525.Az

Türk seriallarının türkdilli dövlətlərin xalqlarına təsiri araşdırılıb


 

Türk seriallarının türkdilli dövlətlərin xalqlarına təsiri araşdırılıb<b style="color:red"></b> Son zamanlar müxtəlif kanallarda nümayiş olunan bəzi türk seriallarının Azərbaycan, Orta Asiya və digər türkdilli xalqlara təsiri araşdırılıb.

Bu araşdırmanı aparan Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, sosiologiya elmləri doktoru Əbülfəs Süleymanov Trend-ə deyib ki, Türkiyənin bəzi serialları Azərbaycan və Mərkəzi Asiyanın türkdilli dövlətlərində türk cəmiyyəti və türk tarixi haqqında səhv təsəvvürlər formalaşdırır. Bu seriallar göstərildiyi ölkələrdə mənəvi dəyərlər üçün ciddi mənfi fəsadların baş verməsinə imkan yaradır.

Sosioloqun sözlərinə görə, bu filmlərin bəziləri hətta rekord sayda izlənilir. Bəzi film istehsalçıları belə serialların Türkiyənin tanıdılması üçün mühüm rol oynadığını bildirsələr də, əslində, bu, belə deyil. Gerçək isə budur ki, bu filmlər tarixin "zədələnməsi"nə səbəb olur.

Süleymanov deyib ki, rəhbəri olduğu "Aktual" Sosial Araşdırmalar Mərkəzi bu il Azərbaycanda 520 iştirakçı arasında sorğu aparıb. Sorğu iştirakçılarının da 62 faizi filmlərin, xüsusilə türk filmlərinin mənəvi dəyərləri zədələdiyini açıqlayıb.

Sosioloq hesab edir ki, türk serialları yalnız mənfi türk imicinin yaranmasına gətirib çıxarmır, həm də milli dəyərlərə zidd mədəniyyət axınlarının təsir göstərmə ehtimalı yüksək olan cəmiyyətlərə daha çox mənfi təsir edir.

Süleymanlının fikrincə, bu gün cəmiyyətdə boşanma və aldatma faktının artmasında belə filmlərin çox böyük təsiri var. Eyni zamanda, bəzi seriallar cəmiyyətdə daha çox zorakılığa meyilli nəsillərin yetişməsinə gətirib çıxarır. Bu seriallarda tarixin yanlış şəkildə təqdim edilməsi insanlarda ona qarşı fərqli istiqamətlərin yaranmasına səbəb olur. Tarixi hadisələrin seriallarda düzgün təqdim edilməməsi gerçək türk tarixini bilənlərin etirazlarına səbəb olur, tarixi bilməyənlərin isə onun, xüsusilə Osmanlı tarixinə dair səhv nəticə çıxarmasına gətirib çıxarır.

Süleymanlı deyib ki, bəzi seriallarda birbaşa bölgə ilə əlaqədar mövzular işlənilir və burada da fərqli problemlər ortaya çıxır.

"Məsələn, "Yaxşı Cazibə" serialının son hissəsində baş qəhrəmanı canlandıran oyunçunun serialdan ayrılmasına əsəbiləşən rejissorun azərbaycanlı bir qadın olan Cazibəni fırıldaqçı kimi qələmə verib serialı sona çatdırması Azərbaycan ictimaiyyətində ciddi reaksiyalara səbəb olmuşdu. Yenə bu günlərdə müzakirəyə səbəb olan "Möhtəşəm yüz il" serialında Azərbaycanın tarixində əhəmiyyətli yer əldə etmiş dövlət adamlarına qarşı xoş olmayan bir yanaşma cəmiyyətin müxtəlif təbəqələri tərəfindən narazılıqla qarşılanıb", - sosioloq deyib.

O bildirib ki, lakin bu mənfi nümunələrlə yanaşı, xeyriyyəçilik, vətənpərvərlik, tolerantlıq kimi mövzulara toxunan türk serialları də var. Bu serialların sayının çoxalması və digər türk ölkələrində bu cür serialların daha çox nümayiş olunması həm ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə, həm də müsbət Türkiyə imicinin yaranmasına kömək edər. Bununla yanaşı, ortaq tariximizi canlandıracaq ortaq filmlərin istehsal edilməsi də cox vacibdir. Belə filmlər türkdilli dövlətlərdə həm geniş tamaşaçı auditoriyası qazanacaq, həm də ortaq tarixin öyrənilməsinə müsbət təsir göstərəcək.
 





11.12.2012    çap et  çap et