525.Az

Berlində Arif Əzizin sərgisi açılıb


 

Berlində Arif Əzizin sərgisi açılıb <b style="color:red"></b> Almaniyanın paytaxtı Berlindəki “Gallery Schulz” qalereyasında tanınmış Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin “Ruhun Rəqsi” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
 
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, tədbirə 300-dən artıq qonaq qatılıb. Qonaqlar arasında ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, Azərbaycan diasporunun fəalları və incəsənət həvəskarları olub.
 
“Gallery Schulz” qalereyasının sahibi Mixael Şultz sərginin açılış mərasimində  çıxış edərək bildirib ki, dünya xalqlarının mədəniyyətlərində rast gəlinən hər hansı naməlum hal onu hər zaman cəlb edib:

“Azərbaycana səfərim zamanı oradakı incəsənət və mədəniyyətlərin müxtəlifliyinə heyran oldum. Söhbət hər iki incəsənətdən gedir: həm tarixi, həm də ki müasir”.
 
M. Şultz A. Əzizin yaradıcılığını Azərbaycan Sovet incəsənəti ilə müasir Azərbaycan incəsənəti arasında bağlayıcı kimi dəyərləndirib:

“Arif Əzizin çoxşaxəli yaradıcılığı hər zaman dəyişən və abstrakt olub. Onun sənəti ilə yaxından tanış olduqda, onun bədii yaradıcılığının inkişafını və düşüncə tərzini anlamaq olar”.
 
Berlinli sənət sevərlər qarşısında çıxış edən əməkdar incəsənət xadimi Arif Əziz bildirib ki, Sovetlər Birliyi dövründə incəsənətin bir istiqaməti sayılan abstraksionizm üslubuna müraciət etmək yasaq idi. Əsas kimi  isə “Sosialist realizmi” götürülürdü. Azərbaycan müstəqil dövlət olandan sonra rəssamların yaradıcılığına yeni nəfəs verilib, bütün qadağalar aradan qaldırılıb.
 
O, fırçasından çıxan əsərlərdə yaratdığı rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrarəngiz təbiəti, caz musiqisini tərənnüm edən obrazlar haqqında bəhs edib. Bu mövzulara onun daha çox müraciət etdiyini qeyd edib.
 
Tədbirdə qeyd olunub ki, Arif Əziz öz nəslinin ən önəmli Azərbaycan rəssamlarından biridir. Onun əsərlərinin bədii zənginliyi və müxtəlifliyinin Azərbaycan incəsənətinin formalaşmasında əvəzsiz rolu olub, ona öz töhfələrini verib. Onun yaradıcılığı özündə milli İslam incəsənət ənənələri ilə müasir Qərb incəsənət elementlərini unikal şəkildə birləşdirir.
 
Daha sonra qeyd edilib ki, karyerasının əvvəlində Arif Əzizin işləri sosialist realizminə əsaslanır. Onun hər bir əsəri özünəməxsus realistik incəliklərlə seçilir.

Bu baxımdan, onun əsərləri öz müstəqil dilini inkişaf etdirib və onların Azərbaycan incəsənətində məxsusi yeri var. O, hər zaman insan obrazını Azərbaycandakı müxtəlif memarlıq üslublarla sintez etməyə çalışıb və buna nail olub. Bu sintez incəsənət aləmində yeni istiqamət inkişaf etdirib və bir çox gənc Azərbaycan rəssamlarına öz müsbət təsirini göstərib.
 
Qeyd edək ki, Almaniyanın “Berlin TV” kanalı Arif Əzizin fərdi sərgisi haqqında geniş reportaj hazırlayıb. 
 





28.04.2015    çap et  çap et