525.Az

Təmas xəttinin beş addımlığında...


 

Təmas xəttinin beş addımlığında... <b style="color:red"></b>

Ürəyim məni səngərlərə çəkirdi. Zamanında qışın sazağında isindiyim, yayın bürküsünü hiss eləmədiyim səngərlərə. Kəlmə-kəlmə mətləb alıb-mətləb verdiyim səngərlərə. Heysiyyətimi, qürurumu nurlandıran səngərlərə. Ömrümün neçə-neçə ilinə urvat olmuş, ürəyimin də, sözümün də qırışığını açmış, neçə-neçə şeirimə masa olmuş səngərlərə...

Ötən ilin oktyabrında polkovnik-leytenant Etibar Orucov hardansa, kimdənsə eşitdiyi bir şeirimi - "Özümə yazığım gəldi" - xatırlatmışdı. Umacaqlı baxışlarından mətləbini anlamışdım. "İncimə" demişdim. "Əsgərlərə şeirlər oxumamış dilim söz tutmaz..." - demişdim. Gülümsünmüşdü...

...Təmas xəttinin "beş addımlığındaydıq". Bu da bir azdan döyüş növbəsinə gedəcək əsgərlər. Əsgərlərin üzümüzdən üzülməyən baxışlarının sorğu-sualından sıxıla-sıxıla düşüncələrimi bürüyən gümanların bürküsündə sıxılıram. Onları nələr düşündürdüyünü hiss edirəm. Onu da hiss edirəm ki, bu sorğu-sualların bətnində zərrəcə qınaq yoxdu, heysiyyət var, müharibənin yaraları var, şəhidlərin gileyli ruhlarının harayı var...

...Mayor Həsən Mahmudov məni açıq havada düzənlənmiş stullarda əsgəri səliqəylə oturanlara təqdim edir. Həm də şirin, xoş, könülaçan epitetlərlə. "Çoxunuz şairlə ilk dəfə üz-üzəsiniz. Dinləyin, soruşun. Rəşid Faxralı ehtiyatda olan mayordur. Hərbi xidmətə, əsgərlərin xidmətinə yaxşı bələddir" - deyir. Niyəsə, bir qədər sıxılıram; belə təqdimatdan sonra deyəcəklərimin məzmunu, məzmunu ifadə elmək üçün sözlərin seçimi, sözlərin ifadə forması, intonasiya...

Şair taleyimə ad olan həsədaparılası tədbirdi...

Umacaqlı baxışlardan oxuduğum mətləblər ruhumu sıxmaqdadı. O mətləblər dili söz tutanların hamısını düşündürən, narahat eləyən mətləblərdi və bircə yozumu var: torpaq, torpaqlarımızın işğaldan nə zaman azad ediləcəyi intizarına düşəsi bir ümidlik işıq. Ruhumu bu gözlənilməz, ərköyün sıxılcımdan yenə söz xilas edə bilər - düşünürəm...

Əsgərlərin görüşündəyəm. Bu, indiyəcən gördüyüm şeirli saatlardan deyil. Bu, sözümüzün də keşiyində dayananlarla könül söhbəti - söz, şeir günyəli görüş olacaq.

Şair taleyimin bənzərsiz, təkrarsız saatını yaşayıram. Təntiməsəm, özümü itirməsəm, dilim dolaşmasa bir ömrə bəs olası könül xoşluğu yaşayacam..

Müharibədən danışdım...

Torpaqdan, Vətəndən, Vətən sevgisindən danışdım...

Ömrü bizlərə ömür düsturu olan Azərbaycanın Milli Qəhrəmanları Yusif Mirzəyevdən, Vəzir Orucovdan, Koroğlu Rəhimovdan, Mübariz İbrahimovdan, Goranboy əməliyyatından az sonra tanıdığım, Ağdərə əməliyyatında döyüşçü ömrünə yaxından bələd olduğum Fəğan Əliyevdən, vaxtilə riyaziyyat müəllimi olduğum Yaşar Göyüşovdan,... danışdım. Həm də qədərsiz sevgilərlə, qürurla danışdım. "Bir ömür borcluyuq..." şeirini oxudum. Əsgərlərin poetik duyumu ürəyimi elə səmimiliklə telləndirdi ki...

"Səngərlərdə sizin kimi oğulları görəndə həmişə özümdən utanmışam" - dedim. Əsgərlərdən biri mənim bu fikirlə tamamlanan "Özümə yazığım gəldi" şeirimi deyəndə keçirdiyim xoş duyğuları ifadə eləməyə çətinlik çəkirəm. Bir neçə ay əvvəl "Azərbaycan Ordusu" qəzetində dərc olunmuşdu, ordan yadında qalıb, düşündüm.

Şeirlər oxudum - Vətən ünvanlı, şəhid-şəhid qorunan torpaq ünvanlı şeirlər...

Şeirlər oxudum - əsgər qürurunun postamenti olan səngərlərə ad olan şeirlər...

Əsgər Maşallah Əsədullayevin gözlənilməz sualı düşüncələrimi əməlli-başlı silkələdi:

- Hərbçi Rəşid, jurnalist Rəşid, şair Rəşid. Hansı ilə daha çox qürurlanmısınız?

Nə deyəydim? Bu düşündürücü sualı necə cavablandıraydım? Həm də səmimi olmaqla.

- Poeziya da, jurnalistika da duyğu məsələsidi, hərbçi - vətəndaşlıq. İxtisasım etibarilə jurnalistəm. Duyğularım mənə şeirlər yazdırır. Hərbçi olmağım Vətənə borcödəmə ilə bağlıdı. İndiki "Azərbaycan Ordusu" qəzeti ilk olaraq "Xalq Ordusu" adıyla nəşrə başlayanda məni də ora dəvət elədilər. Böyük həvəslə, sevgilərlə gəldim. O gün həyatımın axarını dəyişdirdi. Taleyimdən gileyli deyiləm. Yəni hərbçi olmağımla həmişə qürurlanmışam. Bu mənada vətəndaş Rəşid Faxralını daha çox sevirəm. Hərbçi olmaq ən böyük vətəndaş-lıq olduğu üçün - dedim. Yadıma düşdü ki, neçə il əvvəl bu "525-ci qəzet”in müxbiri Sevinc Mürvətqızının bu sualını cavablandırmış, "Vətəndaş Rəşid Faxralını" demişdim...

Əsgər Tural Allahverdiyevin "Hərbçi olmaq şərəfdi, yoxsa şairlik?" sualını illərimin sınağı bilirəm. Bu görüşün səmimiliyinə xəyanət eləməzdim. Bacarmazdım. "Şair sözün keşikçisidi, hərbçi - torpağın, Vətənin. Söz də fərdin, şəxsin ruhunun ünvanı olan torpağın, Vətənin barıdı. Hamı kimi şair də hərbçi ömrünə küsənir" - dedim. İnsafən haqlıydım...

"Müharibə" poemasından oxuduqlarımdan duyğulanan əsgərlərin duyumunun incəliyi mənə qədərsiz könül xoşluğu verdi; şeirin aşıladığı məzmun əsgərlərin baxışlarında çırpındıqca çırpınırdı, həm də üzü Qarabağa dartınmaqla. Nə danım, bir qədər kövrəldim də:

Belə gəldi qəza-qədər...
Gözlərimdən zərrə gedib
Şəhidlərin sayı qədər...
Bir zərrəsi
Bağanıs-Ayrımda
yananlarla yandı,
Bir zərrəsi
Xocalıda donanlarla dondu...

Əsgər Kənan Alxaslının "Yaza bilmədiyiniz şeir olubmu?" sualını mənə neçə illər əvvəl qızım vermişdi. Onda gülümsünmüşdüm. İndi etiraf etməli idim: Çox olub. 23 il əvvəl. Xocalı faciəsində əsir düşməmək üçün özünü xəncərlə vuran Səmayə haqqında. Şeir yaza bilməmişdim, hekayə yazmışdım. 23 ildən sonra. "Ulduz" jurnalında dərc olundu. Kənan çəkinə-çəkinə hekayəni oxumaq istədiyini bildirdi. Göndərəcəyimə söz verdim...

..."...sonuncu nəfəsdə Rəşid", "Dünya beşgünlük deyil", "Bu taydan o taya körpü varıydı", ... Şeirlər əsgərlərin xoşuna gəldimi, şeir diliylə onlara nəsə deyə bildimmi?..

"Göyərdək" şeirini sağollaşma əvəzi bildim:

Torpaq kəlməsini, Vətən sözünü
Ürəkdə cücərdib başda göyərdək...

...Tək ondan təsəlli tapıram ki, əsgərlərlə təmas xəttinin "beş addımlığında" səmimiyyətlə mətləblər aldıq, mətləblər verdik. Vətən, torpaq ünvanlı mətləblər...

Ürəyim məni səngərlərə çəkirdi, getdim. Üz tutalğacım şeir idi..

Nə yaxşı şeir varmış...

 





28.04.2015    çap et  çap et