525.Az

Fərdi uçot əsaslı sosial sığorta-gələcəyin təminatı kimi


 

Fərdi uçot əsaslı sosial sığorta-gələcəyin təminatı kimi <b style="color:red"></b>

Bazar iqtisadiyyatına keçid və keyfiyyətcə yeni iqtisadi münasibətlərin yaranması sosial müdafiə sistemində zəruri islahatların aparılmasını, müasir dövrün tələblərinə cavab verən çevik, işlək mexanizmləri təmin edən tam əlaqəli hüquqi və iqtisadi sosial təminatlar sisteminin yaradılmasını tələb edir.

Bununla əlaqədar son illərdə sosial müdafiə sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunların yaradılması istiqamətində zəruri işlər görülərək, beynəlxalq normalara uyğun yeni qəbul olunan hüquqi sənədlər ölkədə sosial müdafiə sisteminin keyfiyyətcə yenidən qurulmasına şərait yaradır. Ölkədə sosial yönümlü bazar iqtisadiyyatının yaradılması məqsədilə və əhalinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar 1993-cü ilin iyun ayından etibarən əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı 30-dan artıq qanun qəbul olunaraq, müvafiq fərman və sərəncamlar imzalanıb.

Pensiya təminatı sistemi - sosial müdafiə siyasətinin ən mühüm istiqamətlərindən biri

Dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biri pensiya təminatı sistemidir. Müstəqilliyin əldə edildiyi ilk illərdə ölkə iqtisadiyyatının zəif inkişafı, maliyyə vəsaitlərinin çatışmazlığı səbəbindən pensiya təminatı sistemində çətinliklər meydana çıxmışdı.

Bununla yanaşı, Sovet dönəmindən qalmış sosial sığortaya əsaslanmayan pensiya təminatı sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu Azərbaycan üçün əsas və ümumi bir problem idi. 1993-cü ildən başlayaraq Azərbaycanda siyasi sabitlik bərqərar edilməklə əldə olunan dayanıqlı iqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsinin əsas amilinə çevrildi. Məhz bu dövrdə ölkənin pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi.

Ötən illər ərzində həyata keçirilən islahatlarla Azərbaycanda müasir və sosial baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail olundu. Bunun nəticəsində pensiya yaşında olan əhali təbəqəsinin sosial rifah durumu əhəmiyyətli şəkildə yaxşılaşaraq bu təbəqədə yoxsulluq, demək olar ki, tam olaraq aradan qaldırıldı.

Əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü tədbirlər 2006-2013-cü illərdə əmək pensiyalarının orta aylıq məbləğinin 5,7 dəfə yüksəldilməsinə və beləliklə də bu göstərici üzrə ölkəmizin postsovet coğrafi məkanında öncül mövqelərdə qərarlaşmasına imkan verdi. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəflər bütövlükdə sosial sahədə, o cümlədən, vətəndaşların pensiya təminatı sahəsində ölkəmizin əldə olunmuş nailiyyətlərə söykənməklə yeni perspektivlərin çizilməsinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun dəyişikliklər strategiyasının həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Sosial sığorta barəsində yanlış təsəvvürlər

Hazırda əksər insan sosial sığortanın mahiyyətini tam dərk edə bilmir və onu vergilə qarışdırır. Əslində isə sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə atılan addımdır. Məhz ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir.

Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimovun fikrincə, bir sıra hallarda bəzi ekspertlər sosial sığortanı vergi ilə qarışıq salaraq sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırır.

Onun sözlərinə görə, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri barədə bir az tanışlıq kifayətdir. Şöbə müdiri bildirir ki, ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir: "Sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır.

İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə, o cümlədən, xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla ölçülür. Sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir".

Qeyd edək ki, hazırda ölkəmizdə pensiyaçıların sayı 1,28 milyon nəfər, sığortaolunanların sayı isə 2,7 milyon nəfərdir. Bir pensiyaçıya təxminən 2,1 nəfər sığortaolunan düşür.

Dövlətin xüsusi diqqəti

Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevin fikrincə, pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artırılır:
 
"Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, hazırda isə bu rəqəm 175,1 manata, o cümlədən, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 194,6 manata çatıb. Yeni sistemin  fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının baza məbləği 4 dəfə artıb. Həmçinin dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3 faizlik, 2008-ci ilin yanvarın 1-dən 16,7 faizlik, 2009-cu ilin yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən 5,7 faizlik, 2012-ci il yanvarın 1-dən 7,9 faizlik, 2013-cü il yanvarın 1-dən 1,1 faizlik, 2014-cü il yanvarın 1-dən 2,4 faizlik,  2015-ci il yanvarın 1-dən 1,4 faizlik artım tətbiq edilib. 2007-ci ildən başlayaraq Azərbaycan Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı verilmiş belə sərəncamların sayı artıq 9-a çatıb".

Onun sözlərinə görə, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyası baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə olmaqla ödənilir:

"Əmək pensiyaları haqqında" Qanununa əsasən pensiyaların məbləği baza, sığorta və yığım hissələrindən ibarət olmaqla müəyyən edilir. Əmək pensiyalarının baza hissəsi pensiyaçıların sosial müdafiəsinin dövlət təminatı sayılır və bu hissəyə aid olan məbləğ dövlət tərəfindən müəyyənləşdirilir. Sığorta hissəsi fərdi hesabda şərti uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan kapitala görə təyin olunur".

Mənbə rolunu oynayan fərdi hesab

Şöbə müdirinin dediyinə görə, bəzi hallarda vətəndaşlar pensiyanın sığorta hissəsi ilə yığım hissəsinin anlamını dəyişik salır:
 
"Bilmək lazımdır ki, pensiyanın sığorta hissəsində yığılan vəsait real pul kütləsi deyil, amma gələcəkdə yığım hissəsi aktivləşdirildikdən sonra yığım hesablarında toplanacaq vəsait real pul kütləsi olacaq. Hazırda sığortaolunanın fərdi hesabında toplanan vəsait şərti olduğundan sığortaolunana yalnız yaşa, əlilliyə və yaxud, vəfat etdikdə ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanmasında nəzərə alınır. Yığım hissəsi aktivləşdirildikdən sonra sığortaolunana pensiyası təyin edildikdə, yaxud o vəfat etdikdə onun vərəsələri fərdi hesabının yığım hissəsində toplanan vəsaitləri, həmin vəsaitlərin dövriyyəsindən əldə olunan gəlirləri istər birdəfəlik, istərsə də hissə-hissə əldə etmək imkanını qazanacaq. Yığım sisteminin tətbiqinin əsas özəlliyi ondadır ki, pensiyaların maliyyələşdirilməsi üçün mənbə rolunu vətəndaşın fərdi hesabında toplanan vəsaitlə yanaşı, həm də pensiya aktivlərindən əldə olunan gəlirlər də təşkil edəcək.
 
Yəni, yığım sistemində hər bir şəxsin ödədiyi sosial sığorta haqqı onun fərdi hesabında real toplanır və müxtəlif investisiya proqramlarına yönəldilərək idarə olunur. Bu vəsait düzgün yerləşdirildikdə əlavə gəlir əldə edilməklə özü-özünü artırır, şəxs pensiya yaşına çatdıqdan sonra həmin vəsait hesabına onun pensiyası maliyyələşdirilir. Hazırda pensiyalar baza və sığorta hissəsindən ibarət olmaqla təyin olunur və artırılır. Yığım hissəsi isə hazırda aktiv deyil, onun növbəti mərhələdə islahatlar çərçivəsində fəallaşdırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir".

Qeyd edək ki, son illər pensiya və müavinətlər sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artıb. Sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin elektron formada təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş, avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır.

Sığortaolunanların elektron məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılan fərdi şəxsi hesabında illər üzrə toplanan pensiya kapitalına nəzarət etmək imkanı yaradır. Bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işə götürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım edir, həm də avtomatlaşdırılmış pensiya təminatının reallaşdırılmasını təmin edir. Onu da bildirək ki, fərdi uçot sisteminin tətbiqi ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən kifayət qədər maarifləndirmə işi aparılır.

İsgəndər HƏSƏNOV
Bu məqalə Dövlət Sosial Müdafiə Fondunun elan etdiyi müsabiqəyə təqdim olunur. 

 





01.05.2015    çap et  çap et