525.Az

Özbəkistanda Səttar Bəhlulzadənin portreti aşkarlanıb


 

Özbəkistanda Səttar Bəhlulzadənin portreti aşkarlanıb<b style="color:red"></b> Səttar Bəhlulzadənin ev-muzeyinin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovanın apardığı araşdırmalar nəticəsində Özbəkistanda S.Bəhlulzadənin portreti aşkarlanıb.
 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rəssamın çoxsaylı portretlərindən birinin müəllifi Özbəkistan və Tatarıstanın xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Çingiz Əhmərovdur.
 
Səttar Bəhlulzadənin ev-muzeyindən bildirilib ki, 1979-cu ildə yaradılmış “Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” adlı rəsm əsəri (75 x 85 sm) hazırda Özbəkistan Bədii Akademiyasında saxlanılır.
 
Ç.Əhmərovun S.Bəhlulzadə ilə tanışlığı V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil aldığı illərə təsadüf edir. Aşkar edilən rəsm əsəri Çingiz Əhmərovun çəkdiyi Səttar Bəhlulzadənin ikinci portretidir. Əvvəllər məlum olan “Səttar Bəhlulzadə” portretində Ç.Əhmərov azərbaycanlı rəssamın profilini təsvir edib, bu zaman rəssamın əlləri və barmaqlarını önə çəkib.
 
Mavi tonlarda işlənmiş “Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” fərqli tərzdə icra olunub. Burada S.Bəhlulzadə gənclik illərində təsvir edilib.
 
Qeyd edək ki, Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən “Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” adlı rəsm əsərinin kətan üzərində olan eyni ölçülü surəti hazırlanıb.
 





30.04.2015    çap et  çap et