525.Az

Asiya İnkişaf Bankının prezidenti Azərbaycana gəlib


 

Asiya İnkişaf Bankının prezidenti Azərbaycana gəlib<b style="color:red"></b>

Bu gün Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao Azərbaycana rəsmi səfərə gəlib.

Bankın Azərbaycan nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, səfərin əsas məqsədi 2-5 may tarixlərində Bakıda keçiriləcək AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etməkdir.
 
1999-cu ildən AİB-ə üzv olan Azərbaycan indiyədək qurumun bir sıra regional tədbirlərinə ev sahibliyi edib.
 
Qurumun İllik Toplantısının Bakıda keçirilməsi haqqında qərar isə 2012-ci ilin may ayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunub.
 
Bununla əlaqədar olaraq, 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və AİB arasında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb, ardınca isə Azərbaycan Prezidentinin 2013-cü il 22 may tarixli Sərəncamı ilə Baş nazirin birinci müavininin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
 
Təşkilat Komitəsi və Maliyyə Nazirliyində fəaliyyət göstərən əlaqələndirmə üzrə katiblik tərəfindən İllik Toplantıya hazırlıq prosesi qrafikə uyğun olaraq yüksək səviyyədə aparılıb, bütün texniki tapşırıqlar və tövsiyələr yerinə yetirilib, artıq hazırlıqlar tamamlanıb.
 
İllik toplantı Heydər Əliyev Mərkəzində keçiriləcək. Tədbirdə 3 minə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

 





30.04.2015    çap et  çap et