525.Az

"Ermənistan qeyri-konstruktiv mövqedən geri çəkilmək niyyətində deyil"


 

"Ermənistan qeyri-konstruktiv mövqedən geri çəkilmək niyyətində deyil"<b style="color:red"></b>

"Ermənistan prezidenti Serj Sarkisyanın münaqişənin həll olunmamasında Azərbaycanı ittiham edən fikirləri bu qənaətə gəlməyə imkan verir ki, düşmən ölkə qeyri-konstruktiv mövqedən geri çəkilmək niyyətində deyil".

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Serj Sarkisyanın bəyanatında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli ilə bağlı heç bir mövqe yoxdur:

"Ermənistan yenə əvvəlki ampulasındadır. Yəni, Ermənistanın yeritdiyi siyasətdə heç bir dəyişiklik etmək niyyəti yoxdur. Ermənistanın heç bir halda müstəqil siyasəti mövcud deyil, diktə altında fəaliyyət göstərir.

Buna görə də Ermənistanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsi deyil, Böyük Britaniyanın ekspertlərində gəldiyi mövqe, ölkənin tamamilə suverenliyinin itirilməsidir".
 
Politoloq deyib ki, bu gün Ermənistan prezidenti çox böyük gərginlik içərisindədir:
 
"Bir yandan Ermənistan sistemli böhran yaşayır, bir yandan isə "qondarma "erməni soyqırımı" ilə bağlı keçirdiyi tədbir istənilən səviyyədə alınmadı. Sadə müqayisə bunu deməyə əsas verir. 4 ölkənin prezidenti Ermənistanda, 21 ölkənin prezidenti isə Türkiyədə".

E.Nəsirov hesab edir ki, 24 apreldən sonra Serj Sarkisyanın istənilən bəyanatı verməsinə baxmayaraq, ölkədə gərginlik daha da artacaq:

"Çünki müxalifət məlum tədbirlə bağlı öz mitinqlərinə moratorium qoymuşdu. Bu müddət başa çatıb və ölkədə vəziyyətin gərginləşmə tendensiyası daha da artacaq. Eyni zamanda Ermənistanda əsgər analarının etiraz dalğasının artması gözlənilir. Faktiki olaraq bu gün Ermənistanda müxtəlif qüvvələrin birləşərək Sarkisyan rejiminə qarşı mübarizələrini dərinləşdirməsi proqnozlaşdırılandır".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yaradılan ATƏT-in Minsk qrupu formatı düşmən ölkənin maraqlarına tam cavab verir.

O deyib ki, bu formata daxil olan ölkələr birmənalı şəkildə Ermənistanın maraqlarını müdafiə edirlər:

"Qondarma "erməni soyqırımı" ilə bağlı Ermənistana gedən və orada yalan açıqlama verən həmsədr ölkələrin  dövlət başçıları düşmən ölkəni seçdiklərini bir daha göstərdilər. Onların oarada səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur. Onlar bunları hansı faktlar əsasında deyirlər məlum deyil. Faktın olmadığı halda bunlar erməni yalanını təqdir edirlərsə, birmənalı şəkildə Ermənistanın tərəfini saxlayırlar".
 
QAT sədrinin sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədri olan dövlətlərin başçılarının qondarma "erməni soyqırımı" ilə bağlı tədbirə qatılmasından ruhlanan ermənilər bu formatdan iki əlli yapışacaqlar:

"ATƏT-in Minsk qrupu formatı ermənilərin maraqlarına cavab verir. Ona görə də ermənilər Azərbaycana qarşı öz maraqlarına uyğun bəyanatlar verirlər. Bu isə mövcud status-kvonun saxlanmasına xidmət edir.

Danışıqlar prosesində qeyri-konstruktiv mövqenin ermənilər tərəfindən sərgiləndiyi isə faktdır və hər kəsin göz qarşısında baş verir".

A.Nağı deyib ki, erməni tərəfinin Azərbaycan torpaqlarını işğal altında saxlamaqla yanaşı ölkəmizi danışıqlar prosesini pozmaqda ittiham  etməsi məsuliyyətsizlik və həyasızlıqdır".

PƏRVANƏ

 





28.04.2015    çap et  çap et