə həbslər aparırdı. İki-üç ay çəkən istintaqdan sonra məhbuslar buraxılırdılar.

Həmin məhbusların əksəriyyəti də sovet platformasında işləməyə, bütün qüvvələrini yeni hakimiyyətə sərf etməyə hazır olduqlarını bildirirdilər. Hətta partiyanın sol qanadını təşkil edənlər "Müsavat"ın fəaliyyətinin dayandırıldığı barədə xüsusi bəyanat da vermişdilər. Onlar güman edirdilər ki, gizli fəaliyyətdən çıxdıqdan sonra təqib olunmayacaq, respublikanın bütün vətəndaşları kimi azad surətdə yaşayıb işləyəcəklər. Lakin müsavatçıların təqibi dayandırılmadı, əksinə, sürətləndi.

Bəyannamə dərc olunan günün ertəsi leqal Müsavat Partiyasının bütün üzvlərini müəyyən bəhanə ilə tutmağa, istintaq edib Baş Dövlət Siyasi İdarəsi Kollegiyası xüsusi müşavirəsinin qərarına əsasən həbs düşərgələrinə göndərməyə başladılar. Həbs olunanlar Azərbaycan xalqının ən yaxşı oğulları idi. X. Məlikaslanovu da belə həyat yolu gözləyirdi. Belə ki, o, 1930-cu ilin əvvəlində Azərbaycan SSR XDİK-nın siyasi idarəsi tərəfindən "Azərbaycan Milli Mərkəzinin işi" üzrə ittiham olunaraq həbs edilib. 1933-cü ilin ortalarında azadlığa buraxıldı.

Bundan sonra Sovet hakimiyyəti yenidən X.Məlikaslanovun istedad, bilik və bacarığından istifadə edərək ona məsul vəzifələr tapşırıb. 1933-cü il sentyabrın 1-dən, yəni həbsdən azad olunandan bir-iki ay sonra Azərbaycan Nəqliyyat İnstitutunda dəmiryolu və Azərbaycan İnşaat İnstitutunda İnşaat işinin təşkili kafedralarına rəhbərlik edib. Həbs olunması, həyatındakı bir sıra çətinliklər Xudadat bəyi öz yolundan döndərməyib, o yenidən Azərbaycan dəmiryollarının inkişafı, nəqliyyat sahəsində bir çox problemlərin həlli üçün əlindən gələni əsirgəmir.

Lakin Xudadad bəyi Sovet hökumətinin qara qüvvələri, təhlükələr rahat buraxmırdı. Ümumiyyətlə desək, Stalin üsul-idarəsi onu elə "nişan almışdı" ki, həmin təhlükədən sovuşmaq çox çətin məsələ idi. Odur ki, Məlikaslanov  yenidən 1934-cü ilin avqustunda  təbii ki, bu dəfə də əsassız ittihamlarla həbs olunur. Bu dəfə əks-inqilabçı, millətçi təşkilatın üzvü olduğu, ideoloji cəbhədə rəhbər vəzifələri zəbt etmək niyyəti daşıdığı və xalq təsərrüfatının əsas sahələrində  "ziyankarlıq" apardığı səbəbi ilə həbs edilir.

Xudadad bəy ömrünün sonunu gəncliyinin keçdiyi Rusiyada keçirir. Lakin bu dəfə hər şey fərqli idi. Məhbus həyatı onu həm mənəvi, həm də fiziki cəhətdən məhv etmişdi. Həbs düşərgəsində Məlikaslanov hər gün ona nə vaxt divan tutulacağı günü gözləyirdi. Beləcə 1935-ci il iyul ayının 23-də  Xudadat bəy Məlikaslanov dünyasını dəyişir. Lakin illər sonra,  gec də olsa, 1959-cu ildə X.Məlikaslanov bəraət aldı. Çünki o, heç bir cinayət işləməyib, yalnız vətənin rifahı, ölkəsinin inkişafı uğrunda, onun gələcəyi üçün çalışan ziyalı idi.

Xudadad bəy tariximizdə, həm insan, şəxsiyyət  kimi, həm də xalqı, ölkəsi üçün gördüyü işlərlə hər birimizə vətənpərvərlik nümunəsi ola biləcək izlər qoyub. 

Samirə QULİYEVA

 





28.04.2015    çap et  çap et