525.Az

“Paris Minsk Qrupu çərçivəsində vasitəçilik roluna sadiqdir”


 

“Paris Minsk Qrupu çərçivəsində vasitəçilik roluna sadiqdir”<b style="color:red"></b> Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yelisey Sarayında Fransa prezidentinin diplomatik müşaviri Jak Odiber ilə görüşüb.
 
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fransa prezidenti Fransua Olandın Azərbaycana səfərindən bir neçə gün sonra baş tutmuş bu görüş zamanı həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin həlli və Fransanın bu kontekstdə son təşəbbüsü, eləcə də  Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin indiki durumu və perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.
 
Fransa tərəfi bir daha Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirərək, ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən danışıqlar prosesinə və özünün vasitəçilik roluna sadiq qaldığını, prezident Fransua Oland tərəfindən bu məsələyə bundan sonra da mühüm əhəmiyyət veriləcəyini  təsdiqləyib.
 
Nazir Elmar Məmmədyarov Fransa rəhbərliyinin bu kontekstdə fəallığını yüksək qiymətləndirərək, Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun sülh prosesini əngəlləyən əsas problem olduğunu və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həllinin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması prinsipləri əsasında mümkün olduğunu bir daha vurğulayıb.
 





01.05.2015    çap et  çap et