525.Az

Bəhruz Niftəliyevin şeirləri


 

Bəhruz Niftəliyevin <b style="color:red">şeirləri </b>

Ağlımdakı son sən

Bu gün sən getmişdin,
Yanımda ola-ola,
Yerin boş qalmışdı.
Sanki bütün şəhər boşalmışdı,
Bir mən idim, bir də sənin yoxluğun,
Halbuki yaxınımdaydın.

Çoxluğun içində tənhalaşmaq,
Vidalaşmaq sevdiyinlə...
Aşmaq dənizləri,
Fikir körpüsü qurmaq
Və qalmaq tən ortasında.

Bu gün sən getmişdin,
Ağlımda sən,
Arzumda sən,
Dilimdə adın.
Bu gün
Böyük bir boşluq kimi yadımda qaldın.
- Qadın dediyin belədir gedişiylə
vurar adamı...

İçi mən olan,
Heçmi anlamadın bugünkü yadlığını
Uzaqlığını başa düşmədin?
Gecmi, tezmi oldu, bilmirəm, amma
Getdin, getmişdin
Yanımda ola-ola mən olmayan yerlərə.

Bəstəkar

Sən mənim həyatımda xarici not kimisən,
Başqa musiqilərdə, başqa nəğmələrdədir sənin yerin.
Saralmış  ot kiminsən?
Torpağınmı? Bağbanınmı?
Səsin yetmir məni oxumağa,
Bəmi yumuşaq, nəqarəti zil mahnını,
Çığırmağa ehtiyac yox.
Bir uşaq daş atar gölməçəyə,
Nəğmənin son akkordudur o ...
Göz yaşını xatırladar
Gölməçədən gül ləçəyinə düşmüş
damlalar.
Öz başını aldadar
İnsan ...

Sən mənim həyatımda xarici  not kimisən,
Otu saraldan payız.
Notu qaraldan bəstəkar,
Yuxulumu olmusan?

Orda bir ana ağlayır

Kim xətrinə dəymiş o mələyin,
Kim onu üzüb,
 parçalayıb ürəyin?

Övladımı?

Orda bir ana ağlayır,
Bəlkə bir dərdi var.
Bəlkə canı ağrıyır,
Köməyə möhtac,
Qəlbi  ac?

Orda bir ana ağlayır
Gözümü yolda onun?
Övladı harda onun?

Orda bir ana ağlayır,
Saçı dən-dən,
Başına qarmı yağmış,
Talemi qarğamış?

Orda bir ana ağlayır
Üzündən nur,
gözündən yaş axır.
Arabir qabar olmuş əllərinə,
Taqətdən düşmüş  dizlərinə baxır,

Orda bir ana ağlayır.
Düşən hər damla
bir inci,
Üzündə dərdin naləsi,
Uzaq düşmüş sevinci,

Orda bir ana ağlayır.
Bir küncə qısılmış ana,
Gör hara atılmış ana...
Qocalar evinə ...

O ana bir vicdan aynası,
O ana hamımızın anası,
Orda...
Orda içi qan ağlayan
 Gör nə qədər ana var!

..Ağlamasın analar,
Analar ağlamasın...!

Bu dəli yağışın...
Bu dəli yağışın
Hər damlası bir öpüş.
Ovuclarımla sevişərkən ,
Nəyə lazım bu dönüş.

Dünənimdə qaldın,
Aldın keçmişimi əlimdən
İzn verməm yenidən ...

Bu dəli yağışın səsi səni
Ağrıdar,
Ağladar .
Soyunarsan ,
Dayanarsan
Damla-damla günahlarını yumağa...
Su alar səni ,
Sulanar gözlərin.
Hayqırarsan içində,
Şimşəklər çaxar...

Guruldarsan bəlkə, amma
Durulmarsan.
Hər nə qədər yağsa belə,
Hər nə qədər yusa səni ,
Sonda səni boğar yağış.

Çirkabını görə-görə...
Utanarsan mənliyindən.

Bəzi ləkələr var ki, təzələnər,
Getməz heç vaxt
Bəzi "mələklər" kimi ...

 





07.05.2015    çap et  çap et