525.Az

Kamilə Əliyeva : “ Müxalifətdə hər kəs özünü vahid namizəd kimi görür”


 

Kamilə Əliyeva : “ Müxalifətdə hər kəs özünü vahid namizəd kimi görür”<b style="color:red"></b>

“Müxalifətin vahid namizəd ideyası, axtarışı heç zaman baş tutmayacaq. Çünki xüsusilə də, radikal və ya özlərini aparıcı elan edən müxalifət partiyalarının ambisiyalı, iddialı  liderləri hər biri özünü məhz vahid namizəd “postu”nda  görür və biri digərinə heç bir vəchlə güzəştə getmək istəmir”.

525.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva  AMİP sədri Yusif Bağırzadənin 2013-cü il prezident seçkilərində bu partiyanın lideri Etibar Məmmədovun  müxalifətin vahid namizəd ola biləcəyi ilə bağlı mövqeyinə münasibətini bildirərkən dilə gətirib.

Millət vəkili bildirib ki, qarşılıqlı güzəşt, bir-birinə hörmət, etibar və inam olmayan yerdə vahid namizəd məsələsindən söhbət açmaq özü gülüş doğurur: “Bildiyiniz kimi, hər dəfə prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsində vahid namizəd ideyası ortaya atılır, uzun-uzadı müzakirə olunur və sonda da bu məsələ həmin düşərgə liderlərinin şəxsi maraqları, ambisiyaları, iddiaları üzündən alınmır. Məsələn, xatirinizdədirsə, 1998-ci ildə  “Müsavat” başqanı mərhum AXCP sədri Əbülfəz Elçibəyə güzəştə getmədi və nəticədə hər iki şəxs seçkilərdən kənarda qalaraq, boykot yolunu tutdu.  Yaxud da, 2003-cü ildə AMİP lideri Etibar Məmmədov  İsa Qəmbərin vahid namizədliyinə razı olmadı, eks-spiker Rəsul Quliyev isə son anda sonuncuya dəstək verdi və üstündən bir az keçməmiş  də öz peşmançılığını ifadə etdi. Qarşıdan gələn 2013-cü il seçkilərinə hələ bir xeyli vaxt qalsa da və seçkilərə rəsmi start verilməsə də,  müxalifət düşərgəsində yenə vahid namizəd axtarışına çıxılıb və gülməlidir ki, həmin cinahda bu dəfə də eyni vəziyyət müşahidə olunur”.

K.Əliyevanın sözlərinə görə, müxalifətdən prezidentliyə iddialı olan şəxslər bir qarış da olsun öz mövqelərindən, ambisiyalarından geri çəkilməyiblər, hər kəs yenə özünü vahid namizəd olaraq görür:

 “Özü də çox qəribədir ki, bu düşərgədə vahid namizəd, yaxud, sadəcə, namizədliyə iddialı olan şəxslərin sayı günbəgün artmaqdadır. İndi belə olan halda, hansı vahid namizəddən və ya onun uğurundan danışmaq olar? Odur ki, bu dəfə də müxalifətin vahid namizəd ideyası alınan məsələ deyil və alınmayacaq da. Hətta, onu da deyim ki, müxalifətin vahid namizəd ideyası alınsa belə, onun elə bir effekti olmayacaq, cəmiyyətdən həmin düşərgəyə güclü dəstək gəlməyəcək.

 Çünki Azərbaycan xalqının özünün vahid namizədi var ki, o da indiki ölkə Prezidenti İlham Əliyevdir. Azərbaycan xalqı növbəti dəfə  İlham Əliyevin namizədliyini irəli sürəcək, dəstəkləyəcək və onu yekdilliklə növbəti müddətə ölkə Prezidenti seçəcək”.

Kamil Həmzəoğlu

 





10.12.2012    çap et  çap et