525.Az

"Multikulturalizmin aktual məsələləri" mövzusunda elmi konfrans


 

"Multikulturalizmin aktual məsələləri" mövzusunda elmi konfrans<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Multikulturalizmin aktual məsələləri" keçirilib.

Konfransda mövzu ilə bağlı müxtəlif məsələlər işıqlandırılıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov konfransda "Etnik- mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin əhəmiyyəti"  mövzusunda məruzə ilə çıxış edib:

"Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur.

İctimai inkişafda mədəniyyətin aparıcı rol oynaması faktı cəmiyyətdə etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin vacibliyini vurğulayır. Bu müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə, hətta münaqişələrə səbəb olur. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir.

Multikulturalizm siyasəti müəyyən birləşmiş cəmiyyət daxilində etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin ən azı qorunmasına yönələn bir siyasət kimi ictimai inkişafda mədəniyyətin aparıcı rol oynamasını təmin edir. Bu siyasət nə milli azlıqların etnik-mədəni dəyərlərini assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir.

Multikulturalizm titular etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafı üçün eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün əlverişli zəmin yaradır.

Bəzi Avropa dövlətləri (Almaniya, Böyük Britaniya, Fransa) başçıları milli azlıqların müqavimətini əsas götürərək multikulturalizm siyasətinin iflasa uğradığını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti kimi qələmə verir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin qeyd etdiyi kimi, ümummilli lider Heydər Əliyev multikulturalizmin hüquqi və siyasi müstəvidə yerini müəyyən etmişdir. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib.

Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır.

Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir.

Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir. Elmi ədəbiyyatda "multikulturalizmin Azərbaycan modeli" termini geniş istifadə olunur.

Beləliklə, multikulturalizm cəmiyyətdə mövcud olan etnik-mədəni müxtəlifliklərin tənzimlənilməsinə yönələn digər siyasətlərdən fərqli olaraq mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyasının tələbinə cavab verir, çünki o, etnik-mədəni müxtəlifliklərin əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. Multikulturalizmin bu cəhəti onun səmərəli siyasət olması üçün real imkan yaradır. Lakin bu imkanın həyata keçirilməsi dövlətin bu istiqamətdə atdığı konkret praktiki addımlardan asılıdır.

Azərbaycan Respublikası hətta multikulturalizm siyasətinin meydana gəldiyi Qərb ölkələrindən də səmərəli multikulturalizm modelini təklif edir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir".

Prezident İlham Əliyev bir neçə çıxışında Azərbaycanın multikulturalizm sahəsində təcrübəsinin xarici ölkələrdə öyrənilməsinin vacibliyini qeyd edib:

"Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaq". "Azərbaycan Multikulturalizmi" fənninin xarici ölkə universitetlərində tədris olunması qeyd olunan təcrübənin öyrənilməsinin bariz nümunələrindən biridir".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov "Azərbaycan Respublikasının multikulturalizm siyasətinin həyata keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rolu" mövzulu məruzəsində mərkəzin önəmini önə çəkib:

"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə təsis edilib. Bu addım bizim liderimizin Azərbaycanda multikulturalizm ruhuna sədaqətini bir daha nümayiş etdirdi. Multikulturalizmin həm də öz tarixi kökləri vardır. Bizim milli liderimiz Heydər Əliyevin siyasi gücü ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa edilməsini təmin edib. Heydər Əliyevin müdrik siyasəti sayəsində bu ənənələrin qorunması bizim ölkəmizdə prioritetlərdən biri olub. Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab edirdi. O, etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirirdi.

Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla inkişaf etdirir. Multikulturalizmin bizim dövlət siyasəti və həyat tərzimiz olduğunu nəzərə alaraq, İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

Eyni zamanda, mən qeyd etməliyəm ki, Heydər Əliyev Fondu da həmçinin bizim multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq arenada yeridilməsinə böyük töhfə verir. Fond Azərbaycan multikulturalizminin bizim ölkəmizin hüdudlarından çox uzaqlarda yeridilməsi üçün yeni perspektivlər açan çox vacib layihələr həyata keçirir.

Bu inkişaf sayəsində dünyada heç kəs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsi faktına təəccüb etməyib.

Özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycan xalqının bu cür təşkilatın açılmasına mənəvi hüququ var. Biz əminik ki, Azərbaycan uğurlu multikulturalizm siyasətinin aparmasına parlaq nümunədir və biz öz təcrübəmizlə dünya ictimaiyyəti ilə bölüşməyə hazırıq".

A.Məmmədov qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz fəaliyyətini iki əsas istiqamətdə həyata keçirir:

" Birinci istiqamət - multikulturalizmin fənlərarası perspektivlik nöqteyi-nəzərindən öyrənilməsi ilə bağlı tədqiqat işlərinin aparılmasıdır. Beləliklə, biz Azərbaycanda multikulturalizm ənənələrinin və dünyada multikulturalizm təcrübəsinin müntəzəm surətdə tədqiqini təşkil etmək niyyətindəyik. Yuxarıda qeyd edilən məqsədlərin həyata keçirilməsi üçün Mərkəz elmi konfransların, seminarların, dəyirmi masaların keçirilməsini, həmçinin kitab və monoqrafiyaların dərc edilməsini planlaşdırır. Bizim gələcək layihələrimizdən biri də multikulturalizm jurnalının nəşr edilməsidir. Mərkəz həm də universitetlərdə multikulturalizm kursları təşkil edir. Hazırda biz bu sahədə Bakının ali təhsil ocaqları ilə əməkdaşlıq edirik.

Bizim fəaliyyətimizin ikinci istiqaməti - Azərbaycanda etnik və dini icmaların nümayəndələrinin mədəni irsinin qorunub saxlanılması və yeridilməsi məqsədilə layihələrin həyata keçirilməsidir".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımoğlu "Multikultural təhlükəsizlik və onun əsas prinsipləri" məruzəsində vurğulayıb ki, multikultural təhlükəsizlik anlayışı multikulturalizmin dövlət siyasətinə dair istiqamətində yer alır və ölkənin milli təhlükəsizliyi kontekstində mühüm yer tutur:

"Multikultural təhlükəsizlik milli təhlükəsizlyin vacib komponenti kimi anlaşılır və ona görə də aydındır ki, bu yeni anlayış ölkə daxilində multikulturalizm situasiyasını siyasi dayanıqlığın təminatçısı qismində nəzərdə tutur. Başqa sözlə desək, dövlət çoxmədəniyyətlilik mühitinin özündə maraqlı olduğu üçün bu mühitə qarşı yarana biləcək potensial təhdidləri milli təhlükəsizlik əleyhinə yönəlik bir məzmunda qəbul edir. Bu səbəbdən də multikultural təhlükəsizliyi ilkin olaraq şərtləndirən prinsip vahid dövlətdə yaşayan müxtəlif etnik, dini, sosial, siyasi, iqtisadi, nəsillərarası təbəqələşmələrin yaratdığı multikultural situasiyanın qorunub saxlanması və inkişaf etdirilməsidır. Azərbaycan ərazisi ən qədim tarixdən bu günədək etnik və dini müxtəlifliyin vətəni olub.

Azərbaycanda uzun əsrlərdən bəri türk mənşəli çoxluqla yanaşı yaşayan rus, ukraynalı, belarus, gürcü, avar, ləzgi, erməni, başqırd, tatar, yəhudi, yunan, kürd, osetin, lak, talış, udi, tat, lahıc, buduq, qrız, haput, çek, saxur, xınalıq, inqiloylara son illər ərzində ərəb, əfqan, fars, macar, Çin, Koreya, kubalı, krım türkü, özbək, qazax, litvalı, latış, moldovan, eston, qırğız, tacik, türkmən, abxaz, aqul, buryat, inquş, dargin, kabardin, komi, qumuq, mari, noqay, udmurt, çeçen, çuvaş, adıgey, çərkəz, qaqauz və b. əlavə olunub. Bu etnik müxtəlifliyi dini müxtəliflik də tamamlayır. Ölkədə islamın müxtəlif qollarına mənsub çoxsaylı müsəlmanlarla yanaşı pravoslavlıq, katoliklik, protestantlıq, yəhudilik, beynəlxalq krişna şüuru, bəhailik və s. dini konfessiyalara mənsub dindarlar yaşayırlar.

Multikultural təhlükəsizliyin bu etnik-dini müxtəlifliyin qorunması və inkişaf etdirilməsilə bağlı prinsipinin həyata keçirilməsi Azərbaycan dövlətinin gördüyü tədbirlərdə öz əksini tapır".

Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev "Multikulturalizmin bəzi sosial-fəlsəfi problemləri"ndən söz açıb: "Avropada, Amerikada isə irqi, etnik, dinlərarası ayrı-seçkilik, hətta bu zəmində toqquşmalar geniş miqyas almaqdadır. Bütün bunlar ideoloji, nəzəri-metedoloji səviyyələrdə də əks səda verir və siyasi davranış seçimini daha da çətinləşdirir, etnosentrizm, avropasentrizm, sivilizasiyaların toqquşması, mədəni relyativizm və s. kimi konsepsiyaların, miqrantofobiya, islamofobiya kimi davranış stereotiplərinin yayılması qlobal səviyyədə qlobal səviyyədə formalaqmaqda olan gələcək təhlükələrdən xəbər verir və bu sahədə sosial-fəlsəfi araşdırmaları həyati zərurət edir və eyni zamanda bu gün dünyanın ən ahəngdar mədəni müxtəliflik məkanlarından biri olan və artıq həmin sahədə ən mühüm beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınan Azərbaycanın beynəlxalq miqyaslı mühüm Azərbaycan multikulturalizm ənənələri və müasir praktikasının daha ətraflı öyənilməsini aktuallaşdırır".

Müzakirələrdən sonra konfrans işini başa çatdırıb.

S.MÜRVƏTQIZI

 





30.04.2015    çap et  çap et