525.Az

Separatçıların keçirdiyi seçkilər qanunsuzdur


 

XARİCİ QÜVVƏLƏR DONBASDA KEÇİRİLƏN SEÇKİLƏRİ PİSLƏYİR, DAĞLIQ QARABAĞA GƏLƏNDƏ SUSURLAR

Separatçıların keçirdiyi seçkilər qanunsuzdur<b style="color:red"></b>

“Amerikadakı məlum çevrələrin Azərbaycana qarşı qərəzli və hətta qəzəbli davranışlarının arxasında nə dayandığına bu ölkənin Ermənistandakı keçmiş səfiri Con Evans aydınlıq gətirib.

O deyib ki, 2009-cu ildə Türkiyə Ermənistanla sərhədləri açmaq istəyib, lakin rəsmi Bakının səyləri nəticəsində bu baş tutmayıb”.
 
Bu sözləri millət vəkili Sahib Alıyev dövlət katibi Con Kerrinin anti-Azərbaycan kampaniyasına rəhbərlik etməsi ilə bağlı üzə çıxan faktlardan sonra ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, əgər nəzərə alsaq ki, Birləşmiş Ştatlar Rusiyadan Donbasla sərhədləri bağlayaraq Ukraynanın icazəsi olmadan oraya nəsə göndərməməsini tələb edir, onda Vaşinqtondakıların iç üzləri bütün çılpaqlığıyla ortaya çıxır:
 
“Həmin məntiqlə onlar Türkiyəni Ermənistanla sərhədləri açmağa səsləməməli, əksinə Ermənistandan tələb etməli idilər ki, Azərbaycanın izni olmadan Dağlıq Qarabağa nəsə göndərə bilməz. Ancaq nəinki belə bir tələb var, əksinə özləri separatçı rejimə dövlət səviyyəsində yardımlar edirlər və fürsət düşsəydi, Türkiyəni də bura qoşardılar. İçində az-çox vətənpərvərlik hissi daşıyan hər bir azərbaycanlı qərbpərəst və yaxud da şərqpərəstliyindən asılı olmayaraq təbii ki, bu siyəsəti lənətləməlidir. Özəlliklə indi əsl azərbaycanlı nə qərbpərəst, nə də şərqpərəst olmalıdır. Biz qərbcanlı və yaxud da şərqcanlı deyilik, biz azərbaycanlıyıq, demək, azərbaycanpərəst də olmalıyıq”.

Həmsədrlərin srağagün xarici işlər nazirləri ilə Paris danışıqlarından sonra birgə açıqlama yayarkən separatçı rejimin bazar gününə planlaşdırdığı “parlament seçkisi”ni pisləmədiyini deyən S.Alıyev lakin onlar Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını və keçiriləcək səsvermənin onun statusuna hər hansı bir təsir göstərməyəcəyini vurğuladıqlarını bildirib.
 
O qeyd edib ki, Amerika və Fransadan soruşmaq istərdik, nədən Donbasda keçirilən seçkilər pislənilir, bunun tərəflər arasında danışıqlar üçün yaxşı fon yaratmadığı vurğulanır, Dağlıq Qarabağa gələndə susulur:

“Bəzən onlar balans yaratmaq, guya vasitəçi olaraq neytral görünmək üçün ermənilərin üstünə getmədiklərini deyirlər. Həqiqətən belədirsə, onda bu yaxınlarda erməni uydurmasının 100 illiyinə qatılmaqla ona şərik çıxan Rusiya və Fransa prezidentləri nədən Xocalıda gözlərinin önündə baş verən əsl soyqırmı tanıyaraq onu törədənləri lənətləmirlər. Ədaləti qoyuruq bir qırağa, axı haqqında danışdıqları “balans” və “neytrallıq” bunu tələb edir”.

Dağlıq Qarabağın Azərbaycanın yaralı yeri olduğunu xatırladan İnsan Hüquqları 21-ci əsr - Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov hesab edir ki, ermənilərin həyata keçirdiyi separatizm və terrorizmin timsalında biz Qərbin və Birləşmiş Ştatların əsl iç üzünü görürük:

“Azərbaycanın problemi Avropa və Amerika dairələri üçün heç bir əhəmiyyət kəsb etmir. Ona görə də onlar Dağlıq Qarabağ məsələsinə ciddi yanaşmır, münaqişənin tez bir zamanda həll olunması üçün Ermənistanı konkret addımlar atmağa vadar etmirlər. Burada erməni lobbisinin fəaliyyəti də özünü göstərir. Ukraynada baş verən hadisələrə anında reaksiya göstərən, sərt mövqelərini ortaya qoyan Avropa İttifaqı və ABŞ əfsuslar olsun ki, Ermənistanın təcavüzü nəticəsində işğal olunan Dağlıq Qarabağ torpaqlarının taleyinə biganə yanaşır, beynəlxalq birliyin Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyi torpaqlarda separatçıların keçirdiyi qanunsuz seçkilərə münasibət bildirmir, ikili standartlar tətbiq edirlər”.

Ş.Camalov hesab edir ki, ölkəmizə qərəzli, qeyri-obyektiv münasibət bəsləyən Qərb və Amerika dairələri hər zaman çirkin missiyalarını davam etdirməyə çalışacaqlar:
 
“Bu dövlətlər Azərbaycanın inkişafını həzm edə bilmir və onun problemlərinin artmasına maraq göstərirlər. Ona görə də Azərbaycan problemlərini özü həll etməlidir. Çünki sözdə vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən bizə heç vaxt xeyir gəlməyib”.

Ceyhun ABASOV

 





04.05.2015    çap et  çap et