525.Az

"Xaricdə "Azərbaycan multikulturalizmi"nin tədrisi dostlarımızın sayını artıracaq"


 

"Xaricdə "Azərbaycan multikulturalizmi"nin tədrisi dostlarımızın sayını artıracaq"<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi" fənni bir sıra yerli və xarici universitetlərdə tədris edilir.

Layihənin davamlılığını təmin etmək, tədrisin keyfiyyətinə fəal nəzarət mexanizmini qurmaq, müəllimlərin fərdi öhdəliklərinin icra səviyyəsini yoxlamaq məqsədi ilə Mərkəz mütəmadi monitorinqlər keçirir. Artıq bir neçə universitetdə belə monitorinqlər aparılıb və müxtəlif dövlət qurumlarını təmsil edən mütəxəssislər fəal şəkildə bu işə cəlb olunublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Belarus Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi sahəsində monitorinq aparmaq üçün Belarus Respublikasında səfərdə olub.

Monitorinqin gedişatı və nəticələri barədə açıqlama verən O.Səmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qısa zamanda Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təbliği, Azərbaycanın dünyada multikulturalizmin həyat tərzi olduğu bir ölkə kimi tanıdılması məqsədilə mühüm işlər gördüyünü xatırladıb: "Cənab prezident İlham Əliyevin "Multikulturalizm Azərbaycanda həyat tərzidir" fikrini əsas götürərək, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə ölkəmizlə yanaşı, 7 xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur. Mənim də monitorinqdə iştirak etdiyim Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində 14 ölkədən olan 132 tələbə  "Azərbaycan multikulturalizmi" fənnini keçir. Bu tələbələrə Azərbaycanı yaxından tanımaq imkanı yaradılır, onlar ölkəmizin qədim tarixi, zəngin ədəbiyyatı, xalqımızın adət-ənənələri, mədəni həyatı barədə geniş məlumatlar əldə edirlər, bu da Azərbaycanı yaxından tanımayan xarici vətəndaşlara vətənimizin dünya ölkələri sırasında yerini müəyyənləşdirməyə kömək edir. Tələbələrə müxtəlif sənədli filmlər nümayiş olunur, onlar əyani şəkildə Azərbaycan haqqında daha çox informasiya toplaya bilirlər. Təbii ki, bu fənnin davamlı olaraq dünyanın müxtəlif qabaqcıl universitetlərində tədris edilməsi Azərbaycanın dostlarının sayını artıracaq, beynəlxalq akademik dairələrdə də ölkəmiz haqqında məlumat bolluğu, ən əsas da, doğru, təhrif olunmayan, dəqiq, dürüst məlumat bolluğu yaranacaq. İnformasiya müharibəsi şəraitində bu bizim üçün son dərəcə vacib məqamdır".    

O.Səmədovun sözlərinə görə, "Azərbaycan multikulturalizmi" kursu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti tərəfindən tərtib və təsdiq edilmiş proqrama uyğun və müasir elmi-metodik tələblərə müvafiq olaraq tədris olunur. Monitorinq zamanı tələbələr dərslərdən razılıq ediblər: "Tələbələrin çoxu fənnin yalnız bir semestr ərzində keçilməsinə təəssüfləndiklərini bildirirlər. Onlar sorğu anketlərində olduqca maraqlı fikirlər səsləndiriblər. Birinci kursda təhsil alan Anastasiya Smolyaninova deyir ki, biz multikulturalizmin bir ölkə daxilində mədəni fərqliliyi necə qoruduğunu və inkişaf etdirdiyini, insanların öz mənəvi dəyərlərini necə paylaşdığını öyrənirik". Azərbaycan xalqı tarix boyu öz tolerantlığı, digər etnoslara, dil, din və mədəniyyətlərə qarşı xoş rəftarı ilə həmişə seçilib. "Azərbaycan multikulturalizmi" fənninin xarici universitetlərdə tədrisi ölkəmizdə hökm sürən bu gözəl mühiti paylaşmağa, Azərbaycan həqiqətlərini təbliğ etməyə, həmçinin azərbaycançılıq məfkurəsini daha geniş çevrədə yaymağa yardım edəcək". 

Bilik Fondunun icraçı direktoru deyir ki, 14 ölkə nümayəndəsinin təhsil aldığı qruplarda rus və belarus tələbələr fənni daha yaxşı qavrayır, məşğələlərdə daha fəal olurlar. İnnovativ və interaktiv təlim üsullarından istifadə, təlim prosesinin tədris, o cümlədən, əyani vasitələrlə təmin edilməsi Azərbaycana yaranmış marağı daha da artırır. Monitorinqin nəticəsindən məlum olub ki, tələbələr tədris prosesində yeni materiallardan, Azərbaycan mədəniyyəti ilə bağlı ədəbiyyatdan, dövri mətbuat nümunələrindən geniş istifadə edilməsini, mədəni-kütləvi tədbirlərin, ekskursiya, viktorinalar təşkil olunmasını, azərbaycanlı tələbələr, ölkəmizdən gələn qonaqlarla görüşlərin keçirilməsini arzulayırlar. O.Səmədov "Azərbaycan multikulturalizmi" fənni üzrə tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün bütün bu təklifləri, ideyaları nəzərdən keçirib tətbiq etməyə çalışacaqlarını bildirib.

Belarus Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənnindən dərs  alan birinci kurs tələbələri öyrəndikləri əsasında ölkəmizlə bağlı esselər yazıblar.

Anastasiya Smolyaninova beynəlxalq münasibətlər ixtisası üzrə təhsil aldığını əsas gətirərək, millətlərin etnik və tarixi xüsusiyyətlərinin qorunması məsələsi ilə hər zaman maraqlandığını yazıb: "Azərbaycan multikulturalizmi" fənnini öyrəndikcə, bu ölkənin timsalında belə problemlərin həlli yollarını açıq görürük. Azərbaycanda 10 milyona qədər əhali sülh şəraitində, mehriban yaşayır, onların içində 100-dən çox xalqın nümayəndəsi var. Multikulturalizm bütün etnik qrupların hüquq bərabərliyini təmin edir. Belə münasibət bizə dünya ictimaiyyətinə inteqrasiya imkanı yaradır, xalqların bir-birini daha yaxından tanımasına və dostluq münasibətləri qurmasına kömək olur".

Yana Vitkovskaya da "Azərbaycan multikulturalizmi" fənnini etnik və dini tolerantlığın öyrənilməsi baxımından çox gözəl nümunə hesab edir: "Əhalisinin çox hissəsi müsəlman olan Azərbaycanda yaşayan bütün xalqların hüquqlarının yüksək səviyyədə qorunması faktı diqqətimi daha çox çəkdi. Azərbaycan tolerantlığın hökm sürdüyü ölkə kimi bir daha sübut edir ki, dünyada harmoniya var və zor tətbiq etmədən bütün problemlərin həllinə nail olmaq mümkündür. "Azərbaycan multikulturalizmi" fənnini öyrənərək, beynəlxalq münasibətlərin daha proqressiv tendensiyalarını və müasir yanaşma metodlarını mənimsəyəcəyimə inanıram".

Yekatrina Kuçinskaya düşünür ki, multikulturalizm cəmiyyətə o vaxt səmərə verə bilər ki, hər bir fərd münasibətlərdə açıq olsun, yaxşı və pis cəhətlərini görüb, yeniliyə meyl etsin: "Multikultural cəmiyyətdə yüksək mədəni keyfiyyətlərin daimi mübadiləsi vacibdir. Fənni daha dərindən öyrəndikcə gördük ki, Azərbaycanda multikulturalizm artıq dövlət siyasətinə çevrilib və çoxlu müxtəlif xalqların yaşadığı ölkədə bu, həyat tərzinə çevrilib. Bəlkə də uğurun sirri azərbaycanlıların mentalitetində, səmimiliyində və humanistliyindədir. Avropalılarda bu cəhətlər çatışmır. Azərbaycanlılar bütün millətlərin sülh və harmoniya şəraitində yaşadığı cəmiyyət qurublar".

Valeriya Aleksandrovnanın  diqqətini öncə fənnin adı çəkib: "Bir çox ölkələrdə multikulturalizm məhv olmaq üzrədir. Belə zamanda Azərbaycan bu ideyanı dövlət siyasətinə çevirib. Sevindirici haldır ki, müxtəlif dini və mənəvi dəyərlərin daşıyıcılarının qardaşlıq şəraitində yaşadığı qonaqpərvər ölkəni yaxından tanıdım. Azərbaycan Respublikasının yürütdüyü multikulturalizm siyasəti böyük uğur qazanıb və bir çox dünya ölkələri bu modeli nümunə götürməlidirlər.  Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində multikulturalizm bu ölkədə uğurla inkişaf edir. Belə siyasət bəşəri dəyərlərə böyük töhfə verə bilər.   

Heydər Əliyev Fondu UNESCO-nun iqamətgahında Azərbaycanla bağlı sərgi təşkil edib

Mayın 4-də Parisdə, UNESCO-nun iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Azərbaycan: ənənədən müasirliyə" adlı sərgi açılıb. Şəhər sakinlərinə və qonaqlara layihə çərçivəsində üç ekspozisiya təqdim olunub: "Azərbaycan: ənənədən gələcəyə", "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunan sərgi və "Azərbaycan müasir incəsənəti" sərgisi. Sərginin təşkili ilə bağlı rəsmi mərasim isə mayın 13-də keçiriləcək. Tədbirdə Azərbaycanın gənc caz musiqiçilərinin - Şahin Növrəslinin qrupunun konserti də təqdim olunacaq.

"Azərbaycan: ənənədən gələcəyə" ekspozisiyasında ölkə ərazisində tapılan arxeoloji nümunələr, qədim dövr və orta əsrlərdə Azərbaycanda dövriyyədə istifadə edilən pul sikkələri, zərgərlik nümunələri, mis qablar, milli musiqi alətləri, geyimlər, tikmələr və xalça məmulatları sərgilənir.

"Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunan sərgidə isə ölkəmizin tanınmış heykəltəraşları ilə birlikdə gənc istedadların yarışların keçiriləcəyi 20 idman növü üzrə hazırladıqları kiçik bürünc heykəllər nümayiş etdirilir.

"Azərbaycan müasir incəsənəti" sərgisində görkəmli rəssamların əsərləri təqdim olunur. Burada Əşrəf Murad, Rasim Babayev, Toğrul Nərimanbəyov, Darvin Vəlibəyov, Məmməd Kərim Quliyev, Altay Sadıqzadə, Sabir Çopuroğlu, Elyar Əlimirzəyev, Müseyib Əmirov, Niyaz Nəcəfov, Orxan Hüseynov və Faiq Əhmədin rəsmləri, Leyla Əliyeva, Kənan Əliyev, Əhəd Məmmədov və Nurlan Məmmədovun heykəltaraşlıq əsərləri nümayiş olunur.

Mayın 6-da isə UNESCO-nun iqamətgahında Qarabağ atları və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan çövkən oyununa həsr edilən sərginin açılışı, həmçinin fransız yazıçı Jan Lui Quronun "Qarabağ atları" ("Le cheval Karabakh") kitabının təqdimatı keçiriləcək.

Hərilki kimi, bu il də Avropada mayın 16-da "Muzeylər gecəsi" keçiriləcək. Həmin gün Avropanın əksər muzeylərində giriş pulsuz olur. Paris sakinləri və şəhərin qonaqları bu çərçivədə UNESCO-da təqdim edilən "Azərbaycan: ənənədən müasirliyə" sərgisi ilə sərbəst girişlə tanış ola biləcəklər.

"Azərbaycan: ənənədən müasirliyə" sərgisi mayın 20-dək davam edəcək.

Azərbaycan Venesiya Biennalesində təmsil olunacaq

 

Mayın 6-da 56-cı "Venesiya Biennalesi" - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən Azərbaycan pavilyonunda iki sərginin rəsmi açılış mərasimi olacaq. Venesiyanın izdihamlı məkanlarının birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonunda ilk olaraq Əşrəf Murad, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Fazil Nəcəfov, Hüseyn Haqverdi, Şamil Nəcəfzadənin əsərlərinin təqdim olunduğu "Hüdudları aşaraq" ("Beyond the Line") sərgisinin açılış mərasimi keçiriləcək. "Hüdudları aşaraq" sərgisi XX əsrin repressiv Sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır. Sovet rejimi dövründə kommunist ideologiyasına qarşı çıxan, "üsyankar" mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmir, rəssamlar ölkədən kənara çıxa bilmirdilər. "Hüdudları aşaraq" sərgisi indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.

 

Həmin gün Venesiya Biennalesində "Vita Vitale" beynəlxalq sərgisi də açılacaq. Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirəcək. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, "Vita Vitale"də Edvard Burtinski (Edward Burtynsky), Mirça Kantor (Mircea Cantor), Loris Çekkini (Loris Cecchini), Toni Kreqq (Tony Cragg), Laura Ford (Laura Ford), Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol (Andy Warhol) və digər məşhur rəssamların əl işləri yer alacaq.

"Vita Vitale" sərgisi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyacaq. Sərgi təkcə Azərbaycanın deyil, bütün planetin keçmişi, bu günü və gələcəyini təyin edən sosial və ətraf mühit məsələlərində rəssamların düşüncəsini işıqlandıracaq.

Hər iki sərgi noyabrın 22-dək nümayiş olunacaq.

 





05.05.2015    çap et  çap et