525.Az

Payız motivləri - Şeirlər


 

Payız motivləri <b style="color:red">- Şeirlər</b>

Rəfail TAĞIZADƏ

Payız

Ağacın yaylığı ayaqlar altda,

yeriyə bilmirəm çığırtısından.

Çılpaq ağacların əlləri göydə

yarpağın son dua pıçıltısından.

Yenə gəlib çatdı payız axşamı

yenə bu könlümə küləklər əsir,

axşam süfrəsində boş qalıb bir yer

kölgələr dolaşır, kölgələrdə sirr.

Pəncərə önündə ağac kimiyəm

xatirə yarpaqlar uçur havada.

Bu evin divarı yoxmuş, ilahi,

döşəmə dənizdə darıxan ada.

Göyün üzün alıb qara buludlar,

pərdələr üşüyür bum-buz otaqda,      

səmtini itirib, yolunu azıb,

cığırlar o kövrək yarpaq yataqda.

 

trollebus dayanacağında payız axşamı

trolleybus dayanacağı

payız axşamı

yarpaq tökümü...

qurumuş yarpaqlar oynayır

xəfif küləkdə

kölgəsini itirmiş ağac

qüssə oyadır ürəkdə

vaxt dayanıb

kölgəsini itirmiş ağacla

trolleybus dayanacağı arasında

bir ayrılıq sevdası var

sənin sürməli gözlərinin qarasında

ayrılıq qapısını açıb trolleybus

səni gözləyir...

Payız axşamı

Uçub göy üzündən, uçub ulduzlar,

bu gecə göylərə inam qalmayıb.

ay da çəkilibdi öz yatağına

qaranlıq gecədə adam qalmayıb.

Otaqda qaralan kölgələr itib,

əriyib, əriyib kiçilib şam,

vərəq alınlara  yazılan yazı

güzgüdə oxunur hər səhər, axşam.

Yarpaqlar tökülür payız axşamı

bahara üçaylıq bəyaz qış qalıb,

əlimdə qoxusuz payız gülləri,

könlümü bəmbəyaz  sevdalar alıb.

Ömrün payızı

Payız dodaqaltı zümzümə edir,      

çılpaq budaqlarla sevişir külək,

sevdiyim payızda axşam çağları

mənimlə gizlənpaç oynayır fələk.

Bu gecə payızdı röyalarımda

isti yuxularım sovulub gedir,

rəngbərəng yarpaqlar qonur çiynimə

ürəyim payızla qovrulub gedir.

Bu payız xəyalım quş qanadında,

ilbəil gecikir  görüşümə yaz,

payız günəşinin işartısında

mənim yanaqlarım solur, bəmbəyaz.

Payızın əlləri əsir qəhərdən,

əlində tutduğu əlindən düşür,

düzülüb sıraya son qatar kimi                              

kövrək xatirələr ötür, ötüşür.

Ömrün payız yarpaqları

Payızı sevməyən süpürgəçi qadın

bu il mən yığışdıra bilmədim

ömrümdən tökülən yarpaqları

payız dava açdı bizə

xəbərsiz, filansız

payız sevdalar, ayrılıqlar, yuxular,

payızın ağrısı ürəyimə toxunar

payız yelləri əsir,

payızın əlləri gəzir                                 

könlümüzün budağında

yarpaqlar tökülür,

hardasa buludlar ağlayır, gülür

yarpaqlar tökülür payız boyunca,

biz bir qızıl payızı yaşamadıq doyunca

payızı sevməyən süpürgəçi qadın qulaq as,

payız nərmənazik bayatıdı bir az.

Payız lövhələri

Soyudur ağacı payız özü tək

əl etmir yanından ötən qatara,

kölgədə yazılan xatirələri

kimsəsiz vaqonlar yığıb apara.

Gəlib buraları  kimdi yoxlayan

olan meyvələri çoxdan sovulub,

meşənin daimi sakinləri

yarpaqsız meşədən qaçıb, qovulub.

Qoca təbiəti dəyişir payız

biz qalın geyirik, ağac soyunur,

qara buludların göz yaşlarında

çətirsiz ağaclar hər gün yuyunur.

lll

          

dağ döşü

qəmli meşə

kölgəsiz ağaclar qədər darıxdırıcı

     

çılpaq meşənin

üzünü turşutmuş havasında

quşlar yox oxumağa

     

qəmli meşənin

neçə günlük səksəkəli ömrü qalıb

bahara kimi

     

Ümidin payızı

payızın sonunda qırılır ümidlər

saralır ümid bağlanan il

yol çəkən gözlərin kökü kimi

daralan üzülən səki kimi

əsrin son rəqəmlərini dəyişə-dəyişə

bu ili vurduq başa

baş-başa

yarımçıq qaldı hər şey

payızım bar vermədi

bir vərəq dərmədim

bu ilin payızından

bükülən qurumuş təmbəki yarpağı tək

saralan ümidləri

odlayıb sinəmə çəkirəm-ağrıyır ürək

soyuyur təqvimdə günlər soyuyur

donur yarımçıq ümidlər donur

ağacların budağına

bəyaz xəyallar qonur...     

 





10.12.2012    çap et  çap et