525.Az

"AŞPA-nın yaz sessiyası əhəmiyyətli oldu"


 

"AŞPA-nın yaz sessiyası əhəmiyyətli oldu"<b style="color:red"></b>

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycanla bağlı konkret hansısa məsələnin müzakirəsi nəzərdə tutulmasa da,  parlamentarilərimiz bir sıra məsələlərin müzakirələrində, sərbəst debatlarda çıxış edərək Azərbaycan ictimaiyyətini narahat edən məqamlar haqqında məlumat verdi, ölkəmizin inkişafına dair reallıqları bir daha səsləndirdilər".
 
Bu barədə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova sessiyanın yekunları barədə danışarkən deyib.

O, sessiya çərçivəsində keçirilən iclaslarda bir sıra məsələlərlə bağlı mövqeyini açıqladığını vurğulayıb:

"Xüsusilə, təxminən ay yarımdan sonra keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar görülən işlər barədə geniş məlumat verdim, Azərbaycanın Avropa Oyunlarını qəbul etməyə hazır olmasını, bu oyunların idman tarixində mühüm bir yer tutacağını və standartların Bakıda müəyyənləşəcəyini bildirdim. Eyni zamanda, Avropa Oyunları  ərəfəsində bir sıra qərəzli beynəlxalq dairələr tərəfindən ölkəmizə qarşı aparılan "qara piar" kampaniyası kəskin şəkildə pislənildi.

Qeyd etdim ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları təşkilat komitəsində çalışan peşəkar komanda çox qısa bir müddətdə - 3 il ərzində demək olar ki, öz işini yekunlaşdırmaq üzrədir. Baxmayaraq ki, bu səviyyəli idman yarışlarını təşkil etmək üçün dövlətlərə bəzən 7-8 il vaxt lazım olur, amma Azərbaycan bu işin öhdəsindən cəmi 3 il ərzində gəlib.

Bununla yanaşı, Dağlıq Qarabağ problemi, erməni terrorizmi və digər məsələlər haqqında da bir daha fikirlərimizi bildirdik".

Millət vəkili ümumilikdə hesab edir ki, bu sessiya Azərbaycan nümayəndə heyəti üçün kifayət qədər uğurlu olmaqla yanaşı, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi baxımından da əhəmiyyətli oldu.

Ermənilərin AŞPA-nın yaz sessiyasında qondarma " soyqırım"ın 100 illiyi ilə bağlı hansısa fikirlər səsləndirmələrinə gəlincə, S.Qafarova deyib ki, heç bir fakta söykənməyən, sadəcə ermənilər tərəfindən irəli sürülən və dünya erməniliyinə xidmət edən bu iddialar bəzi siyasətçilər üçün sadəcə vasitədir:
 
"Hamı bilir ki, bu iddiaların heç bir tarixi istinadı yoxdur. Əgər belə olmasaydı, Ermənistan dövləti Türkiyənin arxivlərin açılması və iddiaların birgə komissiya vasitəsilə araşdırılması yönündəki təklifinə müsbət cavab verərdi. Ermənilər çox gözəl dərk edirlər ki, tarixdə belə bir fakt yoxdur. Tarixi saxtalaşdırmaq, onu siyasi məqsədlər naminə manipulyasiya vasitəsinə çevirmək cəhdləri isə heç bir nəticə verməyəcək. Nə qədər tədbirlər keçirirlərsə keçirsinlər, tarixdə olmayan bir məsələni beynəlxalq hüquqda qəbul etdirmək mümkün deyil.
 
Müzakirələrə gəlincə, erməni parlamentariləri bu məsələni də gündəmə gətirdi. Biz dəfələrlə şahidi olmuşuq ki, onlar bu kimi həqiqətdən uzaq iddialarla beynəlxalq ictimai rəyi yanıltmağa çalışırlar. Amma hər dəfə onlar Azərbaycan nümayəndə heyətinin üzvləri və o cümlədən, həqiqəti bilən və dürüst xarici siyasətçilərin tutarlı cavabları qarşısında aciz qalırlar.Bu dəfə də onlara layiqli cavab verildi. Bu müzakirələrdə Azərbaycanı təmsil edən millət vəkili olaraq, bildirdim ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində erməni terroruna məruz qalıb.

Biz terrorun nə qədər ağır fəsadlar yaratdığını, bəşəriyyəti nə dərəcədə təhdid etdiyini bilirik və ona görə də terrorizmə qarşı mübarizəyə həmişə dəstək vermişik. Buna baxmayaraq, bu gün bir sıra beynəlxalq ictimaiyyətin erməni terrorunun acı nəticələrinin aradan qaldırılması ilə bağlı, Ermənistanın işğalçılıq siyasətinə qarşı loyal münasibətinə rast gəlirik ki, bu da regionda ciddi təhlükələr yarada bilər. Mən "İŞİD"ın bir terror təşkilatı olduğunu, eyni zamanda Ermənistan dövlətinin həyata keçirdiyi terror siyasətinin ən az "İŞİD" qədər təhlükəli nəticələr vəd etdiyini vurğuladım. Düşünürəm ki, Azərbaycan dövlətinin bu kimi məsələlərdə ardıcıl və prinsipial mövqeyimiz bundan sonra da öz uğurlu nəticələrini verəcək və erməni yalanları həmişə ifşa olunacaq".

Millət vəkili onu da vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib:

"Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir.
 
Təbii ki, inkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən - ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir.

Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bütün bunlar isə bir daha onu göstərir ki, ilk Avropa Oyunlarının  təşkil olunması hüququnun ölkəmizə verilməsinin çox ciddi əsasları var. Özünə hörmət qoyan, ədalətli siyasətçilər də bu reallıqları etiraf edir, onlar Azərbaycanın yüksək inkişafını, demokratik prinsiplərə sadiqliyini hər zaman yüksək qiymətləndirirlər.
 
Çox təəssüf ki, belə bir ərəfədə bəzi siyasi dairələr ədalətsiz və qeyri obyektiv şəkildə olimpiya oyunlarını siyasiləşdirməyə, ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə çalışanlar da var. Mən sessiyadakı çıxışımda da bu məsələyə toxunaraq vurğuladım ki, biz bu kampaniyanın daha əvvəllər də, ölkəmizdə "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi vaxtda şahidi olmuşuq. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir.

Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbul olunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək.

İdman, olimpiya hərəkatını belə ucuz siyasi oyunlara alət etmək cəhdləri cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilir. Kimin nəyi necə deməsindən asılı olmayaraq, Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək standartlara uyğun təşkil etməklə, bir daha bütün Avropa ictimaiyyətinə öz dəyərlərini təqdim edəcək".

PƏRVANƏ

 





28.04.2015    çap et  çap et