525.Az

“Əvvəllər parlamentə gələn tərcümələr bərbad vəziyyətdə idi...”


 

“Əvvəllər parlamentə gələn tərcümələr bərbad vəziyyətdə idi...”   Müsahibimiz millət vəkili, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevadır. 

–Gövhər xanım, bildiyiniz kimi, bizdə uşaqların bəzən lap erkən yaşlarından bəzi valideynlər tərəfindən başqa dillərə yönləndirilməsi, onların ingilis va ya rus dilli uşaq bağçalarına, məktəbəqədər hazırlıq kurslarına qoyulması və sonradan əcnəbi dillərdə olan orta məktəblərə göndərilməsi hələ çoxdan dəb olub. Düzdür, müstəqilliyimizin ilk illərində bir müddət bu “dəb”ə belə demək mümkünsə, bir qədər  ara verilsə də, amma təəssüf ki,  son illər özlərini “elit” adlandıranlar tərəfindən bu məsələ yenidən  tendensiya halına gəlməkdədir. Bu baxımdan, bir filoloq, bir ziyalı, bir millət vəkili və ən əsası bir Azərbaycan vətəndaşı olaraq bu haqda nə fikirdəsiniz?  

–Bilirsiniz,  başqa-əncəbi dillər insanda fikir zənginliyi yaradır. Bir dəfə iclaslardan birində  görkəmli yazıçımız Anar bu məsələyə toxunaraq bildirdi ki,  ölkədə əhalinin bir qismi Azərbaycan dilini yaxşı bilir, sadəcə, başqa heç nə bilmir, amma digər qismi müxtəlif dillər bilir, – ilk növbədə o vaxt üçün rus dilini- amma öz ana dilini bilmir. Demək istəyirəm ki, problemin kökü də məhz elə buradan yaranır, başlayır.Xatirimdədir, uzun müddət Milli Məclisə gələn tərcümə sənədlər-yəni, beynəlxalq konvensiyalar, sazişlər, protokolların hamısı ingilis dilindən Azərbaycan dilinə tərcümə olunurdu. Biz o zaman  görürdük ki, bu tərcümələrdə nə qədər  səhvlər gedib, çox illər lazım idi – lazım oldu da – keçsin ki, o sənədlər  bizə təkmil variantlarda gəlsin. Artıq bu 5 illikdə, yəni, 4-cü çağırış Milli Məclisdə görürük ki, parlamentə gələn sənədlərin  dili tam səlis, yaxşı işlənilib, səhvlərə yol verilmir. Amma əvvəlki illərdə, xüsusən,  2000-2005-ci illərdə  tərcümələr çox dəhşət vəziyyətdə  gəlirdi. O vaxtı bu, çox böyük problem idi.  Bir ara gəncləri  Xarici İşlər Nazirliyinə, digər nazirliklərə işə götürürdülər ki, onların da əksəriyyəti  rus dilli , təhsilləri rus dilində idi. Bunların Azərbaycan dilini tam öyrənməsi, təkmil bilməsi, yazını azərbaycanca yazması, kargüzarlığı azərbaycanca aparması üçün o dövr  müəyyən səylər lazım oldu. Amma hər halda bu unikal tarixin özünün bizə bəxş etdiyi fürsətdən, yəni, Azərbaycan xalqının öz tarixində ikinci dəfə müstəqilliyini qazanmasından,  müstəqil dövlətini qurmasından  istifadə edərək  mütləq və mütləq şəkildə  öz ana dilimizi inkişaf etdirməliyik. Onun saflığını, təmizliyini qorumalıyıq və çalışmalıyıq ki, bu dil daha da inkişaf etsin. Eyni zamanda, ciddi-cəhdlə çalışmalıyıq və bu, bizim vətəndaşlıq borcumuzdur ki, uşaqlarımız ilk – orta təhsilini, təlim-tərbiyəsini öz dilimizdə alsın...

– Yeri gəlmişkən, Azərbaycan dilinin efir məkanında və mətbuatdakı mövcud vəziyyəti barədə də fikirlərinizi  bilmək istərdik...

– Azərbaycan dili Konstitusiyamızda təsbit olunmuş dövlət dili statusuna malikdir. Bu dili yaşatmaq, inkişaf etdirmək, tətbiqini təmin etmək, saflığını qorumaq dövlətin və hər bir vətəndaşın borcudur. Azərbaycan dili günümüzə qədər böyük inkişaf yolu keçib. Bu gün dilimiz bütün türk dilləri içində öz leksik və semantik tərkibinə, qrammatik strukturuna görə ən zəngini, ən inkişaf etmişidir. Eyni zamanda, müasir Azərbaycan dili türk dilləri içərisində öz təmizliyini və genetik xüsusiyyətlərini ən yaxşı qoruyub saxlamış dildir. Bu, mənim subyektiv fikrim deyil. Bütün dilçi-alimlər tərəfindən qəbul olunmuş həqiqətdir. Deyək ki, XVIII əsrin sonunadək Orta Asiyada türk dili məhz Füzulinin “Leyli və Məcnun”u vasitəsilə tədris olunurdu. Belə olan halda, dilimizin tətbiqinin məhdudlaşdırılması hətta digər türk dilləri hesabına belə, xalqımıza lazımdırmı? Eyni zamanda, türkdilli xalqların bir-birinə yaxınlaşmasında, qarşılıqlı inteqrasiya prosesində dil probleminin olduğu da həqiqətdir və bir çox elm adamlarının fikrincə, ortaq türk dili bu problemi aradan qaldırar. Söhbət yeni dil yaradılmasından getmir – bütün türk xalqları üçün ümumi ola bilən dilin seçilməsindən gedir.  Yəni, bu xalqlara hansısa yabançı, xarici dil və yaxud da “Esperanto” kimi süni düzəldilmiş dil təklif olunmur, söhbət əcdadlarımızın min illərlə danışdığı, sonrakı nəsillərə ərməğan verdiyi dilin hamı üçün anlaşılan bir formasının ümumi qəbulundan gedir. Və burada ortaq dil kimi hansı dilin seçilməsi də digərini aşağılamaq, yaxud onun dilinə sayğısızlıq kimi qiymətləndirilə bilməz. Çünki bu gün özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, Azərbaycan və sair adlarla adlandırdığımız dillərin hamısı bir kökdən, bir mənbədən gəlir.  Vaxtilə hamımızın əcdadları bu dildə danışmaqla bir-birlərini başa da düşüb, fikirlərini çatdırıblar. Biz niyə eyni köklü xalq olduğumuz halda bir-birimizi başa düşməyək, niyə bizim aramızda dil sərhədi olsun? Buna etiraz edənlər niyə düşünmürlər ki, ortaq dilin seçilməsi həm də bu dillərin hər birinin zənginləşməsinə, onlardakı yabançı sözlərin təmiz türk sözləri ilə əvəzləndirməsinə gətirib çıxara bilər.  Fikir verin, Türkiyə ilə əlaqələrimiz vaxtilə dilimizdə olmuş, sonradan isə rus dilinin təsiri ilə sıxışdırılaraq unudulmuş nə qədər təmiz türk sözünün yenidən bərpa olunmasına səbəb olub. Məsələn, müstəqillik dönəminə qədər Azərbaycan dilində “subyektiv” sözünün təmiz türkcəsini çox az adam bilirdi. İndi isə hamı “özəl”deyir. Təmiz türk sözüdür, dilin bütün qanunlarını özündə əks etdirir. Yaxud sovet dövründə “multiplikasiya” deyilən bir söz var idi, hətta dilin işlək fonduna daxil edilmişdi. Mətbuatda da, televiziyada da belə yazılırdı. Lakin sonradan Türkiyə türkcəsi vasitəsilə dilimizə qayıdan “cizgi” sözü onu birdəfəlik arxivə atdı. “Cizgi” dilə də asanlıqla yatır, tələffüzü də asandır. O cümlədən “birbaşa translyasiya” ifadəsi. İndi “canlı yayım” deyirik. Birləşmənin hər iki tərəfi təmiz türk mənşəli sözlə ifadə olunub. Bir sözlə, ortaq dil türk respublikalarının inteqrasiyasına şərait yarada biləcəyi kimi, həm də bu dillərin etnomilli əsasda təmizlənməsini, inkişafını təmin edə bilər, dil saflaşar, durulaşar. Mən bu bir neçə misalın nümunəsində Azərbaycan dilinin Türkiyə ilə əlaqələr hesabına nə qədər yabançı sözdən xilas olduğunu görürəm. Yəqin ki, eyni proses Türkiyə türkcəsində də gedib. Orta Asiyanın türkdilli respublikalarına gəlincə isə, burada türk dillərinin vəziyyəti daha acınacaqlıdır. Qazax, qırğız, türkmən dilləri rus dilinin təsirinə daha çox məruz qalıb. Onların hətta ziyalıları danışanda hər cümlədə bir neçə rus sözü işlədirlər.  Hətta, yazılı ədəbiyyatda da yeri gəldi-gəlmədi rus dilindən alınma söz və birləşmələrə rast gəlinir. Əlbəttə, ortaq dil bu dillərin təmizlənməsinə, paklaşmasına, özünə qayıdışına şərait yarada bilər. Ən başlıcası isə xalqların inteqrasiya prosesini sürətləndirər, onların arasındakı mənəvi yaxınlığı daha da dərinləşdirər.

– Dediklərinizdən aydın olur ki, siz bir alim kimi ortaq türk dili ideyasını yüksək dəyərləndirirsiniz. Lakin onu da qeyd edək ki, söhbət hələlik ideyadan gedir. Tutaq ki, sabah konkret işə keçmək lazım gəlindi. Onda siz bu dillərdən hansının ortaq dil olmasına üstünlük verərdiniz?

– Mən ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayanmasını istərdim. Ona görə yox ki, özüm azərbaycanlıyam, öz dilimi daha çox sevirəm. Mən məsələyə daha çox dilçilik aspektindən, dilin öyrənilməsi səviyyəsindən, təmizliyindən, norma və qanunları gözləməsindən, tarixi-ənənəvi keyfiyyətləri qoruması baxımından yanaşıram. Təxminən min il bundan öncə yazıya alınmış “Kitabi – Dədə Qorqud” dastanı ilə bugünkü Azərbaycan dili arasında çox az fərq var. Müasir Azərbaycan oxucusu “Dədə Qorqud”u oxuyur və asanlıqla başa düşür. Yəni, müasir Azərbaycan dili türk dilləri içərisində öz təmizliyini, genetik xüsusiyyətlərini ən yaxşı qoruyub saxlamış dildir. Digər tərəfdən, Azərbaycan dili kifayət qədər ciddi öyrənilib, dil materialı linqvistik baxımdan ətraflı tədqiq edilib. Adi bir misal deyim, Mahmud Kaşğarinin hələ XII əsrdə türk dillərində kəşf  etdiyi ahəng qanunu bu gün ən çox Azərbaycan dilində izlənilir. Bu da dilin axıcılığında, rəvanlığında özünü göstərir. Ona görə də Azərbaycan dili tez anlaşılır və başa düşülür. Dilimizin bu xüsusiyyətini nəzərə alaraq bir vaxtlar M.Y.Lermontov yazırdı ki, fransız dili Avropa üçün nədirsə, azərbaycanlıların da dili Şərq üçün həmin şeydir. Hesab edirəm ki, ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayandığı təqdirdə onun bütün türkdilli xalqlar üçün ümumişlək dilə çevrilməsi problemi olmayacaq. 

–Görünür, bu, dilçi alimlərimizin böyük sənətkarlarımızla birgə uzun müddət dilimizin saflığı uğrunda  apardıqları mübarizənin bəhrəsidir. Dilimizin ərəb-fars tərkibindən təmizlənib, dilin ən “dözümlü” hissəsi olan feillər əsasında onlarla yeni sözlər yaranıb...

– Tamamilə haqlısınız. Qaldı məsələnin ortaq türk dili müstəvisinə gətirilməsinə, mən demirəm ki, ortaq türk dili kimi Azərbaycan dili qəbul olunmalıdır, mən deyirəm ki, ortaq türk dilinin əsasında Azərbaycan dili dayansa daha yaxşı olar. Əlbəttə, həmin dilə Türkiyə türkcəsindən də, türkmən dilindən də, qazax dilindən də, qırğız dilindən də sözlər, ifadələr gələ bilər. Çünki dil daim inkişaf etməyi, zənginləşməyi sevən ictimai ünsiyyət vasitəsidir.Tutaq ki, bu gün bizim dilimizdə elə alınma sözlər işlənir ki, onların təmiz türkcəsini bilmirik. Sabah həmin söz qazax və yaxud qırğız dili vasitəsilə dilimizə qayıdıb möhkəmlənə bilər. Bunun nəyi pisdir ki? Əksinə, dilimiz zənginləşər. Ortaq dil məsələsinə gəldikdə isə yenə deyirəm, mən həmin dilin əsasında Azərbaycan dilinin dayanmasını istərdim. Bu isə o demək deyil ki, digər türk dilləri, o cümlədən Türkiyə türkcəsi inkar olunmalıdır, yox, sadəcə dilimizin qrammatik strukturu, fonetik qanunları ortaq türk dilinin əsasını təşkil etməyə optimal imkan verir.

– Gövhər xanım, yuxarıda da qeyd etdiyiniz kimi, dil ictimai ünsiyyət vasitəsidir. Bu baxımdan, inanırsınızmı ki, bu vasitə türk dünyasının inteqrasiyasında əsas rol oynayacaq? 

– Bilirsiniz, qloballaşan dünyada sərhədlər şərti mahiyyət daşımağa başlayır, ölkələr və xalqlar qovuşur. Heç kəs bu proseslərdən kənarda, təcrid olunmuş vəziyyətdə yaşaya bilmir. Görün, bu gün dünyada nə qədər birlik var. Avropa Birliyi, Ərəb Ölkələri Liqası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və sair və ilaxır. Bütün bu birliklər ümumi inteqrasiya və bundan da öncə qloballaşmanın qanunauyğunluğundan doğur. Belə bir zamanda türk respublikalarının da siyasi, iqtisadi və mədəni inteqrasiyaya can atmaları təbiidir. Əgər bu gün türk respublikaları arasında ortaq dil problemi həll olunarsa, sabah digər sahələrdəki maneələr də aradan qalxar. Bir sözlə, türkdilli respublikaların yaxınlaşması üçün əsas çoxdur və mənim fikrimcə, belə bir inteqrasiya bizim qloballaşmaya verdiyimiz ən yaxşı töhfə ola bilər.

KAMİL
 





14.09.2012    çap et  çap et