525.Az

Dağlıq Qarabağ münaqişəsində Qərbin manipulyasiyası


 

EMİN HƏSƏNLİ: "QƏRBDƏKİLƏR BİR GİROVU AZAD EDƏ BİLMİRSƏ, TORPAQLARIMIZI GERİ QAYTARMAĞA NECƏ KÖMƏK EDƏCƏKLƏR?"

Dağlıq Qarabağ münaqişəsində Qərbin manipulyasiyası<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun iki həmsədr dövləti - Rusiya və Fransanın dövlət başçıları aprelin 24-ü İrəvana səfər edərək qondarma soyqırımı dəstəkləməklə ermənipərəst mövqeli olduqlarını bir daha göstəriblər.

Bu o deməkdir ki, həmsədr dövlətlər Dağlıq Qarabağ münaqişəsində öz neytrallıqlarını qoruya bilmirlər. Bu da öz növbəsində ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi məsələsinin aktuallığını artırır.

Dünən Fransada Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan sözügedən qrupun üzvləri ilə görüşərək münaqişə ətrafında müzakirə aparmaq qərarına gəlib. Nalbandyan açıqlama verib ki, danışıqlar prosesinin alternativi yoxdur. Çünki status-kvonun dondurulmuş vəziyyətdə qalması Ermənistan tərəfini tam qane edir.

Ermənistan-Belçika Ticarət Palatasının 10 illiyi ilə əlaqədar keçirilən gecəyə qatılan Belçikanın xarici işlər naziri Didye Reynders isə bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun roluna diqqət cəlb edilməsi vacibdir:

"İlk növbədə anlamaq lazımdır ki, münaqişənin həlli missiyası Minsk Qrupunun üzərinə düşür. Problemin hərbi yolla həlli yoxdur. Münaqişə Minsk Qrupu çərçivəsində siyasi yolla həll olunmalıdır".

Lakin Ermənistan tərəfi hər vasitə ilə danışıqların nəticəsiz qalmasına çalışır. Beynəlxalq birlik isə onu müdafiə etməyə davam edir. Bu məsələdə xüsusilə Qərb və Amerika dairələri aktivlik göstərir. Qondarma soyqırım məsələsində Ermənistanın mövqeyini dəstəkləməklə bərabər Azərbaycana qarşı qara kampaniya aparan qüvvələr Dağlıq Qarabağ məsələsində də qeyri-obyektiv münasibət sərgiləməkdədir.

Halbuki Ermənistanın işğalçı, təcavüzkar və terrorçu mahiyyətini girovlarımıza qarşı münasibətdə də görmək çətin deyil. Bir müddət öncə qondarma məhkəmənin iclasında Dilqəm Əsgərov ya azad edilməsini, ya da öldürülməsini tələb edirdisə, bu günlərdə digər azərbaycanlı girov Şahbaz Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatı edilib. Bu hər iki kəlbəcərli girov - Şahbaz Quliyev və Dilqəm Əsgərovun erməni separatçıları tərəfindən işgəncələrə məruz qalması ehtimalını bir daha artırır.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını işğal etməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var:

"Hələ mən keçən əsrin əvvəllərində ermənilərin Azərbaycanın qərb torpaqlarında özlərinə dövlət yaratması faktından danışmıram.

Təəssüflər olsun ki, Ermənistan beynəlxalq hüquqa riayət etmir. Heç kəs də işğalçı dövləti buna məcbur etmir.
 
Məlumdur ki, başqa dövlətlərdə belə bir hadisə baş verəndə həmin an dünya gücləri beynəlxalq hüququ əllərində bayraq edərək sanksiyalar tətbiq etməyə başlayırlar. Lakin Ermənistanın bu məsələdə müstəsnalıq təşkil etdiyini görürük. Bunun iki səbəbi var: Azərbaycan müsəlman dövlətidir və regionda müstəqil siyasət aparır. Anti-Azərbaycan təbliğatı aparan qüvvələr istəyirlər ki, dövlətimiz onların əlində oyuncaq olsun. Qərb və Amerika dairələri yalnız əl buyruqçusu olan dövlətləri müdafiə edirlər. Digər dövlətlərə isə qeyri-obyektiv və ədalətsiz münasibət bəsləyirlər. Standart norma deməkdir. Ona görə də, buna ikili standartlar deyil, ikiüzlü siyasət desək daha düzgün olar. Fransa prezidenti Fransua Olland balansı qorumaq üçün İrəvandan Bakıya gəldi. Lakin tarazlı siyasət aparmaq istəyirdisə, burada ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, Xocalı soyqırımı barədə danışmalı idi.

Əgər Ermənistanın həyata keçirdiyi vəhşilikləri özündə əks etdirən video görüntülər, fotolar varsa, keçən əsrin əvvəllərində baş tutan Birirnci Dünya Müharibəsində ermənilərin hər hansı bir işgəncələrə məruz qalması haqqında dəlil-sübutlar belə yoxdur. Sadəcə Qərb dairələri əlinə düşən fürsətdən istifadə edir. Niyə Olland Bakıya gələndə Xocalı abidəsini ziyarət etmədi? Heç Fransa prezidenti İrəvanda olarkən də Ermənistanın Dağlıq Qarabağ torpaqlarını işğal etməsinə görə təəssüf keçirdiyini deməyib. Məgər Sarkisyan özü soyqırım törədən cinayətkar deyil?".

Prezident İlham Əliyevin çox uğurlu siyasət yürütdüyünü deyən hərbi ekspert ölkə rəhbərinin dövləti, onun iqtisadiyyatını, ordusunu daim gücləndirdiyini xatırladıb:

"Ermənistanda isə əhali köç edir. Onlar Suriyadan qaçan erməniləri Dağlıq Qarabağa yerləşdiriblər. Lakin bu da müvəqqəti xarakter daşıyır. Çünki ermənilər ağır həyat şəraitinə dözməyib oradan da qaçıb gedəcəklər. Ermənistanın keçirdiyi saxta soyqırım tədbiri Çanaqqala zəfər bayramının yanında həddindən artıq sönük görsənib. Cəmi dörd dövlət başçısı İrəvana səfər edib. Biri onların böyük bacısı Fransa, digərləri isə Rusiya, yunan Kipri və Serbiya prezidentləri idi. Vladimir Putin elə bil öz ölkəsinin başqa bir vilayətinə gedib. Ona görə də Ermənistanla hər hansı bir danışıqlar aparmağın mənası yoxdur. Bu ölkə təcavüzkar, işğalçı və qeyri-müstəqil mahiyyətə sahibdir. Ermənistan Rusiya və digər aparıcı dövlətlərdən asılı vəziyyətdədir".

E.Həsənli deyib ki, Avropa Oyunları qabağı yenidən Qərb dövlətləri Azərbaycana qarşı təzyiqlər etməyə başlayıblar:

"Bəs bu yarışlar başqa harada keçirilsin? İdman yarışları məhz sabit, müasir infrastruktura malik, inkişaf etmiş ölkədə keçirilməlidir. Azərbaycan bütün bu göstəriciləri özündə əks etdirir. Əgər idman infrastrukturu yaratmaq müsbət hadisə deyilsə, Avropada bu qədər idman qurğularını niyə inşa edib, yarışlar keçirirlər?

Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə dünyada öz imicini, nüfuzunu artırır, ölkə haqqında müsbət təsəvvür formalaşdırır və beləliklə Qərbin anti-təbliğat aparan qüvvələrinin məqsədləri iflasa uğrayır. Ermənistan isə qondarma soyqırım kampaniyası təşkil etməklə türklərin dünyada nüfuzunu aşağı salmağa, müsəlmanlara qarşı terrorçu təsəvvürünü daha da artırmağa çalışdığı üçün Qərb və ABŞ ona dəstək verib. Dünyanın hər bir yerində ölkəmizə səfər edən turistlər isə qərəzli fikirlər doğru olmadığının şahidi olurlar. Məhz Şərqdə ilk demokratik, Avropa modelli dövlətin əsasını da bizim babalarımız qoyub. Biz onların varisləriyik. Ermənistanın apardığı bu siyasət gec-tez iflasa uğrayacaq".

ATƏT əslində BMT-nin bir forması olduğunu deyən hərbi ekspert xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - ABŞ, Rusiya və Fransa burada təmsil olunur:
 
"Franda Avropa Birliyini təmsil edirsə, ABŞ dünyanın super gücü, Rusiya isə söz sahibi dövlətlərdən biridir.

Necə olur ki, Ukrayna böhranında Rusiyaya qarşı bütün sanksiyalar işə salınır, Ermənistana qarşı isə həmin münasibət sərgilənmir. Bu açıq-aşkar müsəlman dövlətlərinə qarşı olan qərəzli münasibəti göstərir. Çünki onlar müsəlman ölkələrinin inkişaf etməsini həzm edə bilmirlər. Bu baxımdan Azərbaycan inkişaf etdikcə regionda yeni güc mərkəzi yaranır. Bu da xarici qüvvələri qane etmir. Lakin gec-tez rəsmi Bakı öz sözünü deyəcək və torpaqlarımız işğaldan azad olunacaq. Bunun üçün Azərbaycanın güclü lideri, ordusu və iqtisadiyyatı var".

Azərbaycanda erməni əsirinin olduğunu xatırladan E.Həsənli qeyd edib ki, ona qarşı beynəlxalq hüquq normaları daxilində münasibət göstərilir:

"Azərbaycanlı girovlara qarşı isə ermənilərin amansız münasibəti var. Halbuki soydaşlarımız öz dədə-baba torpaqlarına gedərək doğmalarının qəbirlərini ziyarət ediblər, erməni diversantın isə bizim torpaqlara hansı məqsədlə gəldiyi məlum deyil. Beynəlxalq hüququn əsas prinsiplərindən biri şəxsin doğulduğu torpaqlarında yaşamaq hüququdur.

Necə olar bilər ki, azərbaycanlılar istədiyi xarici ölkəyə səfər edə bilir, lakin doğma yurdlarına gedə bilmir.

İnsan haqlarının müdafiəsindən, ədalətdən danışan ABŞ, özünü demokratiyasının beşiyi hesab edən Fransa o dəqiqə buna reaksiya verməli, Ermənistana qarşı sanksiya tətbiqinə başlamalı idi. Olland zəhmət çəkərək girovlarımızı özüylə bərabər Azərbaycana gətirməli idi. Onda biz onların Dağlıq Qarabağ məsələsində təsir imkanlarını qiymətləndirərdik. Əgər bunlar bir girovu azad edə bilmirlərsə, torpaqlarımızı geri qaytarmağa necə kömək edəcəklər? Əminəm ki, dövlət başçısı İlham Əliyev Ramil Səfərovu ekstradisiya etdirdiyi, Milli Qəhrəman Mübariz İbrahimovun nəşini ölkəmizə qaytardığı kimi işğal olunan torpaqlarımızın və erməni girovluğunda saxlanılan soydaşlarımızın da azad olunmasına nail olacaq".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Ermənistan xarici işlər naziri Eduard Nalbandyanla həmsədrlərin Fransa görüşü manipulyasiya xarakteri daşıyır. Onun sözlərinə görə, Ceyms Uorliklə Ermənistan beynəlxalq aləmi çaşdırmaq kursu götürüblər:

"Dünya siyasətində qətiyyət yaranan kimi Ermənistandan haqq-ədalət tələb olunmağa başlanır. Təsəvvür edin ki, Belçikanın xarici işlər naziri Didye Reynders İrəvana səfər etməzdən qabaq erməni mətbuatına açıqlama verib ki, müzakirə edəcəyi mövzulardan biri də Dağlıq Qarabağ məsələsidir. O hesab edir ki, hökmən icmalararası dialoq olmalı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində konkretlik olmalıdır.

Bu Reynders tərəfindən qətiyyəli mövqe idi. Bundan sonra isə Nalbandyan Uorliklə zəngləşərək qərara gəliblər ki, belçikalı nazirlə görüş zamanı həmsədrlərlə yaxın müddətdə Parisdə bir araya gələcəkləri barədə məlumat verilsin. Bu o deməkdir ki, onlar Belçikanın xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinə qarışmasını istəmirlər. Nəticədə Nalbandyan Fransada həmsədrlərlə görüşüb bir stəkan çay içərək geri qayıdıb. Bununla da Reydersin qətiyyətli addımını neytrallaşdırmış olublar. Burada beynəlxalq aləmi aldatmaqdan başqa yenilik yoxdur".

M.Əhmədoğlu hesab edir ki, Minsk qrupunun formatı dəyişdirilməyəcək:

"Necə ermənilər həmsədrlərin fəaliyyətindən istifadə edirlər, biz də eləcə onlardan yararlanmalıyıq. ATƏT-in Minsk qrupunun formatı bizə heç bir maneəçilik etmir. Biz öz işimizi görməli, hərbi təlimlərimizi daha da genişləndirməliyik. Minsk qrupu özünü hörmətdən salmış vasitəçilik institutudur. Ona görə də sözügedən qurum öz yerində qalmağa davam etməlidir. Sadəcə olaraq biz onlara əhəmiyyət vermədən münaqişə ilə bağlı fəaliyyətimizi davam etdirməliyik".

Ceyhun ABASOV

 





30.04.2015    çap et  çap et