525.Az

“Fələstin məsələsi həll olunsa, radikalizm azalar”


 

“Fələstin məsələsi həll olunsa, radikalizm azalar”<b style="color:red"></b>

“Biz dini ekstremistlərlə mübarizə aparmalıyıq”.

APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun panelində çıxış edən İordaniyanın keçmiş baş naziri Taher Masri deyib.
 
T. Masri bildirib ki, Orta Şərqdə radikalizmlə bağlı ciddi problemlər var:

“Bunlar yaxşı dövlət idarəçiliyinin çatışmazlığı, təcrid, təhsilin aşağı səviyyədə olmasından irəli gəlir. 2011-ci ildə “Ərəb baharı” baş verib. Bu, gənc nəslin etirazı idi. Onlar qərar qəbul etmə prosesində iştirak etmək istəyirdilər. Lakin bir çox ölkələrdə məqsədlərinə çata bilmədilər. Hazırda dini radikalizm öz pik həddindədir. İordaniyaya da kənardan və ölkə daxilindən çoxlu təsirlər var. Biz təhlükəsizlik və stabilliyimizi qorumağa çalışırıq.
 
Bizim üçün İordaniyanın iqtisadi inkişafı əsas məsələdir. İqtisadiyyat, təhsil çox vacibdir. Digər məsələ Fələstin məsələdir. Radikalizmin bir hissəsi bu məsələ ilə bağlıdır. Biz bu məsələni həll etsək, regionda radikalizmi yarıyadək azalda bilərik. Bu gün bu məsələ həll olunmur. Yerusəlimin etnik tərkibini dəyişdirməyə cəhd edirlər. Problem daha da dərinləşir və bu da regiona təsir göstərir. Dünya ictimaiyyəti bu məsələnin həlli ilə yaxından məşğul olmalıdır.

Bu məsələdə Avropanın böyük rolu var. Avropa bu problemlərin həllinə böyük təsir göstərə bilər. Qərbə qeyri-leqal miqrasiya da Fələstin məsələsi ilə bağlıdır. Suriyadan, İraqdan insanlar Avropaya getmək istəyir, yolda, dənizdə ölürlər. Sistemdə dəyişiklik etmək lazımdır.

Təəssüf ki, bu məsələlərdə dini liderlər də öz rollarını tam oynamırlar. Bu ekstremistlər bizim mədəniyyətimizi, ənənələri əks etdirmir. Onların haradan peyda olduğunu bilmirik. Biz bunlarla mübarizə aparmalıyıq. Amma beynəlxalq ictimaiyyətin də köməyi lazımdır. Bu kimi qruplaşmalar tam dini xarakter daşımırlar. Onlar xaricdən maliyyə alırlar.
 
Ona görə də Avropa bu işdə yaxından iştirak etməlidir. Onlar hökumətlərə bu problemi həll etməkdə kömək göstərməlidir”.

 





28.04.2015    çap et  çap et